Məhkəmə qərarları › İş №2(003)-2248/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2248/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2248/2024 05.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7,000 manat məbləğində pulun və əlavə olaraq maddi ziyan kimi 1000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2021-ci il tarixində Cavabdeh vasitəsilə torpaq sahəsi almışdır. Bir müddət sonra Cavabdeh ona zəng edərək vasitəçiliyi ilə ona satdığı torpağın sənədləşdirməsinə dair köməklik göstərə biləcəyinə dair müraciət etdi. Həmin şəxs onun vasitəçiliyi ilə aldığı torpağa “Çıxarış” sənədinin əldə edilməsi üçün pul müqabilində təşkilinin (vəkil xərcləri, müvafiq dövlət rüsumları və xidmət haqqları) dair vəd verdi. Təkliflə razılaşaraq 21,12.2022-ci il tarixində Bakı şəhəri, Nəriman Nərimanov rayonu 21 saylı notariat ofisində o, X1 7,000.00 manat məbləğində borc müqaviləsi bağladı (qoşma 1-dəki 3M-1719 N° ilə reyestrdə qeyd edilib). Kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinədək Cavabdeh ona borc kimi verdiyi məbləği ona qaytarmağa yazılı və şifahi söz verdi. xx.xx.2023-ci il tarixindən sonra işin icrası ilə bağlı heç bir addım atılmadığı və dələduzluq halı yaşandığından əsaslı şübhələri olduğu üçün ondan pulunu tələb etmiş, o isə öz növbəsində onu müxtəlif ünvanlarda yerləşən hər iki evinə dəvət edərək prosesin davam etdiyini və həll olunma ərəfəsində olduğunu bildirdi. Uzun müddət keçməsinə baxmayaraq ona olan borcunu qaytarmamışdır. 21.02.22-ci tarixində isə Cavabdeh ona notarial qaydada ödədiyi pulun ona qaytarılmayacağını açıq şəkildə ifadə edərək ödəməkdən imtina etidyini qəti şəkildə bildirdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, iddiaçı ilə aralarında həqiqətən kredit müqaviləsi bağlanmışdı. Həmin müqavilə əsasında iddiaçıdan 7000 manat pul almışdır. Müqavilənin bağlanmasına səbəb isə alarında torpaq alqı-satqısı söhbətləri olmuşdur. Sonuncudan sənədlərin hazırlanması üçün 7000 manat pul almışdır. Həmin pulu qəbul edir və pulu geri qaytaracaqdır. . Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan tərəflər arasında sadə yazılı formada bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı borc verən qismində borc alan Cavabdeh 7000 manat borc verməyi, sonuncu isə həmin borcu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, iddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 7000 manat borc verməyi, sonuncu isə həmin borcu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Sonuncu götürdüyü öhdəliyi yerinə yetirməmiş və torpaq sahəsini iddiaçıya satmamışdır. Hazırda iddiaçı 7000 manat pulun cavabdehdən alınaraq ona verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında iş üzrə iddiaçı ilə aralarında bağlanmış müqaviləyə etirazı olmadığını, lakin iddiaçıya olan borcunu tamamilə ödəyəcəyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə verdiyi krediti geri tələb etməkdə haqlıdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Buna görə də, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Ona görə ki, hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlillərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borcun iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, borcun qaytarılmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə iddianın “1000 manat məbləğində maddi ziyanın ödənilməsi”nə dair hissəsini araşdıraraq, məhkəmə hesab edir ki, iddia qeyd edilən hissələrdə əsassızdır. Məhkəmə iddia tələbinin “əldən çıxmış faydaya görə 1000,0 məbləğində maddi ziyanın cavabdehdən tutularaq ona verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı əldən çıxmış faydaya görə 1000,0 məbləğində maddi ziyanın cavabdehdən tutularaq ona verilməsinə dair iddia tələbi irəli sürmüş olsa da, dəymiş maddi ziyanın nədə ifadə olunması və nədən ibarət olması barəsində hər hansı fikir ifadə etməmiş və belə ziyanın həqiqətən ona vurulmasını məhkəmədə işin hər hansı halı ilə sübuta yetirə bilmədi. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən iddia tələbi üzrə ona əldən çıxmış faydaya görə maddi ziyanın vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddianın maddi ziyanın ödənilməsinə dair hissəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 7000,0 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7000,0 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar