Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2397/2024 09.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3040/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 235 manat sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-3040/2018 saylı qətnaməsinə əsasən Cavabdeh uşağın yetkinlik yaşına çatana kimi saxlanılamsı üçün hər ay 200 manat aliment alınaraq ona verilməsi qət edilmişdir. Cavabdehdən tutulan aliment məbləği uşağın saxlanılmasına çatmır və onun ehtiyaclarını heç ödəmir. Uşağının geyimi, hər hansı dəftər ləvazimatın alınması, oyuncaqların alınması tutulan aliment məbləğindən qat-qat çoxdur. Özü onkoloji xəstəlikdən əziyyət çəkir. Xəstəliyi səbəbindən işləyə bilmir və əlavə heç bir gəliri yoxdur. Övladının layiqli həyat səviyyəsini təmin etmək təkcə onun deyil, cavabdehin də borcudur. Cavabdeh hazırda kifayət qədər qazanc əldə edir. Bu səbəbdən də cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb edir. Həmçinin, 50 manat məbləğində mediasiya xərci tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-3040/2018 saylı qətnaməsindən görünür ki, iddia təmin edilməklə Cavabdeh ilə X3 arasında 03 noyabr 2012-ci il tarixdə bağlanmış və Xəzər rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1308 sayla qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2013-cü il təvəllüdlü X2 anası X1 himayəsində saxlanması, xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. - Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə saat 10:30-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İddiaçı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator: G.M.Qulizadə). Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və sair dəyişmiş, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Bu baxımdan ananın yanında saxlanılan uşağın gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və s. dəyişməsini, uşağın böyüməkdə davam etməklə hər keçən müddətdə onun müvafiq olaraq tələbatlarının da artmasını, eləcə də ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır. İş materiallarından görünür ki, sonuncu qətnamə ilə alimentin miqdarı müəyyən edildiyi vaxtdan təxminən 6 il müddət keçmişdir. Keçən müddət ərzində uşağın tələbatları da artmışdır. Əvvəlki qətnamə ilə tutulan alimentin məbləği cari ildə mövcud olmuş uşaqlar üçün minimum yaşayış həddindən xeyli azdır. Məhkəmə əvvəlki qətnamə ilə tutulan alimentin məbləğinin artırılaraq 235 manat sabit pul məbləğində müəyyən edilməsini ədalətli hesab edir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-3040/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmaqla hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 235 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh mediasiya xərcinə görə 50 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi tarixdən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-2397/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2397/2024
09.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver