Məhkəmə qərarları › İş №2(003)-2433/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2433/2024

09.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2433/2024 09.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən elektron nəzarət qurğusunun dəyəri, yəni 2277,40 manat pulun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-303/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Probasiya idarəsində icra məmuru Aynur Yadigarova tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla Attenti markalı 35639*77 nömrəli elektron nəzarət vasitələri məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh təhvil alınmış elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəyin baxış nəticəsində müəyyən olunmuşdur ki, ana platada elektron elementlərin korroziyası müşahidə olunur, təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə gəlməmiş, məktubla məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 1*5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərdi ki, Bakı Şəhər Probasiya idarəsində icra məmuru Aynur Yadigarova tərəfindən onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Lakin elektron nəzarət vasitəsindən istifadə edərkən ehtiyatsızlıq üzərinə su tökmüş, nəticədə elektron nəzarət vasitəsi yararsız hala düşmüşdür. Hazırda heç bir yerdə işləmir. Ondan tələb edilən pulu ödəmək qabiliyyəti yoxdur. Bütün bunları nəzərə alaraq, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, cavabdehin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-303/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-303/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Cavabdeh yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni Sahə ünvanında yerləşən nömrəsiz yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirilməsi, hökmün icrasına nəzarətin Cavabdeh yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cavabdeh cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)- 303/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü icra olunması üçün Bakı Probasiya İdarəsinə göndərilmişdir. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, Cavabdeh elektron nəzarət vasitəsi təhvil verilmiş və ona hökmün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərinə elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İş materiallarında olan ED seriyalı, 000303 nömrəli elektron nəzarət vasitəsinin vəziyyəti haqqından texniki rəyin surətindən görünür ki, Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsi tərəfindən Cavabdeh Fəxrəddin oğluna təhkim edilmiş 35639*77 nömrəli Attenti V6 mobil qurğusuna 17.0*.2023-cü il tarixdə baxış keçirilmiş və nəticədə ana platada elektron elementlərin korroziyası müşahidə olunması, təmirinin mümkün olmaması, istifadəyə tam yararsız olması müəyyən edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi Akşin Ziyadova ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, “Attenti” markalı elektron nəzarət vasitəsitəyə (komplektə) daxil olan - 1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektrik adapteri, 1 ədəd proqram lisenziyası – 1930 manat dəyərində, 347,40 manat ƏDV daxil olmaqla cəmi 2277,40 manat dəyərindədir. Həmin məktubdan görünür ki, probasiya xidmətinin qeydiyyatında olan “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğusunun, sadə elektron qolbağın, habelə ağıllı elektron qolbağın itirilməsi, zədələnməsi və ya digər üsulla yararsız vəziyyətə salınması hallarında həmin vasitələrin dəyəri olan 2277,4 manat tutulmalıdır. -Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi Akşin Ziyadova ünvanlanmış Maliyyə və təminat idarəsinin rəisi Aslan Muradovun 1*.06.2021-ci il tarixli məktublarından görünür ki, probasiya qeydiyyatında olan “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğusunun, sadə elektron qolbağın, habelə ağıllı elektron qolbağın itirilməsi, zədələnməsi və ya digər üsulla yararsız vəziyyətə salınması hallarında həmin vasitələrin dəyəri olan 2277,4 manat tutulmalıdır. Elektron avadanlıqlarının dəyəri nəzarət subyektindən tutularaq Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinin hesabına köçürülməlidir. İşin araşdırılmış hallarından görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-303/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh cəzasının icrasına nəzarət qaydasında “Attenti” markalı, ümumi dəyəri 2277,40 manat olan elektron nəzarət komplekti ilə təhkim olunmuşdur. Həmin elektron nəzarət komplektinə daxil olan mobil nəzarət qurğusu məhkum Cavabdeh istifadəsində olan zaman zədələnərək yararsız vəziyyətə salınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci madəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.*-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan qanunvericiliyin tələblərinə və işin araşdırılmış hallarına əsasən məhkəmə hesab edir ki, cavabdehin istifadəsində olan “Attenti” markalı elektron nəzarət vasitəsinə (komplektə) daxil olan mobil nəzarət qurğusu cavabdehin istifadəsində olmaqla zədələndiyindən və cavabdeh həmin nəzarət vasitənin işlək vəziyyətdə saxlanılması üçün öhdəlik daşıdığından iddia tələbi əsaslıdır və təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməklə “Attenti” markalı elektron nəzarət komplektin dəyəri olan 2277,4 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “Attenti” markalı elektron nəzarət vasitəsinin dəyəri olan 2277,4 manat məbləğində pul Cavabdeh tutularaq Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə (müxbir hesab: nömrəsi: AZ66CTRE********************, səviyyə kodu: 1, təsnifat kodu: 142330, VÖEN: **********) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emil Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar