Məhkəmə qərarları › İş №2(003)-2312/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2312/2022

23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2312/2022 23.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4483,25 manat əsas, 56,83 manat faiz borcu və 343,53 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, İddiaçı ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mayılov Şəmsəddin Hacı oğlu xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 4553,81 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixədək Mayılov Şəmsəddin Hacı oğlunun banka 4483,25 manat əsas, 56,83 manat faiz borcu və 343,53 manat cərimə borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan kreditor İddiaçı ASC ilə borcalan Mayılov Şəmsəddin Hacı oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 22-M-1-0-129-14 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında bank tərəfindən cavabdehə illik 1 faiz ödəmək şərtilə 5 il müddətinə 4553,81 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Mayılov Şəmsəddin Hacı oğlu kredit müqaviləsi üzrə öhdəliyi xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək, 1-ci ili hər ay 3,79 manat, digər aylarda hər ay 96,82 manat ödəniş etməklə yerinə yetirməsi barədə üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan kreditor İddiaçı ASC ilə borcalan Mayılov Şəmsəddin Hacı oğlu və zamin Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh, borcalan Mayılov Şəmsəddin Hacı oğlunun xx.xx.2019-cu il tarixli 22-M-1-0-129-14 nömrəli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərinin yerinə yetirilməsi üçün iddiaçı qarşısında tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyət götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə cavabdehin 4483,25 manat əsas, 56,83 manat faiz borcu və 343,53 manat cərimə borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə yaranmış borcun 5 gün müddətində ödənilməsi tələb olunmuş, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmiş, eyni zamanda bağlanmış kredit müqaviləsinin vaxtından əvvəl xitam verilməsi təklif edilmişdir. İş materiallarında olan ********* nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 67,12 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin araşdırılmış hallarından görünür ki, borcalan Mayılov Şəmsəddin Hacı oğluna iddiaçı ilə bağladığı kredit müqaviləsi əsasında illik 1 faiz ödəmək şərtilə 5 il müddətinə 4553,81 manat məbləğində kredit verilmiş, zamin Cavabdeh isə borcalan həmin öhdəliklərin yerinə yetirilməsi üçün tam məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəllənin 739.1 və 739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı qarşısında zamin kimi borcalanın öhdəliklərin yerinə yetirilməsi üçün tam məsuliyyəti öz üzərinə götürdüyündən, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər tələb olunan məbləğlərdə borcun yaranmasını təsdiq etdiyindən məhkəmə hesab edir ki, iddia tələbi 4483,25 manat əsas və 56,83 manat faiz borcunun tutulması hissəsində tam təmin edilməli, cərimə pulunun hissəsində isə tənasübsüz surətdə yüksək olduğundan azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 4483,25 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 343,53 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 50 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı ASC ilə borcalan Mayılov Şəmsəddin Hacı oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 22-M-1-0-129-14 nömrəli kredit müqaviləsi ləğv edilməldir. Belə ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdehlərə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehlərdən cavab almadığından, iddiaçı kredit müqaviləsinin və razılaşmaların vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC ilə borcalan Mayılov Şəmsəddin Hacı oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 22-M-1- 0-129-14 nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 4483,25 manat əsas, 56,83 manat faiz, 50 manat cərimə, cəmi 4590,08 manat məbləğində borc alınaraq İddiaçı ASCyə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manat tələb olunduğundan həmin məbləğində pul Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin qismən edilsin. İddiaçı ASC ilə borcalan Mayılov Şəmsəddin Hacı oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 22-M-1-0-129-14 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 4483,25 manat əsas, 56,83 manat faiz, 50 manat cərimə, cəmi 4590,08 manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 30 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar