Məhkəmə qərarları › İş №2(003)-237/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-237/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-237/2021 15.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı MMC borclu Cavabdeh qarşı borcun tutulması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1012.11 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxx 2018-ci ildə bağlanmış 276 saylı alqı-satqı müqaviləsinə əsasən, müqaviləyə 1 saylı əlavə olan spesifikasiya aktında adları göstərilən malları satıcı satmağı, alıcı isə qəbul edib razılaşdırılmış qiymətə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək aldığı malların dəyərini ödəməmiş, qalan 1012.11 manat əsas borcu indiyədək ödəməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. xx.xx.2020-ci il tarixdə müəssisədaxili audit yoxlaması keçirilmiş və yoxlama əsasında üzləşdirmə aktı tərtib edilmişdir. İkitərəfli qaydada imzalanmış akta əsasən, Cavabdeh İddiaçı MMC-yə 1012.11 manat borcunun olduğunu təsdiq etmişdir. Dəfələrlə cavabdehə edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış və nəticədə MMC-nin biznes fəaliyyətinə ciddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən, Cavabdeh 1012.11 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosesssual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş xx xxx 2018-ci il tarixli 276 saylı müqavilədən görünür ki, İddiaçı MMC miqdarının ölçü vahidi, çeşidi müqavilənin ayrılmaz sayılan spesifikasiyada göstərilən malları alıcıya verməyi, alıcı isə bunun müqabilində satıcıya əldə etdiyi malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli təhvil-təslim və üzləşdirmə aktından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 2223.30 manat borcu vardır. İşin müəyyən edilən hallarına əsasən iddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilənin şərtlərinə görə cavabdeh aldığı malın ödənişini həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin borclu göstərilən müqavilə üzrə ödənişləri ödəməmişdir və ona görə İddiaçı MMC qarşısında 1012.11 manat borcu yaranmışdır. Eyni zamanda, iş materiallarından görünür ki, Cavabdeh xəbərdarlıq məktubu göndərilərək İddiaçı MMC-yə olan borcunun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1. maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, Cavabdeh İddiaçı MMC–yə olan borcu 1012.11 manat təşkil edir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən alqı-satqı müqaviləsinə cavabdehin 1012.11 manat borcu qalmış, lakin cavabdeh həmin müqavilədən yaranan öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsinin tələbində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçınə 1012.11 manat borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd olunanlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xeyrinə Cavabdeh 1012.11 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 399-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh 1012.11 (bir min on iki manat on bir qəpik) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar