Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2342/2020 25.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtixyar Zeynal oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 70000 manat vəsaitin müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, Cavabdeh2 və sonuncunun oğlu Cavabdeh3 əlbir olaraq ona məxsus və faktiki istifadəsində olan Mərdəkan qəsəbəsindəki 0,12 ha torpaq sahəsini dublikat çıxarış əldə etməklə, 9 saylı notariat kontorunda çıxarışın əsli onda olduğu halda, itirilməsi barədə saxta ərizə yazmaqla, bu hal araşdırılmadan, qanunsuz dublikat çıxarış əldə etməklə alqı-satqı edərək satıb, 70000 manat pulunu mənimsəmişlər. Həmin torpaq sahəsi 2005-ci ildən onun faktiki istifadəsində olub, ərazini min bir zülmlə hasarlamış və öz evindən dəmir qapını aprıb həmin torpaq sahəsinə qoymuşdur. Əkdiyi ağacları bu illər ərzində özü və ustalar əllə su daşıyaraq sulamışlar. Cavabdehlər isə heç ərazinin ünvanını belə bilməyiblər. Onunla görüşərək, çoxsaylı şahidlərin yanında ona iltizam yazaraq, bildirirlər ki, elə bil hər birinə 30000 manat borc pul vermişdir, tezliklə qaytaracaqlarına and aman etmişlər. Bu günə qədər yüz dəfələrlə 30000 manat Cavabdeh1, 30000 manat Cavabdeh2 iltizam üzrə ona borclu olduqlarını yazılı surətdə də, etiraf ediblər və iltizam yazaraq şahidlərin iştirakı ilə də imzalamışlar. Torpağının 70000 manatını isə mənimsədiklərini bildirməklə və pulu tezliklə ona qaytarmalarına söz versələr də, müxtəlif bəhanələrlə, bu gün, sabah deyə-deyə uzadırlar, borcu qaytarmaqdan yayınırlar. 3-cü Cavabdeh3 dələduzluq, maddə 178 ilə təzəliklə, bir ay əvvəl şərti cəza ilə buraxılmışdır. O da zəng edərək, pulu tezliklə qaytaracaqlarına söz verir, lakin əməl etmir. Bütün danışıqların səs yazılı disketi bu iddiaya əlavə edilərək, sübutlar sırasına əlavə edilməsi üçün məhkəməyə təqdim edilir. Bu torpaq sahəsi 70000 AZN məbləğə satılıb. Cavabdeh Səfa özü də ona 30000 manat satışdan qazandığını bildirir. Daha sonra iddiaçı Cavabdeh3 münasibətdə iddia tələbindən imtina etdiyini və buna görə də onun barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə hazırki mülki iş üzrə Cavabdeh3 aid hissədə iş üzrə icraata xitam verilmişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 30 000 manat, Cavabdeh2 30 000 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ona məxsus 12 sot torpaq sahəsi olmuşdur. Cavabdehlər Həmin torpaq sahəsini satdıqlarına görə ona ümumilikdə 70000 manat məbləğində pul verəcələklərinə dair söz vermişlər və bu barədə iltizam da imzalamışlar. Onlara dəfələrlə məhkəmədən kənar pulun verilməsini tələb etməyinə baxmayaraq ona həmin pul məbləğini qaytarmadıqlarına görə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 qardaşı ilə iş birliyi və dostluq münasibətləri olmuşdur. O da Səfaya inanaraq torpaq sahəsini onun adına almış, torpağı o almış, sadəcə qardaşının dostu olduğundan sənədləşdirilmə işləri Cavabdeh1 adına aparılmışdır. Torpaq sahəsinə dair çıxarış da hər zaman onda olmuşdur. Lakin bir müddətdən sonra bilmişdir ki, Cavabdeh1 torpaq sahəsinə dair çıxarışın dublikatını çıxarmış və sonra da satmışdır. Bu barədə o biləndən sonra iş üzrə cavabdehlər etiraf etmişlər ki, ona məxsus torpaq sahəsini 70000 manata satmışlar. Bu barədə məhkəməyə təqdim etdiyim CD disklərdə də onların etirafları əks olunmuşdur. Cavabdehlər ona torpaq sahəsinin satılmasında əldə etdikləri pul məbləğlərini qaytaracaqlarına söz versələr də onu aldatmışlar. Həmçinin bildirmişdir ki, torpaq sahəsini Bələdiyyədən alınmış, bunun üçün 1200 ABŞ dolları məbləğində pulu Səfanın vasitəsilə vermişdir. Cavabdeh2 Səfanın vasitəsilə tanımış, Rəşid ona bildirmişdir ki, Səfa ilə birlikdə torpaq sahəsini satmışlar və buna görə də ona iltizam yazıb vermişlər. CD diskdə olan görüntülərin qeydiyyatın aparılması zamanı cavabdehlərin xəbəri olmamışdır. Onu da qeyd etmişdir ki, iş üzrə cavabdehlərə pul verməmiş, cavabdehlərdən, ona məxsus torpaq sahəsinin onlar tərəfindən satılmasında əldə edilmiş pul məbləğini tələb edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, iddiaçı ilə Cavabdeh1 qonşudur və yaxın münasibətləri olmuşdur. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 12 sot torpaq sahəsi almış və həmin torpaq sahəsində hasar çəkilməsi və sairə işlər üçün 10000 manat məbləğində pul xərcəlmişdir. Torpaq sahəsinə dair çıxarış Cavabdeh1 adına verilmiş, lakin çıxarış hər zaman iddiaçıda olmuşdur. Bir müddətdən sonra Cavabdeh1 həmin çıxarışın dublikatı çıxarmış və sonra satmışdır. Torpaq sahəsinin satılmasında iş üzrə Cavabdeh2də əlaqəsi olmuşdur. Bu barədə cavabdehin məlumatı olanda o, hüquq-mühafizə orqanı müraciət etmiş, lakin müraciətinin arxası ilə getməmişdir. Daha sonra tərəflər arasında sülh yolu ilə mübahisənin həll edilməsi üçün danışıqlar olmuş və iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya 30000 manat məbləğində pulun verilməsi barədə iltizam imzalamışlar. İş üzrə Cavabdeh1 həmin iltizamda iddiaçıya məxsus torpaq sahəsinin onun adına sənədləşdirib və tərəfindən satıldığına görə 30000 manat məbləğində borcun iddiaçıya qaytarması barədə öhdəlik götürmüşdür. Cavabdeh2 isə iltizamda iddiaçıdan 30000 manat məbləğində borca pul aldığını və həmin pulun qaytaracağını bildirmişdir. Belə olan halda deməli borc məbləği mövcuddur və həmin borcu da Cavabdeh2 verməlidir. Hal-hazıradək cavabdehlər pul məbləğini qaytarmadıqlarına görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi və vəkili X1 iddia tələbini etiraf etməyərək, onun rədd olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, Cavabdeh2 iddiaçıdan borca pul almamış, sadəcə Cavabdeh1 xahişi əsasında iltizam yazmışdır. Buna görə də onun tərəfindən yazılmış iltizam özlüyündə heç bir əhəmiyyət kəsb etmir. Belə ki, iddiaçı ilə Səfanın arasında hansısa bir məsələ olmuş və Cavabdeh1 Cavabdeh2 bildirmişdir ki, o iltizam versin, özü isə Vahidlə aralarında olan mübahisəni yoluna qoyacaqdır. Belə ki, Səfa ilə Vahid arasında halallıq söhbəti olmuş, Rəşid də Səfa ilə yaxın dost olduğundan iltizamı yazmışdır. İddiadan da, məhkəmə iclasında verilmiş izahatlardan da aydın göünür ki, Rəşidə hət hansı məbləğdə pul verilməmişdir. Ona görə də hesab edir ki, iddia tələbi əsassızdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini etiraf etməyərək, onun rədd olunmasını xahiş etdi və izahatında bildirmişdir ki, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsi ona məxsus olmuş və torpaq sahəsinə dair çıxarış da onun adına verilmişdir. Öz istəyi ilə də torpaq sahəsini satmışdır. Belə ki, ürəyində cərrahiyə əməliyyatı aparılması üçün pul lazım olduğundan satmış və xərcləmişdir. Həmçinin bildirmişdir ki, torpaq sahəsini o Bələdiyyədən almışdır. İltizamı o yazmış, iddiaçı ilə aralarında olan söhbətə görə iltizamı imzalamış və halallıq üçün iddiaçıya 30000 manat məbləğində pul verəcəyini bildirmişdir. İddiaçının qardaşı ilə dost olmuş, iddiaçıdan pul almamış və iddiaçıya borcu yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və işi araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0.12 ha olan torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1dur. İş materiallarında olan Cavabdeh2 tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli iltizamdan görünür ki, onun tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı 30 000 manat borc pul alması barədə və həmin borcu xx.xx.2019-cu il tarixədək qaytarmasına dair öhdəlik götürməsi barədə, əks halda pulun alınması ilə bağlı məhkəməyə müraciət etmək yolu ilə pul ondan alınacağı barədə iltizam yazılmışdır. İş materiallarında olan Cavabdeh1 tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli iltizamdan görünür ki, o, İddiaçı məxsus torpaq sahəsini onun adına rəsmiləşdirilməklə tərəfindən 30 000 manat satıldığı görə həmin pul məbləğində borcun İddiaçı qaytaracağı barədə öhdəlik götürməsinə dair iltizam vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəməyə qeyd edir ki, tərəflər arasında mübahisə torpaq sahəsinin cavabdehlər tərəfindən satılmasına görə əldə edilmiş pul məbləğlərinin iddiaçıya verilməməsi nəticəsində cavabdehlər tərəfindən yazılmış iltizamlar əsası ilə borc məbləğlərinin geri qaytarılması tələb olunur. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı Cavabdeh1, eləcə də Cavabdeh2 özünə məxsus torpaq sahəsinin tərəflərindən satılmasını əsas gətirməklə iddia tələbində qeyd edilən məbləğlərdə pul tələb etsə də, işin bu halını təsdiq edəcək hər hansı bir sübut mövcud deyil. İşin araşdırılmış və iş materialları ilə təsdiqini tapan halları ilə müəyyən edilir ki, Cavabdeh1 sözügedən daşınmaz əmlakı mülkiyyət hüququ öz adına dövlət reyestrindən qeydiyyatdan keçirmişdir. Hazırda isə tərəflərin izahatlarına əsasən tərəflərin mübahisələndirilmədiyi halla müəyyən edilir ki, həmin daşınmaz əmlak onun tərəfindən özgəninkiləşdirilmişdir. Eyni zamanda, iddiaçı Cavabdeh2 həmin torpaq sahəsinin satılması ilə bağlı, onun tərəfindan yazılmış iltizama istinad etməklə pul tələb etmişdir. Bununla bağlı da məhkəmə qeyd edir ki, iddaçının iddia ərizəsindən və iş üzrə veridiyi izahatlardan müəyyən edildiyi kimi, onun tərəfindən Cavabdeh2 pul şəklində hər hansı bir məbləğ verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehlər arasında göstərilən məbləğdə və iddiadakı əsaslarla pul tələbinə dair hüquqi əsas mövcud olmadığından hazırki tələb təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin Həmin Məcəllənin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmə, iddiaçı tərəfindən təqdim olunmuş CD disklərdə olan səs və ya video yazıları ilə bağlı bildirir ki, həmin sübutlar qanuna müvafiq qaydada əldə edilmədiyindən sübut kimi qiymətləndirilməsi mümkün deyil. Belə ki, həmin səs və ya video yazılarının qeydiyyatı zamanı cavabdehlər xəbərdar olunmamış və bu barədə onların məlumatı olmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respubplikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2342/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2342/2020
25.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver