Məhkəmə qərarları › İş №2(003)-2346/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2346/2022

27.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2346/2022 27.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 270000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər ondan aldıqları 160.000 (bir yüz altmış min) ABŞ dollarını (270.000 (iki yüz yetmiş min) manatı) vermədikləri üçün o, Bakı şəhər Baş Polis İdarəsinə şikayət etmişdir. Araşdırma zamanı o, aşağıdakıları bildirmişdir ki, o, Cavabdeh1 2005-ci ildən tanıyır. 2005-ci ilin yanvar ayında o, X3 Məkkə şəhərinə müqəddəs həcc ziyarətinə gedərkən tanış olmuş, həmin vaxtdan da Samirlə dostluq münasibəti olmuş, heç bir qərəzçilik və ədavəti olmamışdır. Samirin atası Əli ilə birlikdə Sədərək Ticarət Mərkəzində yerləşən özlərinə məxsus olan iki mağazada santexnika mallarının ticarəti ilə məşğuldurlar. Həcc ziyarətindən qayıtdıqdan sonra o, Samirə demişdir ki, Sədərək Ticarət Mərkəzində mağaza alıb ticarətlə məşğul olmaq istəyir. Samir ona bildirib ki, heç bir problem yoxdur, lap istəyirsən gəl birlikdə işləyək. O, ətraflı maraqlandıqda Samir ona bildirmişdir ki, o, pul verərək onun ticari dövriyyəsinə sərmayə yatıracaq, Samir isə müəyyən müddət ərzində ticari dövriyyəni artıraraq ona verdiyi mayaya uyğun olaraq əlavə gəlir verəcək, ümumi ticari dövriyyədən əldə olunmuş gəliri ikisi arasında yarıbayarı böləcək, Samirə verdiyi kök pul elə ticari dövriyyədə qalacaq, həmin kök pulu ona sonda qaytaracaq. O, bir müddət Samirin təklifi barədə düşünmüşdür. Təxminən 2011-ci ildə o, Samirlə təklikdə söhbətləşərək qərara gəlmişdir ki, imkanı çatdığı məbləğdə pul versin, Samirlə həmin pulu ticari dövriyyəyə yatırsın. Belə ki, sövdələşməyə əsasən o, ilkin olaraq həmin vaxt əlində olan və özünə məxsus 50.000 (əlli min) ABŞ dolları pulu Samirə verib, Samir isə həmin pulu öz ticari dövriyyəsinə yatıraraq Çin Xalq Respublikasından santexnika materiallarını ucuz qiymətə alaraq Azərbaycan Respublikasının ərazisinə gətirərək nisbətən baha qiymətə satacaq, 3 (üç) il ərzində ticari dövriyyədən əldə etdiyi gəlir əsasında ona hər ay orta hesabla gəlir qismində 1.000 (min) ABŞ dolları pul verəcəkdi. Sədərək Ticarət Mərkəzində Samirə məxsus mağazada bu məzmunda danışaraq razılaşmışlar. Həmin an ətrafda heç kim olmamışdır. Samir bu məqsədlə 17 dekabr 2011-ci il tarixdə təxminən saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, döngə 2, Hövsan südçülük sovxozu, ev 9-da, yəni Samirin yaşadığı ünvanda oğlu Mirdadaş Əsgərzadə və Samirin atası Əlinin şahidliyi ilə Samirə özünə məxsus olan 50.000 (əlli min) ABŞ dolları pulu vermişdir. Samir ondan pulu alarkən bir daha bildirmişdir ki, həmin pulu ticari dövriyyəyə yatıraraq Çin Xalq Respublikasından ölkə ərazisinə ucuz qiymətə santexnika malları alıb gətirərək nisbətən baha qiyməyə sataraq gəlir əldə edəcək, 3 (üç) il ərzində orta hesabla hər ay ona 1.000 (min) ABŞ dolları xeyir verəcək. Danışığı bitirdikdən sonra ayrılmışlar. Həmin vaxtdan başlayaraq Samir 3 (üç) il ərzində, yəni 2015-ci ilin yanvar ayınadək otuz altı ay ərzində Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda təklikdə hər ay 1.000 (bir min) ABŞ dolları, ümumilikdə isə 36.000 (otuz altı min) ABŞ dolları pulu gəlir qismində ona vermişdir. O, Samirin hansı növ və çeşid santexnika mallarını Çin Xalq Respublikasından ölkə ərazisinə gətirilməsini özü öz şahidliyi ilə görməmiş, Samir sadəcə üzbəüz danışarkən ona demişdir ki, guya o müxtəlif növ santexnika mallarını Çindən ucuz qiymətə alaraq ölkə ərazisinə gətirir. Bir müddət sonra o, bir neçə dəfə Samirə təklif etmişdir ki, onsuz da işsizdir, onun ticari dövriyyəsinə pul yatırmışdır, onun mağazasında onunla birlikdə işləyir, ticari dövriyənin gedişatını müşahidə edərək nəzarətdə saxlasın. Samir hər dəfə onun bu təklifini rədd etmiş, müxtəlif bəhanələr gətirərək bildirmişdir ki, sən xəstəsən, səhhətinlə bağlı işləyə bilməzsən. Samir bu qaydada var gücü ilə çalışmışdır ki, o, mağazasına gəlməsin və ticari dövriyənin gedişatından tam məlumatsız olsun. Samir ticari dövriyənin gedişatının detalları barədə ona ümumiyyətlə heç bir məlumat verməmiş, yalnız ümumi sözlərlə demişdir ki, işlər yaxşıdır, qaydasındadır. Təxminən 2012-ci ilin aprel ayının əvvəllərində Samirlə təklikdə söhbətləşərkən ona demişdir ki, oğlu Mirdadaş üçün Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən binada 105 kvadrat metr sahəyə malik içərisi təmirsiz mənzil almışdır. Samir ona təklif etmişdir ki, o, həmin evi sataraq pulu ticari dövriyəyə sərmayə qisminda yatırmış, ticari dövriyyə genişlənərək artsın və birlikdə artıq gəlir əldə etsinlər. O, Samirin təklifinə bir qədər tərəddüd etmiş, lakin Samir onun mənzilinin satışından əldə olunaraq ticari dövriyəyə yatırılmış pulu sonradan ona qaytarılmasına söz vermişdir. O, Samirə inanmış və Samirlə razılaşmışdır. Bir neçə gün sonra Samirin atası Əli də onunla görüşərək demişdir ki, narahat olma, evi satıb pulunu ver Samirə, biz ticari dövriyəni artıraq, hər şey yaxşı olacaq. O, həmin mənzili 90000 (doxsan min) ABŞ dollarına satışa çıxarmağına baxmayaraq mənzili həmin qiymətə alan real alıcı olmamış, mənzilə yalnız 80.000 (səksən min) ABŞ dolları alış qiyməti təklif edilmişdir. O, Əli ilə mobil telefon vasitəsi ilə bu barədə danışdıqda Əli ona demişdir ki, narahat olma, mənzili 10.000 (on min) ABŞ dolları ucuz qiymətə, yəni 80.000 (səksən min) ABŞ dollarına sat, həmin 10000 ABŞ dolları ziyanın yarısı onun payına düşsün, yarısını isə, yəni 5000 (beş min) ABŞ dollarını Samir qaytaracaq. O, bütün bunlardan sonra Samirlə Əliyə tam inanmış və qısa müddət ərzində mənzili dəqiq olaraq xatırlamadığı tarixdə 80.000 (səksən min) ABŞ dollarına satmışdır. O, bu məqsədlə 11 aprel 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 26, mənzil 26-da həyat yoldaşı X8, qızı Aysel Mirəsgərova, oğlu Mirdadaşın şahidliyi ilə 50.000 (əlli min) ABŞ dolları, 25.000 (iyirmi beş min) manat, ümumilikdə 80.000 (səksən min) ABŞ dolları pulu Əliyə vermişdir. Həmin vaxt Əli adını bilmədiyi qardaşı ilə birlikdə onun evinə gəlmişdir. Əli həmin pulları qardaşına verərək demişdir ki, say, Əlinin qardaşı pulları sayaraq 80.000 (səksən min) ABŞ dolları olmasını bildirib yenidən Əliyə qaytardı. Əli demişdir ki, həmin pulları gün ərzində Çin Xalq Respublikasında olan oğlu Samirə göndərəcək, Samir həmin pulları santexnika mallarının ticari dövriyyəsinə sərf edəcək, nəticədə ticari dövriyə genişlənəcək və onlar daha çox gəlir əldə edəcək. Əli öz mobil telefonundan Samirə zəng etmiş, Samir bir neçə dəqiqə ərzində mobil telefonda onunla danışaraq demişdir ki, narahat olma, pulu atama ver, atam həmin pulları mənə çatdıracaq və o, həmin pulların hamısını ticari dövriyəyə yatıracaq. Bundan sonra Əli qardaşı ilə birlikdə onlardan ayrılmışdır. O, həmin tarixdə X19 Respublikasında olub-olmamasını dəqiq bilmir. Bir müddət sonra Samir ona dəqiq olaraq xatırlamadığı tarixlərdə 20.000 (iyirmi min), 15000 (on beş min), 9.000 (doqquz min) ABŞ dolları pulları təklikdə Bakı şəhəri ərazisində müxtəlif yerlərdə gəlir qismində vermişdir. Samir ümumilikdə ona 80.000 (səksən min) ABŞ dolları pulu gəlir qismində vermişdir. Samir bir dəfə xatırlamadığı tarixdə ona 20.000 (iyirmi min) ABŞ dolları pulu gəlir qismində verərkən demişdir ki, istəyirsən həmin pulu ondan almayım, bu pulu da qaytarım ona, həmin pulu dövriyəyə əlavə etsin. O, Samirlə razılaşaraq həmin 20.000 (iyirmi min) ABŞ dolları pulu ona vermişdir. Bir müddət keçdikdən sonra Samir ona pul verməkdən imtina etmiş, ondan pullarını istədikdə müxtəlif bəhanələr gətirərək demişdir ki, ABŞ dollarının manata olan nisbəti bahalaşdığından ziyan etmiş, lakin onun pulunu qaytaracaq. O, dəfələrlə Samirlə və atası Əli ilə bu barədə söhbət etmiş, Əliyə demişdir ki, digər oğlun üçün yeni ev almısan və özünə yeni mağaza almısan, mənim pulumu qaytarın. Əli isə ona hədə-qorxu gələrək müxtəlif misallar çəkir, guya bir nəfər borclu pulu verdiyi adamdan pulunu tələb etdikdə onun övladını öldürüblər. O, Samirlə Əlinin onu aldadaraq külli miqdarda pulunu ələ keçirmələrinə əmin olmuş va buna görə də bu barədə şikayət etmişdir. Araşdırma zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyd etdiklərini qəbul etmişdir. Lakin, tərəflər qeyd ediblər ki, iddiaçının onlara verdiyi pulların məqsədi yalnız gələcəkdə gəlirdən əldə etdikləri hər ay 1.000 ABŞ dolları verməklə ödənməlidir. Əfsuslar olsun ki, istintaqda cavabdehlərin verdikləri bu cür izahatlarına müsbət yanaşmış və bu halı araşdırmamışdır. Belə ki, bir daha bildirir ki, o, öz əlində olan pulu və uşağı üçün aldığı evin pulunu cavabdehlərə verməkdə məqsədi pulun kökü saxlanmaqla həmin puldan gələn gəlirdən ona hər ay təxminən 1.000 ABŞ dolları civarında qaytarılması razılığına gəlmişlər. Məhz həmin puldan gələn qazanc kimi 1.000 ABŞ doları puldan təxminən 2014-cü ilə qədər hər ay ona verilmişdir. Lakin, öz əli ilə tərəflərə verdiyi 270.000 manat puldan 1 manat da ona geri qaytarılmamışdır. Onun da tələbi məhz həmin pulun ona geriyə qaytarılmasıdır. Yuxarıda cavabdehlərin qeyd etdikləri kimi, onun həmin pulları verməkdə məqsədi yalnız verdiyi pulların gələn gəlirlə əvəzlənməsi ağlabatan və inandırıcı deyildir. Məhz bu hissəyə məntiqli hüquqi qiymət verilməlidir. Cavabdehlərin bu hala olan izahatları bir daha onların iddiaçının əmlakının dolayı yolla mənimsəmələrini sübut edir. Ona görə də, cavabdehlərin onu özlərinə inandırmaqla əmlakına (puluna) yiyələnmələrinə hüquqi qiymət verib, pulu özünə qaytarılmalıdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehlər iddiaçının onlara inamından və etibarından istifadə edərək aldatma yolu ilə ona mənzilini də satdıraraq öz bizneslərinə qoymaqla varlanmış və nəticədə razılaşdıqları kimi 160000 ABŞ dollarını ona qaytarmadıqlarından 2 dəfə infakt keçirmiş və bir neçə dəfə xəstəxanada yatmışdır. Həmin xəstəlik vərəqələrini ərizəyə əlavə edir. Bu əsasa görə də cavabdehlərdən mənəvi zərər olaraq 160000 (yüz altmış min) ABŞ dolları məbləğində pul tələb edir. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əli ilə verdiyi 160000 ABŞ dolları pulun və mənəvi zərər kimi əlavə 160000 ABŞ dolları olmaqla, cəmi 320000 ABŞ dolları pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmənin əvvəlki iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, izahatına əlavə olaraq bildirmişdir ki, o, iş qurmaq üçün cavabdehə müxtəlif vaxtlarda olmaqla 160000 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh ona 80000 ABŞ dolları məbləğində pulu onların əvvəlcədən razılaşdıqları kimi, yəni işdən gəlir kimi əldə edəcəkləri puldan gəlir olaraq vermişdir. O, 80000 ABŞ dolları məbləğində pulu Cavabdeh1 və 80000 ABŞ dolları məbləğində pulu isə Cavabdeh2 vermişdir. Həmçinin bildirmişdir ki, onunla cavabdehlər arasında pulun verilib alınmasına dair heç bir sənədləşmə olmayıb və onlar öz aralarında hansısa sənədə imza etməyiblər. Onların arasında inam, etibar olduğundan bu cür sənədləşdirməyə ehtiyac olmayıb. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili X13 məhkəmənin əvvəlki iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı cavabdehə 2011-ci ildə 50000 ABŞ dolları və 2012-ci ildə 80000 ABŞ dolları olmaqla, cəmi 130000 ABŞ dolları məbləğində borc pul vermişdir. Onlar arasında hər hansı iş birliyi olmamışdır. Həmin pulu iddiaçı cavabdehə borc kimi vermiş, həmin borca görə cavabdeh iddiaçıya faiz ödəmişdir. Hər ay cavabdeh iddiaçıya 1000 ABŞ dolları məbləğində faiz borcu qaytarıb. Ümumilikdə cavabdeh 2017-ci ilin iyun ayınadək iddiaçıya 161000 ABŞ dolları və 18000 manat məbləğində pulu qaytarıb. Həmin pulun 35000 ABŞ dollarını Cavabdeh2, qalan borcu isə Cavabdeh1 iddiaçıya vermişdir. Cavabdehin hazırda iddiaçıya borcu yoxdur, həmin pulu tam olaraq iddiaçıya qaytarıb. Həmçinin məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edərək hazırki iddia tələbi üzrə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, və oğlu iddiaçını uzun müddətdir ki, tanıyır. İddiaçı onlara 2011-ci ildə 50000 ABŞ dolları və 2012-ci ildə 80000 ABŞ dolları olmaqla, cəmi 130000 ABŞ dolları məbləğində borc pul vermişdir. Lakin həmin vaxt onlar bunu rəsmiləşdirməmiş, öz aralarında şifahi olaraq razılığa gəlmişlər. Onlar sonuncu dəfə 2020-ci ilin mart ayında 300 manat məbləğində pulu iddiaçıya vermişlər. Onun hal-hazırda iddiaçıya borcu yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 (iddiaçı tərəfindən dəvət olunmuş) ifadəsində bildirmişdir ki, iddiaçı onun qaynatasıdır. 2015-ci ildən qohumluq əlaqələri yaranmışdır. Onun eşitdiyinə görə Cavabdeh2 və onun oğlu Cavabdeh1 onun qaynatası İddiaçı 100000 ABŞ dollarından çox borcu var, Cavabdeh2 oğlu Cavabdeh1 həmin pulu almaqda məqsədi onların birlikdə iş görəcəkləri olub. İddiaçı onu dəfələrlə Cavabdeh1 məxsus Lökbatan qəsəbəsində yerləşən “Seyidoğlu” mağazasına göndərmiş və o, oradan santexnika malları götürmüşdür. 2020-ci ilin mart ayında iddiaçı ilə cavabdehin mağazasına gedib təxminən 300 manat məbləğində pul götürüblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 (iddiaçı tərəfindən dəvət olunmuş) ifadəsində bildirmişdir ki, iddiaçı onun atasıdır. O, Cavabdeh1 2011-ci ildən tanıyır. Atası cavabdehə 2 dəfə pul verib. 1-ci dəfə 2011-ci ildə 50000 ABŞ dolları pulu cavabdehə onun yanında iş qurmaq üçün verib. 2012-ci ildə isə cavabdeh Əli onların evinə gəlmiş, atası Mirəsgər ona ailə üzvlərinin yanında 80000 ABŞ dolları pulu Çindən mal almaq üçün cavabdehə vermişdir. 2015-ci ildə o, Samirin yanında, yəni Sədərəkdə yerləşən Cavabdeh1 məxsus “Seyidoğlu” mağazasında 2 ay fəhlə kimi işləmişdir. Həmin müddətdə Cavabdeh1 məxsus “Seyidoğlu” mağazasında yaxşı alverin olduğunun şahidi olmuşdur. Cavabdeh1 dəfələrlə onun yanında demişdir ki, o, İddiaçıla şərikdir, onun verdiyi pulun nəticəsində onun ticarət dövriyyəsi artmışdır. Samir və atası Əli İddiaçı hər ay gəlirdən 1000 ABŞ dolları məbləğində pul verirdilər. Ən son 2020-ci ildə cavabdehlər onun atasına 300-300 manat olmaqla, cəmi 600 manat pul vermişlər. Atasının cavabdehlərə pul verməkdə məqsədi o olub ki, onlar birlikdə iş qursunlar və həmin işin nəticəsində gəlir əldə etsinlər, sonda isə atasının verdiyi əsas pulu cavabdehlər onun atasına qaytarsın. Cavabdehlərin cəmi nə qədər pul qaytardığını bilmir. Lakin son vaxtlar hər ay az məbləğdə pul verirdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 (cavabdeh tərəfindən dəvət olunmuş) ifadəsində bildirmişdir ki, 2011-2017-ci illərdə cavabdeh Samirin mağazasında fəhlə kimi işləyib və iddiaçını da o vaxtdan tanıyır. O, Samirdən iddiaçının kim olması ilə maraqlanmış, Samir ona bildirmişdir ki, o, Mirəsgər müəllimdir, faizə onlara pul verib və indi həmin pulu almağa gəlib. Təxminən hər ay 1000 ABŞ dolları pul alırdı. 2013-cü ilin may ayında Mirəsgər müəllim pul üçün gəlmiş, lakin Samir ona pulunun olmadığını bildirmişdir. Sonra Samir atası Əli kişiyə zəng etmiş, Mirəsgər müəllimin pul üçün gəldiyini bildirmişdir. Bir müddət sonra Samirin atası Əli kişi pulu gətirib gəlmiş, o, özü də həmin pulu Mirəsgər müəllimə vermək üçün Gənclik metrostansiyasının yanına getmişlər. Həmin vaxt o özü də maşında arxa tərəfdə əyləşmiş və Əli kişi 35000 ABŞ dolları pulu sayıb Mirəsgər müəllimə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 (cavabdeh tərəfindən dəvət olunmuş) ifadəsində bildirmişdir ki, İddiaçı Lökbatan qəsəbəsində yerləşən bazarda 2-3 dəfə görmüşdür.O, mağazada işləməyib, amma malların paylanması ilə məşğul olurdu. Həmin vaxt mağazada İddiaçı görmüşdür. 2013-2016-cı illərdə orada işləyib. Onun eşitdiyinə görə İddiaçı həmin mağazaya pul götürməyə gəlirdi. Təxminən 2015-ci ildə Hacı Samirlə avtomobildə evə gedəndə Samir yolüstü “Montin” deyilən yerə getdi və Samir İddiaçı zəng etdi və o, gəldi. İddiaçı avtomobildə qabaq hissədə əyləşdi və Samir 19000 ABŞ dolları məbləğində pulu götürüb İddiaçı vermişdir. 2015-ci ilin sentyabr ayının əvvəlləri ndə Samirin kiçik qardaşı Rəşad ilə İddiaçı evinə gedib, həmin evin qapısında 9000 ABŞ dolları məbləğində pulu İddiaçı vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 (cavabdeh tərəfindən dəvət olunmuş) ifadəsində bildirmişdir ki, İddiaçıla şəxsi tanışlığı olmayıb, amma onu bir neçə dəfə, təxminən 2012 və 2014-cü illərdə Lökbatan qəsəbəsində yerləşən bazarda görmüşdür. Özü tikinti işləri ilə məşğuldur. Cavabdeh1 onun sinif yoldaşı olub, Cavabdeh2 Samirin atası olduğundan tanıyır. O, Cavabdeh1 tez-tez nisyə tikinti materialları götürüb, pulunu hissə-hissə ona qaytarırdı. Təxminən 2012-ci ildə Samir bir dəfə ona zəng edərək bildirmişdir ki, ondan götürdüyü malların pulundan nə qədər mümkün olarsa, ona versin, çünki onun da borcu vardır, həmin pulu verməlidir. Həmin vaxt onun 6400 manat Samirə borcu olmuşdur. O, müdirindən pul götürüb, 2012-ci ildə 3000 ABŞ dolları pulu Samirin Lökbatan qəsəbəsində yerləşən mağazasında Samirə vermiş və həmin vaxt İddiaçı mağazaya daxil olmuşdur. Həmin 3000 ABŞ dolları pulun üstünə də nə qədərsə pul qoydu və o pulları Samir, İddiaçı verdi. İddiaçı gedəndən sonra Samir ona bildirmişdir ki, İddiaçı o, borc pul götürüb və indi ona həmin borcundan qaytarır. 2014-cü ildə Samir ona zəng vurub xahiş etmişdir ki, onlara getsin, atasından pul götürüb ona çatdırsın. O, həmin pulu, zərfin içinə qoyulmuş və Samirin atası ilə birlikdə saydıqları 20000 ABŞ dolları pulu götürüb Samirin Lökbatan qəsəbəsində yerləşən mağazasına gedib, orada həmin 20000 ABŞ dolları pulu Samirə vermişdir. Samir həmin pulun da üstünə cibindən çıxardığı pulu qoyub İddiaçı vermişdir. Sabahısı günü Samirdən soruşanda bu borc nə qədərdir, o bildirmişdir ki, o, İddiaçı borc götürüb, həmin borcu faizlə qaytarır. Digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin İstintaqı şöbəsinin müstəntiqi, polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən aydın olur ki, İddiaçı ərizəsi əsasında Cavabdeh1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən aydın olur ki, araşdırma zamanı Cavabdeh1 izahatında bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayonu ərazisində olan Sədərək ticarət mərkəzində özünə məxsus olan mağazada santexnika avadanlıqlarının satışı ilə məşğul olur. Satdığı malları Çin Xalq Respublikasından ucuz alıb burada satmaqla gəlir əldə edir. İddiaçı 2006-cı ildən tanıyır. X2 Məkkə şəhərində həcc ziyarətində olarkən tanış olmuşdur. Həmyerli olduqları üçün münasibətləri yaxın olmuşdur. Mirəsgər onun Çinlə ticarət əlaqəsinin olduğunu və mütəmadi olaraq nağd pul qarşılığında ticarət etdiyini nəzərə alaraq 2012-ci ilin əvvəllərində aylıq 1000 ABŞ dolları qarşılığında ona 50000 ABŞ dolları təklif etmişdir. O, Mirəsgərin təklifi ilə razılaşmış və Mirəsgər xx.xx.2012-ci il tarixdə onun yaşadığı ünvana gələrək 50000 ABŞ dolları pulu qeyd olunan şərtlə ona çatdırması üçün atasına vermişdir. Atası həmin pulu ona çatdırmış və o, həmin pulu öz ticarətinə yönəldərək razılaşmaya əsasən xx.xx.2012-ci il tarixdən hər ay 1000 ABŞ dollarını xatırlamadığı müxtəlif ünvanlarda Mirəsgərə verməyə başlamışdır. xx.xx.2012ci il tarixdə Mirəsgər öz təşəbbüsü ilə evini sataraq yaşadığı ünvan 2 ünvanında 80000 ABŞ dollarını atası vasitəsilə ona vermiş və şərtləşmişlər ki, o, həmin pula Çindən mal alıb ticarət edib əldə etdiyi qazancın bir hissəsini ona versin. Həmin 80000 dollara görə Mirəsgərə verəcəyi pulun daha əvvəl qeyd etdiyi aylıq 1000 dollarla əlaqəsi olmamışdır. Yəni aylıq stabil 1000 dollar verməklə yanaşı aldığı 80000 dolların dövriyyəsindən əldə etdiyi qazancın da müəyyən hissəsini Mirəsgərə verirmiş. Aldığı 50000 dollara görə Mirəsgərə xx.xx.2017-ci il tarixədək hər ay stabil 1000 dollar olmaqla ümumilikdə 64000 dollar vermişdir. Bundan başqa xx.xx.2020-ci il tarixədək qazancından asılı olaraq 80000 dollara görə müxtəlif miqdarlarda pulu mütəmadi olaraq Mirəsgərə verirmiş, belə ki, aldığı 80000 dollara görə Mirəsgərə xx.xx.2012-ci il tarixdə 3274 dollar, 31,07.2013-ci il tarixdə 35000 dollar 31,08.2014-cü il tarixdə 10530 dollar verməməsi koronavirus (COVİD-19) infeksiyası zəminində yaranan fövqəladə şəraitdə kommersiya fəaliyyətinin zəifləməsi nəticəsində yaranmışdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Xəzər Yolçuyev tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən aydın olur ki, Cavabdeh1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat Kardiologiya İnstitutunun xx.xx.2012-ci il və xx.xx.2014-cü il tarixli epikrizlərinin surətlərindən görünür ki, İddiaçı qeyd olunan xəstəxanada qalmaqla müalicə almış, müalicə nəticəsində ümumi vəziyyəti yaxşılaşdıqdan sonra ambulator müalicəyə yazılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2019-cu il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli çıxarışların surətlərindən görünür ki, İddiaçı qeyd olunan vaxtlarda həkim müayinələrindən keçmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında heç bir yazılı müqavilə olmamış, şifahi razılaşmaya əsasən borc münasibətləri mövcud olmuş, iddiaçı cavabdehlərə müxtəlif vaxtlarda 130000 ABŞ dolları məbləğində pulu vermiş, həmin puldan 80000 ABŞ dolları məbləğində pulu cavabdehlər iddiaçıya qaytarmışlar. Sön ödənişlər təxminən 2020-2021-ci illərdə olmuşdur. Hazırda cavabdehlərin iddiaçıya ödənilməmiş 50000 ABŞ dolları (130000-80000=50000) məbləğində borcu qalmaqdadır. Lakin, cavabdehlər öhdəliklərini pozaraq iddiaçıya olan borcunu tam qaytarmamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə (30 iyun 2016-cı il tarixədək qüvvədə olan) əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf iddiaçıdan 130000 ABŞ dolları məbləğində pul aldığını etiraf etdiyindən, iddiaçı tələbinin cavabdehə qeyd edilən məbləğdə pul verməsini sübut etmək yükündən azad olmuş, həmin məbləğin iddiaçıya qaytarılmasını sübuta yetirmək vəzifəsi isə cavabdehə keçmişdir. Həmçinin iddiaçı da məhkəmə iclasında 80000 ABŞ dolları məbləğində pulun cavabdeh tərəfindən alınan borc puldan deyil, aralarındakı razılaşmaya əsasən cavabdehin əldə etdiyi gəlirdən ona verildiyini bildirmiş, lakin həmin pulun gəlir olması, əsas borcdan qaytarılan məbləğ olması halını məhkəmədə sübut edə bilməmişdir. Hazırda isə iddiaçı 160000 ABŞ dolları məbləğində pulun cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Odur ki, məhkəmə verilmiş borc pulun ödənilməmiş qalan 50000 (130000- 80000=50000) ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməməsi halının iddiaçı tərəfindən mübahisələndirildiyini nəzərə alaraq, qeyd edilən hallara mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bununla yanaşı, cavabdehlər tərəfindən qeyd edilən 130000 ABŞ dolları məbləğində pulun onlara iddiaçı tərəfindən verilməsinin etiraf edilməsindən və 80000 ABŞ dolları məbləğində pulun cavabdehlər tərəfindən iddiaçıya ödənilməsinin etiraf edilməsindən savayı, ödənilməmiş qalan 50000 ABŞ dolları məbləğin məhz iddiaçıya ödənilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir. Göstərilənlər isə ona dəlalət edir ki, iddiaçı iddia etdiyi 160000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehə verdiyi bildirmiş, buna dair sübut təqdim etməmiş, cavabdeh 130000 ABŞ dolları pulu iddiaçıdan aldığını etiraf etmiş, həmin hissədə cavabdeh iddiaçını sübutetmə yükündən azad etmiş, həmçinin iddiaçı cavabdeh tərəfindən ona 80000 ABŞ dolları pulun verildiyini etiraf edərək cavabdehi həmin hissədə sübutetmə yükündən azad etmişdir. Cavabdehlər hazırda iddiaçıya borcunun olmadığını bildirsə də, bunu sübuta yetirə bilməmiş, həmin halın sübutu kimi sənədləri məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdehlər iddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən pul vəsaitini iddiaçıdan almış, həmin pul vəsaitini iddiaçıya ödəməyi öhdəsinə götürmüşlər. Buna baxmayaraq cavabdehlər öhdəliyini pozaraq iddiaçıdan aldığı pulu tam şəkildə ona ödəməmişlər. Məhkəmə eyni zamanda, cavabdehlər tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında borc hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan cavabdehlər tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Məhkəmə eyni zamanda cavabdeh tərəfindən dəvət olunmuş şahidlərin ifadələrinə tənqidi yanaşır və həmin ifadələrin iddianın rədd edilməsi üçün əsas olmadığı nəticəsinə gəlir. Belə ki, həmin ifadələr 10 il əvvəlki tarixlərdə olan hadisələri əhatə edir. Həmin tarixlərdə baş verən hadisələrdə şahidlərin ifadələrində dəqiqliklə göstərilən pulların məbləğlərinin həqiqətən də mövcud olduğu ağılabatan deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında 31 may 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin məcəllənin 740.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.” Məhkəmə qanunvericiliyin bu tələbi ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddiaçı və cavabdeh arasında yaranan borcun məbləği 3000 manatdan artıq olsa da, onların arasında yazılı borc müqaviləsinin olmaması qanunvericiliyin hazırki tələbinə zidd deyildir. Belə ki, tərəflər arasında borc münasibətləri 2011-2012-ci ildən yaranmışdır ki, həmin vaxt borcun məbləği 3000 manatdan artıq olduğu halda borc müqaviləsinin yazılı olmasına dair tələb Mülki Məcəlləyə əlavə edilməmişdir. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, cavabdehlərin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiq edilməsi barəsində ərizəsinin dəlilləri əsassızdır. Buna görə də, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə iclasında iddiaçının izahatından müəyyən olunur ki, cavabdehlərin iddiaçıya sonuncu ödəmələri 2020-2021-ci illərdə olmuşdur. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə dəvət olunmuş şahidlərin ifadələrindən də müəyyən olunur ki, son ödəmələr 2020-2021-ci illəri əhatə edir. Həmçinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən aydın olur ki, araşdırma zamanı Cavabdeh1 izahatında bildirib ki, o, xx.xx.2020-ci il tarixədək qazancından asılı olaraq 80000 dollara görə müxtəlif miqdarlarda pulu mütəmadi olaraq Mirəsgərə vermişdir. Bundan əlavə, məhkəmədə ilkin dinləmələr vaxtı Cavabdeh2 qeyd etmişdir ki, son ödəmə 2020-2021-ci illərdə olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Belə ki, cavabdeh məhkəmə iclasında iddiaçıdan 2011-2012-ci illərdə 130000 ABŞ dolları məbləğində pul aldığını etiraf etmişdir. Həmçinin cavabdeh tərəfindən borc məbləğindən 2020-2021-ci illərdə hər ay təxminən 200-300 manat məbləğində iddiaçıya pul qaytardığı həm iddiaçının, həm şahidlərin, həm də cavabdehin məhkəmə iclasındakı etirafı ilə təsdiq olunmuşdur. Cavabdeh tərəfindən 2020-2021-ci illərdə də borcun etirafı ilə əlaqədar hərəkətlər edildiyindən iddia müddətinin axımı kəsilmişdir. Belə ki, qeyd edilən müqavilə üzrə iddia müddətinin axımı həmin tarixdən yenidən başlandığından iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin iddia müddətinin ötürülməsinə dair dəlilləri əsassızdır. Buna görə də, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iş üzrə iddia müddəti tətbiq edilərək, iddiadan imtina edilə bilməz. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini də tələb etsə də, cavabdehlərin ona olan borcunu qaytarmamasının şüurunda müəyyən mənfi psixi reaksiyaya və fiziki əzab çəkməsinə səbəb olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər vurulması halı sübut edilməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericilivin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respubilkası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli 7 saylı qərarının 2-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qərarın 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizlıklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Odur ki, iddiaçının mənəviz ziyan tələbi əsassızdır, təmin edilə bilməz. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlər ilə arasında olan şifahi razılaşma əsasında iddiaçıya pul vəsaiti verməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdehlər qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini tam yerinə yetirməmişdir. Odur ki, iddiaçının tələbi qismən əsaslıdır. Buna görə də, iddia həmin hissədə qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaiti ödənildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 456 manat dövlət rüsumu ödəmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 143,5 manat məbləği cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaiti ödənildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla alınaraq İddiaçı verilsin. İddiaçı dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 143,5 manat məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar