Məhkəmə qərarları › İş №2(003)-2554/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2554/2025

13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2554/2025 13.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı “X3” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X3” ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması barədə” iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4500 manat əsas, 913.9 manat faiz, 15 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5428.9 manat borcun və 74.69 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021 -ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərtilə 4500 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 4.2.16-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 17 may 2025, şənbə tarixinə "xxxx" KB ASC-yə 4500 AZN əsas, 913,9 AZN faiz, 15 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5428,90 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

Proses iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı “X3” ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun ərizə verərək, iddia tələbinin məhkəmə tərəfindın təmin olunmasını xahiş etmişdir. O, həmçinin izahatında kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün cavabdehə xəbərdarlıq məktubu göndərildiyini, cavabdeh tərəfindən həmin xəbərdarlıq məktubu əldə edildikdən sonra öhdəliklərinin icrası üçün az məbləğdə olsa da, ödənişlər həyata keçirildiyini, lakin bunun davamlı olmadığını yendiən öz öhdəliklərinin icrasından yayındığını qeyd etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:

5. "xxxx" KB ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ərizə-anket və imza nümunəsinə əsasən, Cavabdeh “Unibank “ KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu, həmin ofertanın nüsxəsini ona məxsus mobil telefonunda yüklənmiş mobil əlavədə aldığını, bütün şərtləri qəbul etdiyini və bütün öhdəliklərini vaxtlı vaxtında, düzgün, qeyd-şərtsiz yerinə yetirəcəyini bəyan etmişdir.

6. "xxxx" KB ASC-nin xx.xx.2025-ci il tarixli, LB0008136-1 nömrəli arayışından görünür ki, xx.xx.2021-ci il tarixli ərizə və xx.xx.2021-ci il tarixli Ümümu Oferta müqaviləsinə əsasən Cavabdeh 35 ay müddətinə, illik 27.6 faiz dərəcəsi ilə 1200 manat məbləğində ARGİD********** nömrəli kredit xətti açılmışdır.

7. xx.xx.2022-ci il tarixli, S4226 nömrəli SMS bildirişdən görünür ki, Cavabdeh məxsus kredit xəttinin limiti 4500 manat məbləğinədək artırılmışdır.

8. xx.xx.2025-ci il tarixli Bildirişdən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh xəbərdarlıq göndərilərək, xx.xx.2025-ci il tarixinə mövcud olan 4500 AZN əsas, 1692.4 AZN faiz, 25 Azn cərimə olmaqla, cəmi 6217.4 AZN borcun 5 iş günü ərzində tam ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

9. 17 may 2025-ci il tarixli, UB-BANK/PİKMD/1282345 saylı maliyyə arayışından görünür ki, ARGİD********** saylı kredit müqaviləsi üzrə Cavabdeh 17 may 2025-ci il tarixinə banka 4500 AZN məbləğində əsas, 913.9 AZN məbləğində faiz, 15 AZN cərimə borcu olmaqla, cəmi 5428.9 məbləğində borcu yaranmışdır.

10. 17.05.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" KB ASC tərəfindən hazırkı tələb üzrə məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 74.29 AZN məbləğində dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

11. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə (əqd) olmalıdır. 12.423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 13.442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 14.443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 15.445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 16.447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. 17.447.2.2-ci maddəsinə əsasən, öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur. 18.447.7-ci maddəsinə əsasən, müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. 19.448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 20.743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. 21.743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 22.742.5-ci maddəsinə əsasən, qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). 23.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.”

Məhkəmənin mövqeyi:

24.Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. 25.Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilən sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ərizə və xx.xx.2021-ci il tarixli Ümümi Ofertaya müqaviləsinə əsasən Cavabdeh adına 35 ay müddətinə, illik 27.6% ödəmək şərtilə 1200 manat məbləği limitində kredit xətti açılmışdır. Sonuncu dəfə cavabdehə xx.xx.2022-ci il tarixli, S4226 nömrəli SMS bildiriş göndərilməklə Cavabdeh məxsus kredit xəttinin limiti 4500 manat məbləğinədək artırılmışdır. Cavabdeh tərəfindən əsas borc və ona hesablanmış faizlər razılaşmaya uyğun olaraq müəyyən edilən müddət ərzində ödənilmədiyindən, cavabdehə öhdəliklərini icra etməsi ilə bağlı bildiriş göndərilmişdir. Sözügüdən bildiriş cavab tərəfindən qəbul edildikdən sonra, o, barəsində mövcud olan borc öhdəlikləri barədə banka ödənişlər həyata keçirmişdir. Lakin bu ödənişlər borc məbləğinin tam həcmdə ödənilməsi üçün kifayət olmamışdır. Bu səbəblə hazırda iddiaçı "xxxx" KB ASC xx.xx.2025-ci il tarixli bildirişdə qeyd olunan borc öhdəliyindən fərqli olaraq 4500 AZN məbləğində əsas borc, 913.9 Azn faiz və 15 AZN cərimə borcu olmaqla cəmi 5428.9 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 74.69 məbləğin cavabdehdən tutulması iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 26.Məhkəmə qanunvericiliyin tələblərinin hazırki işin faktiki hallarına tətbiqi baxımından hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıdığından, müqavilə üzrə yaranmış borcunu razılaşdırılmış qaydada iddiaçıya ödəmədiyi üçün cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı (bank) müqavilədən imtina etməklə yaranmış əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia tələbi bu hissədə əsaslı olduğundan tam təmin edilməli, 4500 manat məbləğində əsas borc, 913.9 manat məbləğində faiz borcu və 15 manat cərimə borcu olmaqla, cəmi 5428.9 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 27.Məhkəmə həmçinin iddianın ödənilmiş 82.86 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki,“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manat məbləğinədək olduqda 30 manat məbləğində + 1.000 manat məbləğindən yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 82.86 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 28.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 29.Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edilməli, 4500 AZN (dörd min beş yüz manat) əsas borc, 913.9 AZN (doqquz yüz on üç manat doxsan qəpik) faiz borcu və 15 AZN cərimə (on beş manat) olmaqla, cəmi 5428.9 AZN (beş min dörd yüz iyirmi səkkiz manat doxsan qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 74.69 AZN (yetmiş dörd manat altmış doqquz qəpik) dövlət rüsumunun məbləği Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia təmin edilsin. Cavabdeh 4500 AZN (dörd min beş yüz manat) əsas borc, 913.9 AZN (doqquz yüz on üç manat doxsan qəpik) faiz borcu və 15 AZN cərimə (on beş manat) olmaqla, cəmi 5428.9 AZN (beş min dörd yüz iyirmi səkkiz manat doxsan qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 74.69 AZN (yetmiş dörd manat altmış doqquz qəpik) dövlət rüsumunun məbləği tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar