Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-230/2020 18.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, Cavabdeh iştirakları ilə, İddiaçı Ləğv prosesində olan Nümayəndə ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Ləğv prosesində olan Nümayəndə ASC-nin ləğvedicisi X2 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxx 2014-cü il tarixli, 266 saylı kredit öhdəliyi üzrə qalan 18526.64 manat əsas, 12658.77 manat faiz borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 2130.56 manat məbləğində (5%) borcu, 11505.06 manat cərimə borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan Nümayəndə ASC-nin xeyrinə ödənilməsi və ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, ünvan 1, mənzil 1-də yerləşən (ümumi sahəsi 48.4 kv.m, yaşayış sahəsi 23.1 kv.m, yardımçı sahə 25.3 kv.m) 1 mərtəbəli, 2 otaqlı mənzilə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan Nümayəndə ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nümayəndə X4 ilə Cavabdeh arasında bağlanmış xx xxx 2014-cü il tarixli, 266 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 27% olmaqla, 19.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh ilə həmin tarixdə 266 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, ünvan 1, mənzil 1-də yerləşən (ümumi sahəsi 48.4 kv.m, yaşayış sahəsi 23.1 kv.m, yardımçı sahə 25.3 kv.m) 1 mərtəbəli, 2 otaqlı mənzil Nümayəndə ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür.Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir.Lakin buna baxmayaraq borclu Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş 18526.64 manat əsas, 12658.77 manat fazi borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 2130.56 manat məbəğində (5%) borcu, 11505.06 manat cərimə borcu mövcuddur. İddiaçı Ləğv prosesində olan Nümayəndə ASC-nin etibarnamə əsasında nümayəndəsi X3 xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin borcun tutlması hissəsində qismən qəbul etdiyini, əsas və ona hesablanmış faiz borcunun məbləğləri ilə razı olduğunu, lakin cərimə borcunun həddindən artıq hesablandığını qeyd edərək, bu səbəbdən iddia tələbinin qismən təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş üzrə təqdim olunmuş digər sübutları yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş Nümayəndə ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 266 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 27% olmaqla, 19.000 manat məbləğində kredit vəsaiti verməyi, Cavabdeh isə həmin krediti qəbul etməyi, müqavilə ilə müəyyən edilmiş qaydada və məbləğdə borcu qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Nümayəndə» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 266 saylı ipoteka müqaviləsindən görünür ki, verilmiş kredit öhdəliyinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan ünvan 1, mənzil 1-də yerləşən (ümumi sahəsi 48.4 kv.m, yaşayış sahəsi 23.1 kv.m, yardımçı sahə 25.3 kv.m) 1 mərtəbəli, 2 otaqlı mənzil Nümayəndə ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş RX № ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 1 Nümayəndə ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Nümayəndə ASC tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 18526.64 manat əsas, 12658.77 manat fazi borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 2130.56 manat məbəğində (5%) borcu, 11505.06 manat cərimə borcu olmaqla cəmi 44821.03 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə borcun ödənilməsi hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.” Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.” Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.” Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildyi gün üçün bank faizinin uçot dairəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsinin əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Nümayəndə ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 266 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, bank üzərinə düşən öhdəlikləri tam icra etmiş, lakin borclu Cavabdeh öz üzərlərinə götürdüyü öhdəliyi lazımi qaydada və tam icra etməmiş, nəticədə banka əsas, faiz və cərimə üzrə borcu yaranmışdır. Məhkəmə iddia tələbinin əsas borc və ona hesablanmış faiz borcu hissəsində qeyd edir ki, həmin hissədə cavabdeh iddianı qəbul etdiyindən cavvabdehdən 18526.64 manat əsas, 12658.77 manat faiz borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 2130.56 manat məbləğində (5%) borc tutularaq iddiaçıya ödənilməlidirş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 463.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğuna görə iddiaçı tərəfindən 11505.06 manat məbləğində cərimə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, əsas və faiz borcun məbləğinə nisbətdə dəbbə pulu məbləğinin yüksək olduğunu nəzərə alaraq, 1000 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 316-cı maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. İpoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Göründüyü kimi, girov və ipoteka hüququ ikili xarakter daşıyır və bir tərəfdən girov saxlayanda əşya hüququ yaradır, digər tərəfdən borclunun əsas öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Girov və ipoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən “Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.” Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən “Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.” Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən “Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.” “İpoteka” Haqqında Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən “İpoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər.” Həmin Qanunun 10.1, 10.2 və 10.4-cü maddələrinə əsasən “İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.” Həmin Qanunun 11.1 və 11.2-ci maddəsinə əsasən “Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir.” Həmin Qanunun 33-cü maddəsinə əsasən “Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.” Məhkəmə hesab edir ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipoteka qoyulmuş əmlaklara yönəldilməli, həmin əmlaklar açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına kredit borcu tutularaq banka ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 18526.64 manatməbləğində əsas, 12658.77 manatməbləğində faiz, 2130.56 manat məbləğində kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan (5%) faiz borcu və 1000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 34315,97 manat məbləğində pul vəsaiti, və iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı Ləğv prosesində olan Nümayəndə ASC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1, mənzil 1-də yerləşən (ümumi sahəsi 48.4 kv.m, yaşayış sahəsi 23.1 kv.m, yardımçı sahə 25.3 kv.m) 1 mərtəbəli, 2 otaqlı mənzilə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi cavabdehdən tutularaq iddiaçı Ləğv prosesində olan Nümayəndə ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh xx xxx 2014-cü il tarixli, 266 saylı kredit müqaviləsinə əsasən 18526,64 (on səkkiz min beş yüz iyirmi altı manat altmış dörd qəpik) manat məbləğində əsas borc, 12658,77 (on iki min altı yüz əlli səkkiz manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu, kredit üzrə müddət bitəndən sonra hesablanan 2130,56 (iki min bir yüz otuz manat əlli altı qəpik) manat məbləğində faiz borcu və 1000 (bir min) manat cərimə borcu olmaqla, cəmi 34315,97 (otuz dörd min üç yüz on beş manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti və iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı Ləğv prosesində olan Nümayəndə ASC -nin xeyrinə tutulsun. Tutma Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilə (ümumi sahəsi 48.4 kv.m, yaşayış sahəsi 23.1 kv.m, yardımçı sahə 25.3 kv.m) yönəldilsin, həmin mənzil açıq hərracda satılsın və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Cavabdeh tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №2(003)-230/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-230/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver