Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2424/2022 18.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 qızının, Cavabdeh nümayəndəsi və vəkili Ələsgərov Ziya Camal oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 59000 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumuna görə 247 manat, vəkillə bağlanmış müqaviləyə görə 200,0 manat, cəmi 59447 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddia tərəfi Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılmasına dair ərizə ilə müraciət edərək, Cavabdeh 13700,0 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumuna görə 247,0 manat, vəkillə bağlanmış müqaviləyə görə 200,0 manat, cəmi 14147,0 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ona etibar edilmiş özgə əmlakını mənimsəməklə zərərçəkmiş şəxsə, yəni İddiaçı külli miqdarda ziyan vurmaqla talamışdır və xeyli miqdarda vergi ödəməkdən yayınmışdır. İş üzrə cavabdeh 07 iyul 2017ci il tarixli 1(101)-886/2017 saylı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında cinayət işi olan vaxt mülki iddia verməmiş, bunu bilməmişdir. Hazırda bu kimi iddia ilə məhkəməyə mülki qaydada müraciət edir. Cavabdehin ona külli miqdarda ziyan vurması məhkəmə istintaqında sübuta yetirilmişdir. Bundan başqa, hazırkı iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu və vəkilə ödənilmiş xidmət haqqının da cavabdehdən alınaraq ona ödənilməsi zəruridir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək iddia tələbinə etiraz ərizəsini təqdim etdi və izahatında bildirdi ki, iddiaçı öz tələbini Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2017-ci il tarixli hökmü ilə əsaslandırmış və həmin hökmlə cavabdehin Azərbaycan Respubliaksının Cinayət Məcəlləsinin 213.1 və 179.2.4-ci maddələri ilə təqsirinin sübuta yetirilməsi və buna görə də ona zərər vurulması qənaətinə gəlmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 803/2018 saylı 02 oktyabr 2018-ci il tarixli hökmü ilə barəsində olan CM-in 213.1-ci maddəsinə dair ittiham sübuta yetirilmədiyindən bəraət, 179.3.2-ci maddəsinin tərkib hissəsi isə CM-in 179.2.4-cü maddəsinə tövsif edilərək CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 02 il 10 ay müddətinə cəza təyin edilmişdir. Həmin hökmdən kassasiya protesti və şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-203/209 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən hökmündə göstərilmişdir ki, Cavabdeh ona etibar edilmiş əmlakı zərərçəkmiş şəxsə 59015 manat məbləğində talayaraq ziyan vurması iş materiallarında olan mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Lakin öz ifadəsində zərərçəkmiş şəxsə 5700 manat borcunun olmasını etiraf etmiş, 8000 manat borcun qaytarıldığını göstərsə də, bu faktı sübut edən dəlilləri məhkəməyə təqdim etməmişdir. İddiaçı ilə cavabdeh arasında işgüzar münasibətlər olmuş və onlar birlikdə biznes fəaliyyəti ilə məşğul olmuşlar. Cavabdeh, biznes fəaliyyəti zamanı yaranan borc məbləğindən 2011-ci ildə Buzovna qəsəbəsində yerləşən Təmənnis yaşayış massivində almış olduğu torpaq sahəsini iddiaçı X1 təkidi ilə Əflatun adlı şəxsin qohumuna satmış və 8000 manat pulu qardaşı X2 vasitəsilə iddiaçıya ödəmişdir. Göründüyü kimi, iddiaçının qeyd etdiyi məbləğ öz təsdiqini tapmadığından iddia ərizəsi əsassızdır. Bundan başqa, iddiaçı tərəfindən borc məbləğinin tələb edilməsi üçün qanunla müəyyən eidlmiş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının MM-in 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İş materiallarına nəzər salsaq sonuncu məhkəmə qərarının qəbul edildiyi gündən, yəni xx.xx.2019-cu il tarixdən bu günədək 45 aylıq müddət keçmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 ifadəsində göstərmişdir ki, cavabdehin qardaşıdır. O, Rusiyada yaşayırdı. Özünə 20 sot torpaq alanda Rusiya vətəndaşı olduğuna görə torpağı qardaşının adına almışdır. Qardaşı pulu onun vasitəsilə göndərmiş, 2012-2013-cü illərdə özü 8000 manat pulu sayıb iddiaçıya ödəmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2017-ci il tarixli 1(101)-886/2017 №-li hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 02 (iki) il müddətinə dövlət və bələdiyyə oqranlarında rəhbər və maddi-məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa, həmin hökmdən görünür ki, zərərçəkmiş şəxs kimi tanınmış İddiaçı cinayət nəticəsində dəymiş maddi ziyanla əlaqədar onun mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququnun olması izah edilmişdir. İş materiallarında olan, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-803/2018 saylı 02 oktyabr 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Cavabdeh AR CM-nin 179.3.2 və 213.1-ci maddəsi ilə məhkum edilməsinə dair 07 iyul 2017-ci il tarixli hökmü ləğv edilmişdir. Cavabdeh AR CM-nin 213.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi, Cavabdeh AR CM-nin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 179.2.4-cü maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə AR CM-nin 46.2-ci maddəsi tətbiq edilərək 01 il 06 ay müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi və cəzasının əvvəlinin xx.xx.2015-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə müəyyən olunmuş hallara əsasən, Cavabdeh ona etibar edilmiş əmlakı zərəçəkmiş şəxsə 59015 manat məbləğində talayaraq ziyan vurması iş materiallarında olan mötəbər sübutlarla öz təsdiqini tapmasa da, onun öz ifadəsində zərərçəkmiş şəxsə 5700 manat borcunun olmasını etiraf etməsi və 8000 manat borcun qaytarıldığını göstərdə də, bu faktın təsdiq edilməməsi və bununla da, Cavabdeh dolayı yolla zərərçəkmiş şəxsə 5700 manatdan əlavə 8000 manat borcunun olmasını etiraf etməsi onun zərərçəkmiş şəxsə 13700,0 manat ziyan vurmaqla onun əmlakını mənimsədiyini təsdiq edir. Həmin hökmlə, həmçinin, zərərçəkmiş şəxs kimi tanınmış İddiaçı cinayət nəticəsində dəymiş maddi ziyanla əlaqədar onun mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququnun olması izah edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-203/209 saylı xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-803/2018 saylı 02 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iddiaçının nümayəndəsinin izahatı və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmündə öz əksini tapmışdır. Yəni, hadisənin məhz cavabdeh Rizvan Mənsimov tərəfindən törədilməsi göstərilən hökmlə sübuta yetirilmiş və buna görə də Rizvan Mənsimov Azərbaycan Respublikası CMnin 179.2.4-cü maddəsi ilə təqsirli bilinərək, ona cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Rizvan Mənsimovun təqsiri qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan, hadisənin məhz cavabdeh Rizvan Mənsimov tərəfindən törədilməsi hissəsində həmin hökm məhkəmə üçün məcburidir və göstərilənlər işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1. maddəsindən görünür ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı əmlakını mənimsəməklə maddi ziyan vurulması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunmuşdur. Cavabdehin öz etirafı və işdə olan sübutlarla onun tərəfindən iddiaçının 13700,0 manat dəyərində əmlakının mənimsənildiyi müəyyən edilir. Lakin cavabdeh iddiaya etiraz edərək sözügedən məbləğin 8000 manat hissəsini qardaşı vasitəsilə iddiaçıya qaytardığını bildirir. Məhkəmə hesab edir ki, məbləğin iddiaçıya qaytarılmasını sübuta yetirmək vəzifəsi cavabdehə keçmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddianın 13700,0 manat məbləğin təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bununla yanaşı, cavabdeh tərəfindən borc pulun 8000,0 manat məbləğində olan hissəsini iddiaçıya qaytarmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir. Cavabdehin bu dəlilini yalnız məhkəmə iclasında şahid qismində ifadə vermiş qardaşı təsdiq etmişdir. Lakin məhkəmə, cavabdehin yaxın qohumu tərəfindən onun maraq və mənafeyinə uyğun verilmiş və işin digər halları ilə uyğunlaşmayan şahid ifadəsini inandırıcı saymamış, həmçinin etirazın sübuta yetirilməsi üçün kifayət hesab etməmişdir. Göstərilənlər ona dəlalət edir ki, iddiaçı iddia tələbini 13700,0 manat məbləğində zərərin vurulması hissəsində sübuta yetirmiş, cavabdeh isə həmin məbləğin 8000,0 manatını iddiaçıya qaytarmasını sübuta yetirə bilməmişdir. Cavabdeh, həmçinin, məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddia tələbi üzrə iddia müddətinin ötürüldüyünü əsas gətirərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin etirazına münasibətdə ilk növbədə qeyd edir ki, hazırkı iddia tələbi etiraz ərizəsində göstərildiyi kimi vaxtaşırı ödəmələrlə bağlı tələblərə aid edilmir və etirazın əsaslandırıldığı qanunvericilik normasının təsiri altına düşmür. Belə ki, məhkəmə hesab edir ki, hazırkı tələb üzrə zərər vurmadan əmələ gələn münasibətlərə aid olan ümumi iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.1-ci maddəsinin tələblərinə əasən ümumi iddia müddəti on il təşkil edir. Göründüyü kimi, sonuncu məhkəmə qərarının qəbul edildiyi gündən, yəni xx.xx.2019-cu il tarixdən bu günədək 45 aylıq müddət keçmiş, ümumi iddia müddəti on il təşkil etdiyindən iddia müddətinin ötürülməsinə dair cavabdehin etirazı öz təsdiqini tapmır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Rizvan Mənsimovun təqsiri qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan, hadisənin məhz cavabdeh Rizvan Mənsimov tərəfindən törədilməsi hissəsində həmin hökm məhkəmə üçün məcburidir və göstərilənlər işin mübahisəsiz halıdır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alıb, qeyd olunanları və iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, Cavabdeh törətdiyi cinayət əməli nəticəsində İddiaçı 13700,0 manat məbləğində maddi zərər vurulmasında təqsirlidir və ona görə də həmin məbləğ cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin iddianın 247,0 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia verilən zaman ödənilmiş 247,0 manat dövlət rüsumunun 190,0 manat hissəsi iddiaçıya aid edilməli, 57,0 manat isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda iddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 200,0 manat xərcin cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin bu hissəsi qismən təmin edilməlidir. Ona görə məhkəmə hesab edir ki, iddiaçının pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 200,0 manat xərcin 100,0 manat hissəsi iddiaçıya aid edilməli, 100,0 manat isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə, maddi zərərə görə 13700,0 (on üç min yeddi yüz) manat məbləğində pul vəsaiti tutularaq ödənilsin. Cavabdeh iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 57,0 (əlli yeddi) manat və hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 100,0 (bir yüz) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 190,0 manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2424/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2424/2022
18.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver