Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2352/2023 07.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 220 manat alimentin, eləcədə mediatora ödənilmiş 50 manat xərcin və məhkəmənin hesabına ödənilmiş 50 manat dövlət rüsumu da daxil olmaqla cəmi 100 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə arasında olan nikahın pozulması və xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 onun himayəsində qalması və onlar üçün aliment məbləğinin tutulması qət edilmişdir. Cavabdehdən tutulan aliment məbləği uşağın saxlanılmasına çatmır və onun ehtiyyacını heç ödəmir. xx.xx.2013-cü il təvəllüdlü X6 əqli qüsürlü olduğu üçün onun müayinə və müalicələrinə həddindən çox pul gedir. Oğlu əqli qüsurlu uşaqlar üçün nəzərdə tutulmuş internat məktəbində təhsil alır. Uşaqlarının geyimləri, hər hansı dəftər ləvazımatın alınması, oyuncaqların alınması tutulan aliment məbləğindən qat-qat çoxdur. O, uşaqlarını gəzintiyə apara bilmir. Övladlara layiqli həyat səviyyəsini təmin etmək təkcə bir valideyinin deyil, hər iki valideyinin borcudur. Daha sonra iddiaçı, iddia tələbini dəqiqləşdirərək, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2907/2021 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq birgə nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat alimentin, eləcədə mediatora ödənilmiş 50 manat xərcin və məhkəmənin hesabına ödənilmiş 50 manat dövlət rüsumu da daxil olmaqla cəmi 100 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. İzahatında həmçinin bildirdi ki, gözəllik salonunda dırnaq ustası işləyir və ayda 300-400 manat qazanc əldə edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək izahatında bildirdi ki, o, avtoyuma məntəqəsində işləyir və aylıq qazancı az olur. Ona görə də ondan tələb olunan məbləğdə aliment vermək imkanı yoxdur. Ondan tutulan alimenti isə ödəyə bilmədiyindən 2000 manat məbləğində aliment borcu yaranmışdır. Həmin alimenti borcunu ödədikdən sonra isə iddiaçıya hər uşaq üçün hər ay 200 manat aliment verə bilər. İzahatında həmçinin qeyd etmişdir ki, birgə nikahlarından uşaqlar internat məktəbində oxuyurlar və orada qalır. Onların tələbatlarını internat məktəbi ödəyir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-57/2017 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə tərəflər arasında olan nikahın pozulması, birə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 iddiaçı X2 yanında qalmalarının müəyyən edilməsi, cavabdehdən xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay uşaqların saxlanılmaları üçün hər biri üçün 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-2907/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-57/2017 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə, hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 3550 manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya prosesinin davam etdirilməsindən imtina etdiyindən medasiya sessiyasının keçirilməsi mümkün olmamışdır. Həmin arayışdan görünür ki, İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Beləliklə, iddiadan və iş materiallarından görünür ki, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının artırılmasına dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin, bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə və alimentin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan az olmasına əsaslanmaqla tələb edir. Cavabdeh, iddiaya etirazını isə aylıq qazancının az olması və maddi durumunun pis olması ilə əsaslandırmışdır. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Həmçinin, qeyd edilən qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Əlavə olaraq məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimumu ilə bağlı məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə və ya daha çox müəyyən edilməsi anlamına gəlmir. Yuxarıda qeyd olunan qanunvericilik normaların tələblərindən göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər və ya aliment ödəməkdən azad edə bilər. Bu dəyişikliklər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki iş üzrə isə iddiaçı, müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etsə də, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətində dəyişiklik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddiasını yalnız alimentin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan az olması ilə əsaslandırmışdır. Həmçinin əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi barədə iddiaçı tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. Eyni zamanda məhkəmə nəzərə alır ki, uşağın valideynlərdən birinin himayəsində olması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi həmin uşağın himayəsində olan valideynin üzərinə düşür. Digər aliment ödəyən əmək qabiliyyətli valideynin az qazanca malik olması isə onu uşaqlarını saxlamaq, onların artan tələbatlarını ödəmək vəzifəsindən azad etmir. Qeyd olunanları, həmçinin uşaqların gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətlərinin və.s dəyişməsini, uşaqlar böyüməkdə davam etməklə hər keçən müddətdə onların müvafiq olaraq tələbatlarının artmasını, həmçinin cavabdehin övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin, aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, tutulmalı olan alimentin miqdarı müəyyən edilən zaman hər iki tərəfin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər hallarla yanaşı, uşaqlara münasibətdə hər iki valideynin bərabər vəzifələri də nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi qanuni və ədalətlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-2907/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yekinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Məhkəmə, həmçinin iddia tələbinin cavabdehdən mediasiya prosesi üçün ödənilmiş 50 manat xərcin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə mediasiya xərci üçün ödənilmiş 50 manat tutulması hissəsi əsaslı, dövlət rüsumuna görə isə 50 manatın cavabdehdən tələb edilməsi əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən yalnız mediasiya xərci üçün 50 manat ödəniş edilmiş, dövlət rüsumuna görə isə onun tərəfindən ödəniş olmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-2907/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində aliment tutulmalı, həmçinin iddiaçı tərəfindən mediasiya xərci üçün ödənilmiş 50 manat cavabdehdən alınaraq ona ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə iddia qiyməti 1.000 manatadək olduqda, 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, dövlət rüsumunun tutulması məsələsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan maddələri nəzərə alınmaqla, iş üzrə dövlət rüsumu cavabdehdən tutulmalıdır. Həmçinin tutulmalı olan dövlət rüsumunun məbləğinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı 50 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 600 (50x12) manat müəyyən edilməklə iddianın qiyməti 1000 manatdan az olduduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-2907/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində aliment tutulsun. Həmçinin mediasiya xərcinə görə ödənilmiş 50 manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-2352/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2352/2023
07.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver