Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2274/2022 18.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan 23 may 2012 cil tarixdə X4 və 11 avqust 2016 cı il tarixdə X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin, cəmi 386 manat və Bakı 2 saylı mediasiya təşkilatına ödənilmiş 50 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 22 sentyabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikalarından iki uşaqları- 23 may 2012 ci il tarixdə X4 və 11 avqust 2016 cı il tarixdə X3 doğulmuşdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsi tərəfindən cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş iki övladının onun yanında qalması, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən onun xeyrinə aliment tutulması qət edilmişdir. Qeyd etmək istəyir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 04 oktyabr 2019cu il tarixli qətnaməsinin çıxarılmasından indiyə kimi ölkədə xeyli bahalaşma olmuşdur. Bu baxımdan məhkəmə qətnaməsi ilə cavabdehdən tutulmuş hər uşağa görə 160 manat məbləğində aliment uşaqların saxlanılması üçün kifayət etmir. Ona görə də, cavabdehlə birgə nikahdan olan uşaqların maddi tələbatının təmin edilməsində çətinliklər mövcuddur. Birgə nikahdan olan uşaqlardan biri təhsil alır və təhsil xərcləri getdikcə artır. Uşaqlar böyüdükcə onun tələbatları da artdığından hazırki maliyyə vəziyyətində və iqtisadi şəraitdə onları saxlamaqda, ehtiyaclarını və təhsil xərclərini ödəmək lazımdır. Halbuki, cavabdeh də ata kimi öz vəzifələrini yerinə yetirməli və uşaqların saxlanmasında iştirak etməlidir. Hesab edir ki, bütün bunlar və Cavabdeh ilə birgə nikahdan olan uşaqların mənafeyi nəzərə alınaraq onların saxlanılması üçün məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmalıdır. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Xəzər rayon məhkəməsinin 2(003)- 1598/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 193 manat, ümumilikdə 386 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Əlavə olaraq izahatında bildirdi ki, cavabdeh diş həkimi işləyir, onun dəqiq qazancı barədə məlumatı olmasa da, bildiyinə görə yaxşı qazanc əldə edir. Özü isə məktəbə psixoloq işləyir və 405 manat məbləğində əmək haqqı alır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə mülki işə Azərbaycan Resoublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan AZ-İİİ 825120 nömrəli və AZ-İİ 912118 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, iş üzrə tərəflərin xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 uşaqları vardır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1598/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu tarixli 2(003)-2938/2019 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmçinin həmin qətnamədən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu tarixl 2(003)-2938/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-686/2018 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılması və qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya prosesini davam etdirmək mümkün olmamışdır. İddia ərizəsindən görünüdüyü kimi iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların artan tələbatlarının ödənilməsi üçün kifayət etməməsi ilə əsaslanmaqla tələb edir. İddiaçı, müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etsə də, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətində dəyişiklik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddiasını azyaşlı uşaqlara baxmaq və onların ehtiyaclarını ödəməyin çətin olması, uşaqların təhsil xərclərinin olması ilə əsaslandırmışdır. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Həmçinin, qeyd edilən qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq vəvəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Əlavə olaraq məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimumu ilə bağlı məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə və ya daha çox müəyyən edilməsi anlamına gəlmir. Yuxarıda qeyd olunan qanunvericilik normaların tələblərindən göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər və ya aliment ödəməkdən azad edə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki iş üzrə isə cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi barədə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim olunmamaqla, işin araşdırılmış halları ilə də müəyyən edilməmişdir. Uşaqların saxlanılması hər iki valideynin vəzifəsi olmasını nəzərə almaqla məhkəmə hesab edir ki, aliment ödəyicisi olan şəxsin (cavabdehin) ondan tələb olunan məbləğdə alimentin ödəməyə imkan verən maddi durumunun yaxşılaşmağa doğru dəyişiklərin olması ilə bağlı hallar müəyyən edilmədiyindən, cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin artırılması qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-1598/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2274/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2274/2022
18.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver