Məhkəmə qərarları › İş №2(003)-2349/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2349/2023

09.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2349/2023 09.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu İddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyan tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən ona vurulmuş ******* manat pulun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, “Elektron Məhkəmə” informasiya sistemindən görünür ki, iş üzrə Cavabdeh1 qeydiyyatda olduğu ünvan – Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 40, Cavabdeh2 qeydiyyatda olduğu ünvan isə ünvan 2 qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. İddia ərizəsindən görünür ki, iddianın Xəzər Rayon Məhkəməsində qaldırılmasına səbəb cavabdehlərin Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkmələri olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanuna əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında həyata keçirilə bilər. Qanunun mənasından göründüyü kimi, şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yəni müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması kimi qəbul edilə bilməz. Prosessual qanunvericilikdə isə iddianın cavabdehin rəsmi qeydə alındığı məhkəməyə verilməli olması göstərilmişdir. Bundan başqa, "Yaşayış yeri və olduğu yer haqqında" Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göründüyü kimi, qanunvericilikdə cəzaçəkmə müəssisəsini şəxsin yaşayış yeri kimi nəzərdə tutmamışdır. Başqa sözlə, cəzaçəkmə müəssisələri "Yaşayış yeri və olduğu yer haqqında" Qanununda qeyd edilmiş yaşayış yerləri sırasına daxil deyildir. Buna görə də məhkəmə qeyd edir ki, cavabdehin cəzaçəkmə müəssisəsində cəza çəkməsi onun yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinə ərazi aidiyyəti üzrə məhkəmədə baxılmalı olmadığından geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin iş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, Xəzər Rayon Məhkəməsinə müraciət edilməsi üçün iddiaçı tərəfindən 4881 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 4881 manat məbləğində pul tam şəkildə ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 4881 manat (********** nömrəli mədaxil qəbzi) İddiaçı (AZE 0*******) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar