Məhkəmə qərarları › İş №2(003)-2515/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2515/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2515/2025 04.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı "xxxx" Kommersiya Bankı ASC borclu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1000 manat məbləğində əsas, 176 manat məbləğində faiz borcu, 38,6 manat cərimə borcu olmaqla, cəmi 1214,60 manat məbləğində pul vəsaitinin və ödənilmiş 32,60 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı "xxxx" KB ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 29 faiz ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 4.2.16-cı bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 13 may 2025-ci il tarixinə "xxxx" KB ASC-yə 1000 manat əsas borc, 176 manat faiz borcu, 38,60 manat cərimə olmaqla cəmi 1214,60 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

3. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı ünvana rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddia tələbinə dair hər hansı münasibət bildirilməmiş və məhkəməyə iddiaya qarşı heç bir əsaslandırılmış etiraz göndərilməmişdir.

Mülki işin materialları: İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:

4. "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 5136sMDKb/22 saylı kredit xətti müqaviləsindən görünür ki, "xxxx" KB ASC Cavabdeh 35 ay müddətinə, xx.xx.2025-ci il tarixinədək, illik 29 faiz ödəmək şərtilə 1000 (bir min) manat məbləğində kredit xətti ayrmağı, borcalan isə kredit xəttindən məqsədli təyinatına uyğun istifadə etməyi və krediti müəyyən olunmuş müddətdə faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.

5. "xxxx" KB ASC Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli “Ərizə-anket və imza nümunəsi”nin: 1-ci bəndində qeyd edilir ki, bu ərizəni imzalamaqla mən Cavabdeh təsdiq edirəm ki, "xxxx" Kommersiya Bankı ASC-nin leobank.az internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli, 01U/21 saylı ümumi ofertası ilə tanış oldum və onun bütün şərtləri ilə razıyam. Bütün öhdəliklərimi vaxtlı-vaxtında, düzgün, qeyd-şərtsiz yerinə yetirəcəyəm; 3-cü bəndində qeyd edilir ki, nağd kredit və ya kredit xətti üzrə şərtləri ümumi offertada qeyd edildiyi kimi qəbul edirəm.

6. 1 may 20205-ci il tarixli, UB-BANK/PİKMD/1280540 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 5136sMDKb/22 saylı müqaviləyə əsasən 13 may 2025-ci il tarixə banka 1000 manat məbləğində əsas borc, 176 manat məbləğində faiz borcu, 38,60 manat məbləğində cərimə olmaqla, cəmi 1214,60 manat məbləğində borcu yaranmışdır.

7. 7.03.2025-ci il tarixli Bildirişdən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh xəbərdarlıq göndərilərək, 07 mart 2025-ci il tarixinə 1000 AZN (bir min manat) əsas, 125,16 AZN (bir yüz iyirmi beş mant on altı qəpik) faiz, 18.3 AZN (on səkkiz manat otuz qəpik) cərimə olmaqla, cəmi 1143,46 AZN (bir min bir yüz qırx üç manat qırx altı qəpik) məbləğində borcunun yarandığı bildirilmiş və bütün borcun 3 iş günü ərzində tam ödənilməsi və kredit müqaviləsinin ləğv olunması tələb edilmiş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

8. 13 may 2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" KB ASC tərəfindən hazırkı tələb üzrə məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 32,60 AZN (otuz iki manat altmış qəpik) məbləğində dövlət rüsumu ödənilmişdir.

9. Poçt qəbzindən görünür ki, məhkəmə tərəfindən MPM-in 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı ünvana poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin verilmiş zərfin üzərinə “ünvan tam deyil” qeyd edilərək məhkəməyə geri qaytarılmışdır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

10. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

11. 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.

12. 417.1-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.

13. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

14. 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

15. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

16. 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:

18. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

19. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.

20. 24. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

21. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

23. Belə ki, iş matertiallarında olan və məhkəmə tərəfindən tədqiq edilən sübutlar (§ 4- 6) əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında kredit xətti müqaviləsi bağlanmış, iddiaçı (bank) tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilərək cavabdehə 35 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 100 manat məbləğində pul vəsaiti verilmiş, lakin cavabdeh tərəfindən əsas borc və ona hesablanmış faizlər razılaşmaya uyğun olaraq müəyyən edilmiş müddət ərzində ödənilməmiş və nəticədə cavabdeh müqavilə öhdəliklərini pozmuşdur. Bu səbbədən iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli xəbərdarlıq (pretenziya) göndərilərək borcun tam qaytarılması tələb edilməklə sözügedən müqavilədən imtina (ləğv) edilmişdir.

24. Məhkəmə qanunvericiliyin tələblərini hazırki işin faktiki hallarına tətbiqi baxımından hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıdığından, müqavilə üzrə yaranmış borcunu razılaşdırılmış qaydada iddiaçıya ödəmədiyi üçün cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı (bank) müqavilədən imtina etməklə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia tələbi əsas borc hissəsində əsaslı olduğundan tam təmin edilməli, 1000 AZN (bir min manat) məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Məhkəmə iddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ödənilməli borc barədə cavabdehə xx.xx.2025-cü il tarixli bildirişlə (pretenziya) müraciət edərkən hazırki iddia ərizəsində göstərilən məbləğ (176 manat) barədə deyil, başqa məbləğ (yəni 125,16 - bir yüz iyirmi beş mant on altı qəpik) barədə borclunu məlumatlandırmışdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyini əsas alaraq hesab edir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərməklə ondan bütün borcun qaytarılmasını tələb etməsi, əks halda barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəyi barədə ona xəbərdarlıq edilməsi (birtərəfli qaydada iradə ifadəsinin qarşı tərəfə bildirilməsi) kredit müqaviləsinin bildirişdə göstərilən əlavə müddət bitdiyi tarixdən birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Ona görə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsi bildirişdə göstərilən əlavə (3 gün) müddət bitdiyi tarixdən, yəni xx.xx.2025ci il tarixində ləğv edilmiş hesab edilir. Belə olan halda müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması qanuni yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Lakin kreditor müqavilə ləğv edildiyi vaxtdan gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin (qanuni faiz) ödənilməsini tələb etmək hüququna malikdir. Hazırda isə bununla bağlı heç bir tələb mövcud deyil. Ona görə hazırki vəziyyətdə iddia tələbi faiz hissəsində qismən, yəni bildirişdə göstərilən 125,16 AZN məbləğində təmin edilməlidir.

26. Məhkəmə iddia tələbinin cərimə məbləği hissəsinə münasibətdə isə qeyd edir ki, əvvəla iddiaçı xx.xx.2025-cü il tarixli bildirişdə cərimə məbləğini hazırki iddia ərizəsində göstərilən (38.6 manat) məbləğdə deyil, 18.3 manat məbləğində tələb etmiş, ancaq iddia ərizəsində həmin məbləğin sonradan hansı qaydada artırıldığı əsaslandırılmamışdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər.Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 1000 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 38,60 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 10 (on) AZN cərimə tutulmalıdır.

27. Məhkəmə iddianın ödənilmiş 32.6 (otuz iki manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənildiyi üçün tələb edilə bilər. Ancaq iddianın qismən təmin edildiyi nəzərə alınaraq həmin məbləğin də təmin edilmiş hissəyə (1125,16 manata) mütənsaib olaraq cavabdehdən tutulması qanunauyğundur. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manat məbləğindən 10.000 manat məbləğinədək olduqda 30 manat məbləğində + 1.000 manat məbləğindən yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində qismən təmin edilməli, 31.25 AZN məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

29. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismın təmin edilməli, 1000 AZN (bir min manat) məbləğində əsas, 125,16 AZN (bir yüz iyirmi beş manat on altı qəpik) məbləğində faiz borcu, 10 AZN (on manat) məbləğində cərimə olmaqla, cəmi 1135,16 AZN (bir min bir yüz otuz beş manat on altı qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 31,25 AZN (otuz bir manat iyirmi beş qəpik) dövlət rüsumunun məbləği Cavabdehdan iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia qismən təmin edilsin. Cavabdeh 1000 AZN (bir min manat) məbləğində əsas borc, 125,16 AZN (bir yüz iyirmi beş manat on altı qəpik) məbləğində faiz borcu, 10 AZN (on manat) məbləğində cərimə borcu olmaqla, cəmi 1135,16 AZN (bir min bir yüz otuz beş manat on altı qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 31,25 AZN (otuz bir manat iyirmi beş qəpik) dövlət rüsumunun məbləği tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar