Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-249/2021 29.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 021R********** saylı kredit razılaşması üzrə 3296.21 ABŞ dolları məbləğində kredit borcu, 1756.24 ABŞ dolları məbləğində faiz borcu və 1599.05 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 6651 (altı min altı yüz əlli bir) ABŞ dolları 50 (əlli) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin ünvan 1 ünvanında Cavabdeh1 xüsusi mülkiyyətində olan 0.0166 ha torpaq sahəsinə və üzərində xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 3 otaqlı, 46.5 kv.m yaşayış, 47.81 kv.m yardımçı, 94.31 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsinə, həmin fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin açıq hərracdan satılması və 021R********** saylı kredit razılaşması üzrə cəmi 6651 (altı min altı yüz əlli bir) ABŞ dolları 50 (əlli) sent məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, ünvan 2 ünvanında Cavabdeh1 xüsusi mülkiyyətində olan 0.0166 ha torpaq sahəsinə və üzərində xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 3 otaqlı, 46.5 kv.m yaşayış, 47.81 kv.m yardımçı, 94.31 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və X2 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 06.06.2013-cü il tarixli 21L000002400 saylı kredit xətti müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 26.08.2015-ci il tarixli 021R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,875% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış 18.11.2015-ci il tarixli sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, borclu götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 01.07.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 3703.79 ABŞ Dolları ödəmiş, onun 3296.21 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 17.08.2020-ci il tarixə 1506 gün üçün hesablanmış faiz borcu 1756.24 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 17.08.2020-ci il tarixə 1506 gün üçün hesablanmış cərimə 1599.05 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan Cavabdeh1 Bank ilə bağladığı 26.08.2015-cü il tarixli ipoteka müqaviləsi (Bakı şəhər 7 saylı DNK-nın xüsusi notariusu N.Ə.Vədətov tərəfindən təsdiq edilib) əsasında ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 0.0166 ha torpaq sahəsi və üzərində xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 3 otaqlı, 46.5 kv.m yaşayış, 47.81 kv.m yardımçı, 94.31 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li çıxarışdan görünür ki, ünvan 3 ünvanında Cavabdeh1 xüsusi mülkiyyətində olan 0.0166 ha torpaq sahəsi və üzərində xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 3 otaqlı, 46.5 kv.m yaşayış, 47.81 kv.m yardımçı, 94.31 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi onun kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü edilmiş və bu barədə Dövlət reyestrində 284 №-li reyestr kitabının 26431 №-li vərəqində müvafiq qeydiyyat aparılmışdır. ünvan 1 ünvanında Cavabdeh1 xüsusi mülkiyyətində olan 0.0166 ha torpaq sahəsi və üzərində xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 3 otaqlı, 46.5 kv.m yaşayış, 47.81 kv.m yardımçı, 94.31 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən cavabdeh X4 ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin fərdi yaşayış evini və torpaq sahəsini qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. (Razılıq ərizəsinin surəti əlavə olunur, ərizənin əsli notariat kontorunda saxlanılır). İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka qoyan Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq, 11.08.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş 16.08.2016-cı il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən onun təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh1 ilə "xxxx" QSC-nin Mərdəkan filialı arasında bağlanmış 06.06.2013-cü il tarixli 21L000002400 saylı kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan Cavabdeh1 ilə "xxxx" QSC-nin Mərdəkan filialı arasında bağlanmış 26.08.2015-ci il tarixli 021R********** saylı kredit razılaşmasından görünür ki, bank tərəfindən borcalana istehlak məqsədi ilə 24 ay müddətinə aylıq faiz dərəcəsi 1.875% olmaqla 7.000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan Cavabdeh1 ilə "xxxx" QSC-nin Mərdəkan filialı arasında bağlanmış 18.11.2015-ci il tarixli 021R**********S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, 21L000002400 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 26.08.2015-ci il tarixdə bağlanmış 021R********** kredit razılaşmasının ayrılmaz hissəsi olan 26.08.2015-ci il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 18.11.2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İş materiallarında olan İddiaçı QSC-nin Mərdəkan filialı ilə Cavabdeh3 arasında 06.06.2013-cü il tarixdə bağlanmış 21S000005468 saylı zaminlik müqaviləsindən görünür ki, o, 06.06.2013-cü il tarixli 21L000002400 saylı kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları və s. razılaşmalar üzrə borclu Cavabdeh1 öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC-nin Mərdəkan filialı ilə Cavabdeh2 arasında 06.06.2013-cü il tarixdə bağlanmış 21S000005468 saylı zaminlik müqaviləsindən görünür ki, o, 06.06.2013-cü il tarixli 21L000002400 saylı kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları və s. razılaşmalar üzrə borclu Cavabdeh1 öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC-nin Mərdəkan filialı ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 26.08.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı QSC-nin Mərdəkan filialı ilə Cavabdeh2 arasında bağlanmış kredit xətti müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün dəyəri 15.000 ABŞ dolları (15699 manat) məbləğində qiymətləndirilmiş, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Elman Hüseynov küçəsi 0.0166 ha torpaq sahəsində yerləşən 94.31 kv.m ümumi, 46.5 kv.m yaşayış, 47.81 kv.m yardımçı, ibarət 1 mərtəbəli, 3 otaqlı 4B nömrəli yaşayış evini ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Elman Hüseynov küçəsi, 1-ci dalan 4B yaşayış evi və 0.0166 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir və İddiaçı QSC-nin Mərdəkan filialının xeyrinə yüklü edilmişdir. İş materiallarında olan ipoteka predmetinə tumanın yönəldilməsinə dair bildirişin və xəbərdarlıqların surətlərindən görünür ki, İddiaçı QSC-nin Mərdəkan filialı tərəfindən cavabdehlərə borcun ödənilməsinə dair xəbərdarlıq edilərək pretenziya göndərilmiş, borc alanın öhdəliklərinin Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Elman Hüseynov küçəsi, 1-ci dalan 4B yaşayış evi və 0.0166 ha torpaq sahəsinə yönəldilməsi proseduruna başlayacağını və məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 16.08.2016-cı il tarixli ərizədən görünür ki, İddiaçı QSC-nin Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Elman Hüseynov küçəsi, 1-ci dalan 4B yaşayış evi və 0.0166 ha torpaq sahəsinə tutmanın yönəldilməsi haqqında bildirişlərinin qeydə alınması xahiş edilmiş və bildirişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində 16.08.2016-cı il tarixdə qeydə alınmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ümumilikdə 10 manat məbləğində rüsum və 21 manat xidmət haqqı ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş «X5» MMC-nin 30.06.2021-ci il tarixli QR-06 M hesabatından görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Elman Hüseynov küçəsi, 1-ci dalan 4B saylı evin bazar dəyəri 60 000 manat, likvid dəyəri isə 50 000 manat təşkil edir. İş materiallarında olan X5 MMC-nin hesab-fakturasından görünür ki, keçirilmiş ekspertizalarının dəyəri cəmi 800 manat təşkil edir. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh1 01.09.2017-ci il tarixə 3296.21 ABŞ dolları əsas borcu, 761.2 ABŞ dolları faiz borcu və 273.86 ABŞ dolları cərimə borcu, cəmi 4331.27 ABŞ dolları borcu vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 17.06.2021-ci il tarixli 9/3307 saylı ekspert rəyindən görünür ki, 01.09.2017-ci il tarixə Cavabdeh1 AccessBank QSC-yə olan əsas kredit borcu 6.757.95 ABŞ dolları; faiz borcu 2.682.24 ABŞ dolları. Bundan başqa AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış 26.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının 3.1 və 3.2 bəndlərinə əsasən 22.04.2019-cu il tarixdə ödənilən kompensasiya nəzərə alındığı təqdirdə Cavabdeh1 banka olan əsas borcu 2.462.56 ABŞ dolları, faiz borcu üzrə 2.682.24 ABŞ dolları müəyyən edilir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 yuxarıda adı çəkilən kredit müqavilələri üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 MMC kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqavilələri üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi qeyd edilən hissələrdə əsaslıdır. İş üzrə digər cavabdehlər Cavabdeh3 Şahin oğlu və Cavabdeh2 (zaminlər) mülki məsuliyyətini araşdıraraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə tutulacaq borcun məbləğlərini müəyyən edərkən hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməlidir. Lakin faiz borcu bank tərəfindən təqdim edilən arayışda ekspert rəyindən az olduğundan faiz borcu arayışda qeyd olunan 761.2 ABŞ dolları kimi qəbul edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 2.462.56 ABŞ dolları məbləğində əsas borca münasibətdə cavabdehdən 273.86 ABŞ dolları dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 100 ABŞ dolları dəbbə (cərimə) pulu tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ümumilikdə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 21 manat xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Elman Hüseynov küçəsi, 1-ci dalan 4B yaşayış evi və 0.0166 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakların açıq hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmetləri olan mənzilə (evə) tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahələrindən cavabdehlərin çıxarılmaqla evin boşaldılması və onların həmin evə istifadə hüquqlarının itirilmələri, göstərilən yaşayış sahələrinin İddiaçı QSC-yə təhvil verilməsi hissəsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasının təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə görə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulmasıdır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutulması barədə hissəsi isə təmin edilməməlidir. Belə ki, həmin hissə qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Məhkəmə həmçinin qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququnun itirilməsi həmçinin fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin boşaldılması barədə iddiaçının (ipoteka saxlayanın) tələb irəli sürmək hüququ yoxdur. Belə ki, həmin tələblə məhkəməyə müraciət etmək hüququ qanunla mülkiyyətçiyə aid edilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, ipoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; 26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq; 26.1.6. ipoteka hüququnu girov qoymaq. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada müştərək qaydada 2.462.56 ABŞ dolları məbləğində əsas borc, 761.2 ABŞ dollari faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə, cəmi 3323.76 ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, tələb Cavabdeh1 məxsus olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Elman Hüseynov küçəsi, 1-ci dalan 4B yaşayış evi və 0.0166 ha torpaq sahəsinə yönəldilməli və ilkin satış qiyməti 50 000 manat (likvid) olmaqla açıq hərracdan satılmalı, həmin yaşayış sahəsinə tutma yönəldildikdə o, satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən 1 (bir) ay ərzində tərk edilmədikdə, həmin yaşayış sahəsindən çıxarılmalı, ipoteka predmetlərinin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 İddiaçı QSC-yə olan borcu ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə daşınmaz əmlakların qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 800 manatın 500 manatı Cavabdeh1, 300 manatı İddiaçı QSC-dən alınaraq «X5» MMC-nin hesabına və iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 manatın 50 manatı Cavabdeh1, 50 manatı İddiaçı QSC-dən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada müştərək qaydada 2.462.56 ABŞ dolları məbləğində əsas borc, 761.2 ABŞ dollari faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə, cəmi 3323.76 ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh1 məxsus olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Elman Hüseynov küçəsi, 1-ci dalan 4B yaşayış evi və 0.0166 ha torpaq sahəsinə yönəldilsin və ilkin satış qiyməti 50 000 manat (likvid) olmaqla açıq hərracdan satılsın. Həmin yaşayış sahəsinə tutma yönəldildikdə o, satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən 1 (bir) ay ərzində tərk edilmədikdə, həmin yaşayış sahəsindən çıxarılsınlar. İpoteka predmetlərinin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 İddiaçı QSC-yə olan borcu ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə daşınmaz əmlakların qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 800 manatın 500 manatı Cavabdeh1, 300 manatı "xxxx" QSC-dən alınaraq «X5» MMC-nin hesabına (AZ11NABZ**********00********) və iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının dəyəri olan 100 manatın 50 manatı Cavabdeh1, 50 manatı İddiaçı QSC-dən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-249/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-249/2021
29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver