Məhkəmə qərarları › İş №2(003)-2240/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2240/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2240/2021 08.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh1 arasında 26.12.2019-cu il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 1200.95 manat əsas kredit borcu, 13.88 manat kreditdən istifadəyə görə faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, borclu Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 26.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 1 faiz olmaqla, 60 ay müddətinə 1202.91 manat məbləğində güzəştli kredit verilmişdir. Daha sonra müqavilənin təminatı üçün Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Borclu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehlər iddiaçıya borclu olduqlarını etiraf etmiş, maddi vəziyyətlərinin pis olduğu üçün borcu ödəyə bilmədiklərini bildirmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan BAKU3-8001-2407 saylı 26.12.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə Cavabdeh1 arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqinda” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmana əsasən 1202.91 manatın qalıq məbləğ 5 il müddətinə verilməsi haqqında bağlanmışdır. İşdə olan 26.12.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1nın 26.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşıması barədə kreditor qarşısında öhdəlik götürmüşdür. İşdə olan arayışdan görünür ki, Cavabdeh1nın "xxxx" MMC-yə 23.04.2021-ci il tarixə olan borcu 1200.95 manat əsas, 13.88 manat kreditdən istifadəyə görə faiz borcu təşkil edir. İş materiallarından və "xxxx" MMC tərəfindən cavabdehlərə ünvanlanmış bildirişlərin surətlərindən görünür ki, bank cavabdehləri borc barədə xəbərdar etmiş və 3 iş günü müddətində öhdəliklərini icra etmədiyi təqdirdə müqavilənin şərtlərinə uyğun olaraq kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə digər cavabdehlərin (zamin) mülki məsuliyyəti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 "xxxx" MMC ilə aralarında bağlanmış kredit müqaviləsi əsasında 1202.95 manat məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında penya ödəmək barədə öhdəlik götürmüşdür. Digər Cavabdeh2 isə zaminlik müqaviləsi əsasında Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsi üzrə onun bank qarşısında öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. Qeyd olunan maddələrə əsaslanmaqla məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan əsas, faiz məbləği cavabdehlərədən birgə qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı kredit müqaviləsinin və razılaşmaların vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh1 arasında 26.12.2019cu il tarixdə bağlanmış BAKU3-8001-2407 saylı müqavilə ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə 1200.95 manat əsas borc, 13.88 manat faiz tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat cavabdehlərdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh1 arasında 26.12.2019-cu il tarixdə bağlanmış BAKU3- 8001-2407 saylı müqavilə ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 1200.95 manat əsas borc, 13.88 manat faiz və dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 1244.83 manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar