Məhkəmə qərarları › İş №2(003)-2302/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2302/2022

15.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2302/2022 15.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Abbasova Sevinc Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh Göyçək oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Göyçək oğluna qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh Göyçək oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 dekabr 2015ci il tarixli 2(003)-4690/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını artıraraq, cavabdehdən 21 may 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 193 manat miqdarında alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı iddiaçı Mülki Prosessual Məcəllənin 53cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli 2(003)-4690/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, cavabdehdən 21 may 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 29 iyun 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 21 may 2014-cü il təvəllüdlü X6 doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli 2(003)-4690/2015 saylı qətnaməsi ilə nikahları pozulmuş, cavabdehdən uşağın saxlanması üçün hər ay 108 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Hazırda övladları böyüyüb, uşağın xərclərini ödəməyə maddi imkanı çatmır. Qeyd olunanlara əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli 2(003)-4690/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, cavabdehdən 21 may 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Göyçək oğlu məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, 108 manatdan artıq aliment ödəməyə maddi imkanı yoxdur. Belə ki, 700 manat maaş alır, ikinci dəfə ailə həyatı qurmuş və bu nikahdan da övladı vardır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, İddiaçı ilə Cavabdeh Göyçək oğlu xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, bu nikahdan bir uşaqları –21 may 2014-cü il təvəllüdlü X6 doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli 2(003)-4690/2015 saylı qətnaməsi ilə Cavabdeh Göyçək oğlu ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, Cavabdeh Göyçək oğlundan 21 may 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 108 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh Göyçək oğlunun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli 2(003)-4690/2015 №-li qətnaməsinə əsasən iddiaçıya ödənilən aliment yetkinlik yaşına çatmayan uşağın, 21 may 2014-cü il təvəllüdlü X1 üçün onun minimum xərclərini ödəmir. İş materiallarından görünür ki, Cavabdeh Göyçək oğlu X2 aliment tələbi üzrə ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. İşin məhkəmə iclasında tədqiq olunan hallarından məlum olur ki, iddiaçı cavabdehlə birgə nikahından olan uşağın saxlanması üçün cavabdehlə aralarında razılıq olmadığından sonuncudan hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutulmasını tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddia tələbindən görünür ki, cavabdehdən 21 may 2014-cü il təvəllüdlü X1 üçün hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulması məhkəmədən xahiş olunmuş və cavabdeh tərəfindən ödənilən aliment məbləğinin uşağın minimum xərclərinə kifayət etmədiyi öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, qanununvericiliyin yuxarıda qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını, maddi və ailə vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, 21 may 2014-cü il təvəllüdlü X1 üçün hər ay Cavabdeh Göyçək oğlunun qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qətetdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli 2(003)- 4690/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilsin və Cavabdeh Göyçək oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq İddiaçı xeyrinə 21 may 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh Göyçək oğlunun qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: İlqar Qaralov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar