Məhkəmə qərarları › İş №2(003)-2593/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2593/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2593/2021 30.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı "Finca Azerbaijan" X2 Bank Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdeh1, Cavabdeh Cavabdeh2, Cavabdeh3 iştirakı ilə, İddiaçı "Finca Azerbaijan" X2 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Finca Azerbaijan" X2 Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən birgə qaydada əsas borc üzrə 3664,14 manat, məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "Finca Azerbaijan" X2 Bank Kredit Təşkilatının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "Finca Azerbaijan" X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında 03.09.2014-cü il tarixində bağlanmış **********5876 saylı kredit müqaviləsinə əsasən cavabdehə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 31% dərəcəsi olmaqla 20 ay müddətinə 7000 manat mbləğində kredit vermişdir. Hər ay ödəniş cədvəlinə əsasən 455 manat ödəməsi nəzəərdə tutulmuşdur. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 və Cavabdeh3 zamin qismində sözü gedən kredit müqavilələrinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 07.05.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən 03.09.2014-cü il tarixli, **********5876 saylı kredit müqaviləsi üzrə borcun məbləği 3664,14 manat əsas borcu təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında iddia tələbini müdafiə etmiş və məhkəmədən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini etiraf edərək izahatında bildirmişdir ki, onun iddiaçı cəmiyyətə kredit borcu vardır. Hal-hazırda maddi vəziyyəti çətin olduğundan banka olan borcunu ödəyə bilmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, qeyd oluna kreditin müddəti uzadılmışdır. Lakin onun bundan xəbəri olmamış və o buna razılıq verməmişdir. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirdi ki, qeyd oluna kreditin müddəti uzadılmışdır. Lakin onun bundan xəbəri olmamış və o buna razılıq verməmişdir. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarından görünür ki, iddiaçı "Finca Azerbaijan" X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında 03.09.2014-cü il tarixində bağlanmış **********5876 saylı kredit müqaviləsinə əsasən cavabdehə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 31% dərəcəsi olmaqla 20 ay müddətinə 7000 manat mbləğində kredit vermişdir. İş materiallarından görünür ki, iddiaçı "Finca Azerbaijan" X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında 15.05.2016-cı il tarixində bağlanmış 08.10.2015-ci il tarixli **********1296 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair Sazişə əsasən 08.10.2015-ci il tarixli **********1296 saylı kredit müqaviləsi kreditin qalıq məbləği 3746,0 manat müəyyən edilmiş və göstərilən məbləğin 38 ay müddətində ödənilməsi razılaşdırılmışdır. Eyni zamanda, işə əlavə olunmuş 03.09.2014-cü il tarixində bağlanmış **********5876 saylı kredit müqaviləsindən görünür ki, əsas borclu Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminliyi ilə təmin edilmiş və onlar bank qarşısında əsas borclu ilə birgə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 07.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 03.09.2014-cü il tarixli, **********5876 saylı kredit müqaviləsi üzrə borcun məbləği 3664,14 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "Finca Azerbaijan" X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında 03.09.2014-cü il tarixində bağlanmış **********5876 saylı kredit müqaviləsinə əsasən cavabdehə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 31% dərəcəsi olmaqla 20 ay müddətinə 7000 manat mbləğində kredit vermişdir. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 və Cavabdeh3 zamin qismində sözü gedən kredit müqavilələrinin tərəfi olmuşdur. 15.05.2016-cı il tarixində tərəflər arasında 08.10.2015-ci il tarixli **********1296 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair Sazişə bağlanmış 08.10.2015-ci il tarixli **********1296 saylı kredit müqaviləsi kreditin qalıq məbləği 3746,0 manat müəyyən edilmişdir. Cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 07.05.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən 03.09.2014-cü il tarixli, **********5876 saylı kredit müqaviləsi üzrə borcun məbləği 3664,14 manat əsas borcu təşkil edir. Cavabdehlər bankın çoxsaylı müraciətlərinə baxmayaraq borcu ödəməkdən imtina etmişlər. Hazırda iddiaçı məhkəməyə müraciət edərək bu borcun cavabdehlər, yəni borcalan və zamin tərəfindən ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı qeyd olunan müqavilələr üzrə əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin tələbdə qeyd edilən məbləğin həmçinin müştərək qaydada Cavabdeh2 və Cavabdeh3 tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla tətbiq edilməlidir. Qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, tələbkar ilə Cavabdeh1 arasında bağlanmış 03 sentyabr 2014-cü il tarixli kredit müqaviləsində Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminliyi ilə təmin edilmiş, həmin müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmiş və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Yuxarıda da qeyd edildiyi kimi “Finca Azerbaijan" X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 03 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə və 15.05.2016-cı il tarixində bağlanmış 08.10.2015-ci il tarixli **********1296 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair Sazişə əsasən 38 ay ərzində, yəni 18 oktyabr 2018-ci il tarixədək qaytarılmasını razılaşdırmışlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı bank zaminlərə qarşı 18 oktyabr 2019-cu il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı bank tərəfindən zaminlərə qarşı hər hansı iddia irəli sürülmədiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri baxımından zaminlərin hazırki tələb üzrə məsuliyyəti istisna edilir və iddia tələbi zaminə aid hissədə rədd edilməlidir. Məhkəmə həmçinin iddianın 30,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən almaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 212.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-230, 227, 233, 320-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1, **********5876 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 3664,14 (üç min altı yüz altmış dörd manat, on dörd qəpik) manat məbləğində borc pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq "Finca Azerbaijan" X2 Bank Kredit Təşkilatının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar