Məhkəmə qərarları › İş №2(003)-2560/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2560/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2560/2025 08.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı "xxxx" Kommersiya Bankı ASC borclu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1100 (bir min yüz) manat məbləğində əsas borc, 135,76 (bir yüz otuz beş manat yetmiş altı qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1235,76 (bir min iki yüz otuz beş manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaitinin və 32,76 (otuz iki manat yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60 faiz ödəmək şərtilə 1100 manat məbləğində kredit verilmişdir. Müqavilənin 4.2.16-cı bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə, bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 17 may 2025-ci il tarixinə "xxxx" KB ASC-yə 1100 manat məbləğində əsas, 135,76 manat məbləğində faiz borcu olmaqla, cəmi 1235,76 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

3. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh xx.xx.2025-ci il tarixdə həmin bildirişi qəbul etmiş, lakin onun tərəfindən iddia tələbinə dair hər hansı münasibət bildirilməmiş və məhkəməyə iddiaya qarşı heç bir əsaslandırılmış etiraz göndərilməmişdir. Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:

4. "xxxx" KB ASC və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli “Ərizəanket və imza nümunəsi”nin: 1-ci bəndində qeyd edilir ki, bu ərizə-anket və imza nümunəsini imzalamaqla X1 təsdiq edirəm ki, "xxxx" Kommersiya Bankı ASC-nin leobank.az internet səhifəsində yerləşdirilmiş 2023-10-01-ci il tarixli “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlər” və 2023-10-01-ci il tarixli “Fiziki şəxslərə kreditin verilməsinə dair Standart Şərtlər”lə tanış olmuşam, elektron formada analoq imza ilə təsdiq etmişəm və onların bütün müddəaları ilə razıyam; 3-cü bəndində qeyd edilir ki, xahiş edirəm mənə 62 təqvim gününədək güzəşt müddəti olan və “Leobank” mobil əlavəsində və Bank tərəfindən elektron üsulla mənə göndəriləcək Standart məlumatlandırma formasında göstərilən məbləğdə və müddətdə kredit xətti ayırasınız; 4-cü bəndində qeyd edilir ki, bu ərizə-anket və imza nümunəsi, 2023-10-01-ci il tarixli Fiziki şəxslərə kreditin verilməsinə dair Standart Şərtlər və standart məlumatlandırma forması bankla aramızda bağlanan kredit xətti müqaviləsinin tərkib hissəsidir.

5. "xxxx" KB ASC-nin xx.xx.2025-ci il tarixli LB0008223-1 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli ərizə və xx.xx.2023-cü il tarixli Ümumi Oferta müqaviləsinə əsasən Cavabdeh Musa oğluna Cavabdeh AGİD**********3 nömrəli kredit xətti açılmışdır. Kredit şərtləri: kredit limitinin məbləği - 1100; kreditin başlama tarixi - xx.xx.2024; kreditin bitmə tarixi - xx.xx.2027; kreditin müddəti - 35 ay; faiz dərəcəsi - 27,6% illik (2,3% aylıq); gecikməyə görə faiz dərəcəsi – ödənilməmiş minimal ödənişin 0.5%-i; gecikməyə görə cərimə - birinci ay 5 manat, növbəti aylar 10 manat.

6. xx.xx.2024-xx.xx.2025-ci il tarixlərə dair hesabdan çıxarışdan görünür ki, Cavabdeh kredit xətti üzrə əməliyyatlar üzrə ümumi dövriyyəsi 1206 manat təşkil etmişdir.

7. 17 may 20205-ci il tarixli, UB-BANK/PİKMD/1282325 saylı maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli, AGİD**********3 saylı müqaviləsi üzrə Cavabdeh 17 may 2025-ci il tarixinə banka 1100 AZN (bir min yüz manat) məbləğində əsas borc, 135,76 AZN (bir yüz otuz beş manat yetmiş altı qəpik) məbləğində faiz borcu (cərimə borcu 0 (sıfır) AZN) olmaqla, cəmi 1235,76 AZN (bir min iki yüz otuz beş manat yetmiş altı qəpik) məbləğində borcu yaranmışdır.

8. xx.xx.2025-ci il tarixli Bildirişdən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh xəbərdarlıq göndərilərək, xx.xx.2025-ci il tarixinə 1100 AZN əsas, 135,76 AZN faiz 0 (sıfır) AZN cərimə olmaqla, cəmi 1235,76 AZN məbləğində borcunun yarandığı bildirilmiş və bütün borcun 5 iş günü ərzində tam ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

9. 6. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" KB ASC tərəfindən hazırkı tələb üzrə məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 32,76 AZN (otuz iki manat yetmiş altı qəpik) məbləğində dövlət rüsumu ödənilmişdir.

10. Poçt qəbzindən görünür ki, məhkəmə tərəfindən MPM-in 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə göndərilmiş bildiriş cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə şəxsən imzalanmaqla qəbul edilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

11. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

12. 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.

13. 417.1-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.

14. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

15. 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

16. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

17. 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

18. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

19. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.

20. 24. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

21. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

23. Belə ki, iş matertiallarında olan və məhkəmə tərəfindən tədqiq edilən sübutlar (§ 4- 7) əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında kredit xətti müqaviləsi bağlanmış, iddiaçı (bank) tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilərək cavabdehə 35 ay müddətinə illik 27,6 faiz dərəcəsi ilə 1100 manat məbləğində pul vəsaiti verilmiş, lakin cavabdeh tərəfindən əsas borc və ona hesablanmış faizlər razılaşmaya uyğun olaraq müəyyən edilmiş müddət ərzində ödənilməmiş və nəticədə cavabdeh müqavilə öhdəliklərini pozmuşdur. Bu səbbədən iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu (pretenziya) göndərilərək borcun tam qaytarılması tələb edilməklə sözügedən müqavilədən imtina (ləğv) edilmişdir.

24. Məhkəmə qanunvericiliyin tələblərini hazırki işin faktiki hallarına tətbiqi baxımından hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıdığından, müqavilə üzrə yaranmış borcunu razılaşdırılmış qaydada iddiaçıya ödəmədiyi üçün cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı (bank) müqavilədən imtina etməklə yaranmış əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia tələbi bu hissədə əsaslı olduğundan tam təmin edilməli, 1100 AZN məbləğində əsas borc və 135,76 AZN məbləğində faiz borcu olmaqla, cəmi 1235,76 AZN məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Məhkəmə iddianın ödənilmiş 32.76 (otuz iki manat yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, 32.76 manat məbləğində dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənilmişdir və iddia tələbi tam təmin edildiyi üçün cavabdeh həmin məbləği də tam tələb etməkdə haqlıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manat məbləğindən 10.000 manat məbləğinədək olduqda 30 manat məbləğində + 1.000 manat məbləğindən yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də tam təmin edilməli, 32.76 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

27. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edilməli, 1100 AZN (bir min yüz manat) məbləğində əsas, 135,76 AZN (bir yüz otuz beş manat yetmiş altı qəpik) məbləğində faiz borcu olmaqla, cəmi 1235,76 AZN (bir min iki yüz otuz beş manat yetmiş altı qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 32,76 AZN (otuz iki manat yetmiş altı qəpik) dövlət rüsumunun məbləği Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia təmin edilsin. Cavabdeh 1100 AZN (bir min bir yüz manat) məbləğində əsas borc, 135,76 AZN (bir yüz otuz beş manat yetmiş altı qəpik) məbləğində faiz borcu olmaqla, cəmi 1235,76 AZN (bir min iki yüz otuz beş manat yetmiş altı qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 32,76 AZN (otuz iki manat yetmiş altı qəpik) dövlət rüsumunun məbləği tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar