Məhkəmə qərarları › İş №2(003)-2348/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2348/2023

06.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2348/2023 06.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı maddi ziyan tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona vurulmuş 250000 ABŞ dolları-hazırki məzənnə üzrə 425000 manat pulun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X3 Azərbaycan Respublikasının hal-hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin rəisi vəzifəsində xidmət etdiyi dövrdə vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində digər cavabdeh ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş idarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi vəzifəsində xidmət edən Cavabdeh2 və digərləri ilə cinayət əlaqəsinə girərək tamah məqsədi ilə hakimiyyət və qulluq mövqelərindən sui-istifadə etməklə 2008-ci ilin oktyabr ayının əvvəllərində onu Cavabdeh2 icraatında olan 613 saylı cinayət işi üzrə şahid qismində ifadə vermək üçün MTN-nin inzibati binasına çağıraraq barəsində cinayət işi başlayaraq həbs edəcəkləri, məhkəmə tərəfindən ən yuxarı həddə cəza təyin etdirəcəkləri ilə hədə qorxu gələrək 300.000 (üç yüz min) ABŞ dolları pul tələb etmişlər. Tələb olunan vəsaitlə razılaşmadığını bildirmiş 100.000 (bir yüz min) ABŞ dollarına razılığa gəlmişlər. Həmin pulu Cavabdeh2 xidməti otağında ona vermişdir. Lakin 2008-ci ilin noyabr ayında onu yenidən MTN-nin inzibati binasına dəvət edərək rəhbərliyin alınan məbləğlə razı olmadığını bildirərək pulun qaytarılacağını tələb olunan 300.000 (üç yüz min) ABŞ dollarının tam həcmdə verilməyəcəyi təqdirdə övladlarının da cinayət məsuliyyətinə alınaraq həbs ediləcəyini bildirmişlər. Son nəticədə ondan 250.000 (iki yüz əlli min) ABŞ dolları məbləğində hazırki kursla 425.000 (dörd yüz iyirmi beş min) manat pul alınmasına razılaşmışlar. Həmin pulun 200.000 (iki yüz min) bir və 50.000 (əlli min) ABŞ dolları olmaqla Cavabdeh2 vermişdir. Cavabdeh Mövlam Şıxəliyevin və Cavabdeh2 müntəzəm təzyiqləri nəticəsində onların tələb etdiyi 250.000 (iki yüz əlli min) ABŞ dolları hazırki dövrün məzənnəsi ilə 425.000 manat (dörd yüz iyirmi beş min) cavabdehlərə verməyə məcbur olmuşdur. Bütün qeyd etdiyi bu hallar qüvvədə olan Bakı Hərbi məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə öz təsdiqini tapmışdır. Milli Təhlükəsizlik Nazirliyi ləğv edildikdən sonra cavabdeh X2 və Cavabdeh2 cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmə hökmü çıxarılmışdır. Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli iş № 1-1(093)-9/2022 saylı hökmü ilə X3 istintaq orqanı tərəfindən üzərinə həbs qoyulmuş əmlakı müsadirə olunmaqla 12 il, Cavabdeh2 isə 07 il 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə cavabdehlər X2 və Cavabdeh2 tərəfindən ona vurulmuş 250.000 (iki yüz əlli min) ABŞ dolları ziyan müəyyən olunmuş, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı Hərbi Məhkəməsinin hökmündən cavabdehlər X3 və Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü ildə 1-1(103)-1/2-2023 saylı qərarı ilə şikayətləri təmin edilməmiş, hökm qüvvədə saxlamışdır. (Bakı Apellyaiya Məhkəməsinin qərarı, səh. 10). İşə Bakı Hərbi Məhkəməsində baxılarkən dövlət rüsumunu tam həcmdə ödəyə bilmədiyi üçün iddianın mülki qaydada verilməsi tövsiyyə olunmuşdur. Onu da nəzərinizə çatdırmışdır ki, Bakı Hərbi Məhkəməsində mülki iddia vermiş zərərçəkmiş şəxslərin iddialarının istintaq və məhkəmə tərəfindən müəyyən olunmuş məbləğinin tam həcmdə təmin olunması qərara alınmışdır. İş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardadına əsasən mülki iş üzrə Cavabdeh2 aid hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə müəssissində cəzaçəkən iş üzrə cavabdeh X3 iddiaya qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin barəsində olan xx.xx.2023cü il tarixli qərarından Ali Məhkəmənin Cinayət Kollegiasına kassasiya şikayəti vermişdir. Bakı Hərbi Məhkəməsində 2017-ci ildə Ələkbərov Vusal Hicran oğlu barəsində cinayət işinə baxılarkən İddiaçı və əlavə beş nəfərin mülki iddiaları təmin edilməmiş, Bakı Apellyasiya, elecədə Ali Məhkəmə tərəfindən həmin hökm qüvvəsində saxlanılmışdır. Həmin şəxslər, yəni Nizami Kazımov, Hüseyin Səfərov, Mehrac Qurbanov, Namil Rzayev, İddiaçı və Bahəddin Sultanovun mülki tələbləri Konstitusiya Məhkəməsi tərəfindən də təmin edilməmişdir. Məlumat üçün bildirir ki, İddiaçı o tanımamış və heç vaxt ona rüşvət verməsi bardə ifadə verməmişdir. İddia ərizəsində də ona rüşvət vermədiyini qeyd etmişdir. Odur ki, tərəfindən Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökm və qərarından Ali Məhkəməyə kassasiya şikayəti verməsi nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1-1(103)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, təqsirləndirilən şəxslərin hər birinin və ya onların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri və ya apellyasiya şikayətlərinə edilmiş əlavələr, zərərçəkmiş şəxslər və ya onların nümayəndələri və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətləri və ya apellyasiya şikayətlərinə edilmiş əlavələr, həmçinin maraqlı şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməsi, Bakı Hərbi Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxslər - Cavabdeh1, X5, X8 və Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılması, məhkəmənin qərarının elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Bak Hərbi Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2, 311.3.1, 311.3.2, 311.3.3, 311 3 4, 341.2.1, 341.2.3 və 294.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq huququndan məhrum olunmaqla, Cinayət Məcəlləsinin 182.3.1 və 182.3.2-ci maddələri ilə 11 (on bir) il muddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il muddətə dövlət və yerli özünü idarəetmə orqanlarda rəhbər və maddi məsul vəzifələr tutma hüququndan məhrum edilərək həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 9 (doqquz) il muddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 294.3, 341.2.1 və 341.2.3-cü maddələri ilə, həmin Məcəllənin 75.1.2-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə muddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən, ona cəza təyin edilməmişdir. Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, ona təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanılmaqla Cavabdeh1 üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq huququndan məhrum edilməklə, cəzasının əvvəli 05 aprel 2021-ci ildən hesablanmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və ona təyin edilmiş əlavə cəza müstəqil icra edilmişdir. Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən, onun ali hərbi rütbədən (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cı il tarixli 818 nömrəli sərəncamı ilə verilmiş general-mayor rütbəsindən), habelə dövlət təltiflərindən, yəni Azərbaycan Respublikasının Prezidentinin 28 mart 2009-cu il tarixli 212 nömrəli sərəncamı ilə verilmiş “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenindən, 27 mart 2006-ci il tarixli 1370 saylı sərəncamı ilə verilmiş “Hərbi xidmətlərə görə” və 27 mart 2014Cu tarixli 352 nömrəli sərəncamı ilə verilmiş “Vətən uğrunda” medallarından məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərilsin, eləcə də Azərbaycan Respublikası Milli Təhlukəsizlik Nazirinin 25 mart 2005-ci il tarixli 0179 saylı əmri ilə verilmiş “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallarından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 24 iyun 2008-ci il tarixli 0153 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1919-2008) yubiley medalından, Azərbaycan Respublikası Mill Təhlükəsizlik nazirinin 26 mart 2009-cu il tarixli, 044 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 30 iyun 2009-cu il tarixli 0132 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley xatirə medalından, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin 15 dekabr 2010-cu il tarixli, 2934/5 nömrəli əmri ilə verilmiş “Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (********)” yubiley medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 26 mart 2012-ci || tarixli 060 saylı əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 3-cü dərəcəsi medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 07 oktyabr 2019-cü il tarixli 0248 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 2-ci dərəcəsi medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 27 mart 2014-cü il tarixli 073 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Orqanların 95 illiyi (1919-2014)” yubiley medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 04 iyul 2014-cü il tarixli 0182 nömrəli əmri ilə verilmiş “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanların 95 iliyi (1919-2014) yubiley xatirə medalından, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 26 mart 2015-ci il tarixli 052 nömrəli əmri ilə verilmiş “Hərbi xidmətdə fərqləndiyinə görə” 1-ci dərəcəsi medalından məhrum edilmişdir. Həmçinin həmin qərardan görünür ki, Bak Hərbi Məhkəməsinin 21 sentyabr 2022ci il tarixli hökmünə əsasən Mövlam Şıxəliyev Azərbaycan Respublikası “Hərbi xidmət haqqında” xx.xx.1995-ci il tarixli 1030 nömrəli, “Hərbi vəzifə və və hərbi xidmət haqqında” xx.xx.2011-ci il tarixli 274-İVQ nömrəli Qanunlarına əsasən hərbi qulluqçu statusuna malik vəzifəli şəxs kimi hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi üzrə xx.xx.2008-ci il tarixli 435 ŞH nömrəli əmrlə həmin Nazirliyin İstintaq baş idarəsinin rəisi vəzifəsinə təyin edilib 27 oktyabr 2015-ci il tarixədək həmin vəzifədə işləyərkən, təkrarən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin İbtidai istıntaq idarəsinin 2-ci şöbəsinin rəisi Cavabdeh2 və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun onun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə bağlı İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla 2008-ci ilin oktyabr ayının əvvəllərində özünün göstərişi əsasında dəstənin üzvü Cavabdeh2 vasitəsilə 613 N-li cinayət işi üzrə şahid qismində ifadə vermək üçün Bakı şəhəri Səbail rayonu Parlament prospekti 14 ünvanındakı MTN-nin inzibati binasına dəvət edilən “Texnikabank” açıq səhmdar cəmiyyətinin Bakı filialında 677.000 avro məbləğində əmanəti olan İddiaçı heç bir əsas olmadan filialın rəhbərliyi ilə əlbir olduğu dəstədə bankdan pulları taladığını, buna görə barəsində cinayət təqibi başlayacağı, həbs qətimkan tədbiri seçdirəcəyi və məhkəmə tərəfindən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə nail olacağını bildirib hədəqorxu gəlməklə onun xeyrinə edəcəyi qanunsuz hərəkətin, yəni barəsində cinayət təqibinin başlanılmaması müqabilində İddiaçı Cavabdeh2 vasitəsilə əvvəlcə həmin dövrün məzənnəsi ilə 243.810 manat təşkil 300.000 ABŞ dolları, onunla razılaşa bilmədikdə, mütəşəkkil dəstənin üzvləri ilə müzakirə aparmaqla 100.000 ABŞ dolları külli miqdarda pulu birbaşa yolla rüşvət kimi tələb etməklə İddiaçıla 100.000 ABŞ dolları müqabilində razılaşmış, bununla əlaqədar 2008-ci il oktyabr ayının sonlarında MTN-nin binasında Cavabdeh2 xidməti otağında onun vasitəsilə İddiaçı 100.000 ABŞ dolları pulu qəbul etmiş, lakin mütəşəkkil dəstənin məqsədlərinə tam nail olmaq üçün 2008-ci ilin noyabr ayının əvvəlində Cavabdeh2 vasitəsilə yenidən İddiaçı işi üzrə bankı talayanlarla əlbirliyi barədə əleyhinə ifadə verildiyini, buna görə alınan pulun özünə qaytarılacağı və tutulacağı, övladlarının cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirib hədə-qorxu gəlməklə 300.000 ABŞ dolları rüşvəti tam həcmdə verməsini tələb edərək alınan 100.000 ABŞ dollarından əlavə olaraq 100.000 ABŞ dollarına, cəmi 200.000 ABŞ dollarına razılaşıb 100.000 ABŞ dollarını növbəti günlərdə Cavabdeh2 vasitəsilə sonuncunun xidməti otağında İddiaçı qəbul etmiş, lakin mütəşəkkil dəstənin məqsədinə tam nail olmaq üçün növbəti günlərdə Cavabdeh2 vasitəsilə İddiaçı rəhbərliyin 200000 ABŞ dolları ilə razılaşmadığını deyib hədə-qorxu gəlməklə 300.000 ABŞ dolları rüşvətin tam həcmdə verilməsini tələb edərək alınan 200.000 ABŞ dollarından əlavə 50.000 ABŞ dollarına, cəmi 250.000 ABŞ dollarına razılaşıb 2008-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 600-602 saylı evin qarşısında Cavabdeh2 vasitəsilə İddiaçı 50.000 ABŞ dolları vahid niyyətlə külli miqdar təşkil edən 202245 manata bərabər 250000 ABŞ dolları məbləğində nağd puldan ibarət rüşvəti qəbul edib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun mütəşəkkil dəstə üzvləri Cavabdeh2 və qeyriləri ilə aralarında bölüb vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə bağlı edəcəyi qanunsuz hərəkətin müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvlərinə birbaşa və dolayı yolla, vasitəçidən istifadə edib külli miqdarda rüşvəti təkrarən hədə-qorxu tətbiq etməklə istəyərək almış, vəzifəli şəxs kimi müntəzəm mütəşəkkil dəstə tərkibində təkrar tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən suistifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla MTN-nin kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısın alınması və açılması sahəsində Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə əlaqədar hüquq və qanuni mənafelərinə, həmçinin İddiaçı hüquqlarına və qanuni mənafelərinə sonuncunun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Məhkəmə hesab edir ki, yuxarıda adı çəkilən Bak Hərbi Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmü hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Həmin Məcəllənin 180.2 və 180.3-cü maddələrinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi hazırki halda İddiaçı Cavabdeh1 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 250000 ABŞ dolları məbləğində pul ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə alınaraq İddiaçı ödənilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 250000 ABŞ dolları məbləğində pul ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar