Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2666/2021 12.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı “X8” MMC-nin nümayəndəsi X2, Cavabdeh Əmir oğlunun iştirakı ilə İddiaçı “X8” MMC-nin Cavabdeh Əmir oğluna qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “X8” MMC Cavabdeh Əmir oğluna qarşı – "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X8” MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 8959,41 manat və dövlət rüsumu kimi ödənilmiş 30 AZN məbləğin Cavabdeh Əmir oğlundan tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh Əmir oğlu arasında 17 yanvar 2017-ci il 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “X6” haqqında müqavilə imzalanmışdır. 10 may 2018–ci il tarixli 180-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, 23 yanvar 2019-cu il tarixli 038-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh Əmir oğlu iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 27 avqust 2018-ci il, 11 oktyabr 2018-ci il tarixdə Oba–Buzovna 8 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Əmir oğlu Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 27 avqust 2018-ci il və 11 oktyabr 2018-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən 12139,88 manat məbləğində zərər vurulması məlum edilib. Maliyyə arayışından məlum olur ki, ümumi borcdan 2093,28 manat güzəşt edilmiş və 1087,0 manat hissəsi isə şirkətdən alacağı vəsaitlə qarşılanmışdır və yekun olaraq cavabdehin cəmiyyət qarşısında 8959,41 manat borc təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçı MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Əmir oğlu məhkəmə iclasında iddiaya etiraz edərək bildirdi ki, iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və izahatında göstərmişdir ki, iddiaçı tərəfindən verilən iddia müddəti ötürülmüşdür. Belə ki, o, 17 yanvar 2017-ci il tarixdə 081–K nömrəli əmrə əsasən “X8“ MMC–də İşçi X1 xxxxlər şəbəkəsinə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi əsasında satıcı-kassir vəzifəsinə işə götürülmüş və onunla “X6 haqqında” müqavilə bağlanılmışdır. 10 may 20l8–ci il tarixdə 180-K nömrəli əmrə əsasən administrator vəzifəsinə keçirilmişdir. 23 yanvar 2019–cu il tarixdə “X8” MMC-nin 038-K nömrəli əmrinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddia ərizəsindən də açıq-aydın görünürki, rəsmi olaraq işdən azad olunduğu müddətin üzərindən 2 il 4 ay vaxt keçmişdir, lakin buna baxmayaraq “X8” MMC yuxarıda qeyd olunan iddia tələbi ilə bağlı 31 may 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsində qeyd edilmişdir ki, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən l təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Cavabdeh məhkəməyə ünvanladığı digər ərizəsində və izahatında bildirmişdir ki, onunla “X8” MMC arasında olan “aktivlər üzrə inventarizasiya nəticələrinə dair” aktı imzalayarkən səbəb göstərə bilməməyi ilə bağlı qeyd etmişdir ki, bu onun “X8” MMC–yə olan borcunu təsdiq edən akt deyil. Belə ki, adından göründüyü kimi “aktivlər üzrə inventarizasiya nəticələrinə dair” aktdır. Həmin aktda da hansı məhsullar üzrə artıqların, hansı məhsullar üzrə də əskiklərin olduğu qeyd edilmişdir. Yəni konkret olaraq borcla bağlı hər hansı bir qeyd yoxdur. Yalnız cədvəlin yuxarı hissəsində “inventarizasiyanın nəticəsinə əsasən” nəyin artıq, nəyin əskik gəldiyi qeyd olunmuşdur. Hesab edir ki, iddiaçı “X8” MMC–nin ona qarşı 8959,41 manat məbləğində maddi ziyanın ödənilməsi barədə iddia müddəti ötürüldüyü səbəbindən onun tərəfindən verilən iddia rədd olunmalıdır. İddiaçı “X8” MMC–nin ona qarşı 8959,41 manat məbləğində maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia müddəti tədbiq edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X8“ MMC ilə Cavabdeh Əmir oğlu arasında 17 yanvar 2017-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan X8“ MMC ilə Cavabdeh Əmir oğlu arasında 17 yanvar 2017-ci il tarixdə bağlanmış “X6 haqqında” müqaviləyə əsasən Cavabdeh Əmir oğlu X1 xxxxlər şəbəkəsinə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi əsasında satıcı-kassir vəzifəsinə işə götürülmüşdür. İş materiallarında olan 10 may 2018-ci il tarixli 180-K əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh Əmir oğlu “X8” MMC-nin Satış Departamentinə administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan 23 yanvar 2019-cu il tarixli 038-K saylı əmrin surətindən görünür ki, Cavabdeh Əmir oğlu “X8” MMC-nin Satış əməliyyatları şöbəsinin Administratorunun əmək müqaviləsinə 23 yanvar 2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İş materiallarında olan 27 avqust 2018-ci il tarixində “OBA” Buzovna filialında aparılmış təhvil-təslim nəticələrinə dair yekun akta əsasən “araşdırma sonrası nəticə” bölməsində 11478,40 manat çatışmazlıq müəyyən edilmişdir. İş materiallarında olan 07 dekabr 2020-ci il tarixli “X8” MMC-nin sabiq administratoru, Cavabdeh Əmir oğlunun maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışdan görünür ki, 27 avqust 2018-ci il və 11 oktyabr 2018-ci il tarixdə Cavabdeh Əmir oğlu ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 12139,88 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 2093,28 manat Cəmiyyət tərəfindən güzəşt edildiyi məbləğlə və 1087,19 manat hissəsi isə şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Yekun olaraq şəxsin şirkət qarşısında 8959,41 (12139,88 – 3180,47) manat borcu qalmışdır. Cavabdeh Əmir oğlu manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə heç bir ödəniş etməmişdir. İş materiallarında olan “X8” MMC tərəfindən cavabdehə ünvanlanmış 24.10.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Ona görə ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, “X8” MMC ilə Cavabdeh Əmir oğlu arasında 17 yanvar 2017-ci il 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə işə qəbul olunmuş, 23 yanvar 2019-cu il tarixli əmrlə işdən azad edilmişdir. 27 avqust 2018-ci il və 11 oktyabr 2018-ci il tarixdə cavabdehin Oba–Buzovna mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində iddiaçıya zərər vurması müəyyən edilmiş, 27 avqust 2018-ci il və 11 oktyabr 2018-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 8959,41 manat təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı ona maddi ziyan vurulması ilə əlaqədar hüququnun ona məlum olduğu vaxtdan bir il ərzində məhkəməyə müraciət etmək hüququ olmuşdur. İşdə iştirak edən şəxslərin izahatları, işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, 11 oktyabr 2018–ci ildən iddiaçı hüquqlarının pozulduğunu bilmişdir. Göründüyü kimi, iddiaçı ona maddi ziyanın vurulmasını 11 oktyabr 2018-ci il (sonuncu inventarizasiya aktı ilə) tarixdə artıq bilirdi, yəni iddiaçı hüqununun pozulmasını 11 oktyabr 2018-ci ildə bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə 31.05.2021-ci il tarixdə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 11 oktyabr 2018-ci il tarixdə iddia müddətinin axımı başladığından, iddia müddəti 11 oktyabr 2019-cu il tarixdə bitmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələb üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Buna görə də iddianın qeyd edilən hissəsi də təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı “X8” MMC-nin Cavabdeh Əmir oğluna qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2666/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2666/2021
12.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver