Məhkəmə qərarları › İş №2(003)-262/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-262/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-262/2024 16.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – cavabdehdən 4600 manat pulun alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin əvvələrindən uzun müddətdir tanıdığı Cavabdeh borc olaraq hissə-hissə 6000 manat məbləğində pul vermişdir. Cavabdeh ona olan borcundan 1400 manat qaytarmış, 4600 manat isə borclu qalmışdır. Həmin məbləği isə bugünədək ödəməmişdir. Aralarında bu barədə “whatsapp yazışmaları” var və məhkəməyə təqdim edəcəkdir. İddiaçı X1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi və vəkili işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, hüquqlarını təmsil etdiyi cavabdeh iddiaçıdan 1400 manat pul borc almış, həmin pulu iddiaçıya qaytarmışdır. İddiaçı isə əsassız olaraq cavabdehdən 4600 manat pul tələb edir. İddiaçının tələbinin sübut edəcək heç bir sənəd məhkəməyə təqdim etmir. Bu səbəbdən də, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia təmin edilməlidir. Ona görə ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı öncəki məhkəmə iclasında iştirak edən zaman izahatında, iddia ərizəsinə əlavə etdiyi, tələbinin əsasını təşkil edən cavabdeh ilə aralarında olan “WhatsApp” yazışmasına istinad etsə də, həmin yazışmanın məhz cavabdehlə aparılması məhkəməyə bəlli olmamışdır. Bu səbəbdən də, iddiaçının təqdim etdiyi “WhatsApp” yazışması cavabdehin iddiaçıdan 4600 manat pul almasını təsdiq edən sübut növü kimi qiymətləndirilməməlidir. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən, o cümlədən iddiasının əsası kimi istinad etdiyi hallar məhkəmə iclasında işin hər hansı bir halı ilə təsdiq edilmədiyindən, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, yuxarıda qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, iddiaçı 4600,0 manat borcun verilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar