Məhkəmə qərarları › İş №2(003)-2394/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2394/2020

21.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2394/2020 21.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 400 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə onun aliment tələbinə dair iddiası təmin olunaraq, xx.xx.2006-cı il təvəllüdlü Zeynəb və xx.xx.2007-ci il təvəllüdlü Elmar adlı uşaqların saxlanılması üçün hər ay 108 manat olmaqla, cəmi 216 manat Cavabdeh onun xeyrinə aliment tutulması qət edilmişdir. Hazırda uşaqları böyüdüyü üçün alimentin artılması zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X4 iddia tələbini qəbul etməyərək bildirdi ki, cavabdehin qeyd edilən alimenti ödəməyə maddi imkanı olmadığını hazırda başqa şəxslə qeyri-rəsmi nikaha daxil olduğunu və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(003)-4046/2015 saylı qətnaməsi ilə Cavabdeh alimentin azaldılması barədə iddiası rədd edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(003)-4046/2015 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(003)-1003/2015 nömrəli qətnaməsi ilə xx.xx.2006cı il təvəllüldlü Zeynəb və xx.xx.2007-ci il təvəllüdlü Elmarın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı cavabdehlə birgə nikahdan doğulmuş iki uşağının müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Eyni zamanda iddiaçı əvvəllər işləsə də, hazırda işləməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, əvvəlllər müəyyən edilmiş alimentin məbləği artırılmalıdır. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırkı halda isə əvvəlki qətnamə ilə sonuncu dəfəalimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(003)-1003/2015 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinətutulan alimentin miqdarı artırılmalı, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü X3 yekinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməlidır. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği 47 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 564 manat (42x12=504) müəyyən edildilməklə iddianın qiyməti 500 manatdan çox olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeydolunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(003)-1003/2015 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə, hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar