Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2675/2022 24.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul vəsaitinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Cavabdeh 10313 ABŞ dollar məbləğindən bank uçot dərəcəsinə uyğun faizin onun xeyrinə tutulması barədə qətnamə çıхаrılmаsını хаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci ildə mən Cavabdeh xahişi ilə "xxxx" ASC-dən 15000 ABŞ dolları kredit götürərək cavabdehə vermişdir. Cavabdeh onun ücün götürdüyü krediti və ona hesablanmış faizi bir müddət ödəyəndən sonra maddi vəziyyətinin çətinləşdiyi bəhanəsi ilə ödənişləri saxladı. Odur ki, o Cavabdeh verdiyi pul vəsaitini almaq məqsədilə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qaldı. O 2019-cu ilin iyun ayında Xəzər Rayon Məhkəməsində pul vəsaitinin tutulması tələbinə dair iddia qaldırdı. Həmin ərizədə o məhkəmədən Cavabdeh 10313 ABŞ dolları vəsait və həmin məbləğdən bank uçot dərəcəsinə uyğun faizin tutulmasını xahiş etdi. Xəzər Rayon Məhkəməsinin 2(003)-2358/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun iddiası qismən təmin edilmişdir. Cavabdeh 10313 (on min üc yuz on üc) ABŞ dolları pul vəsaitinin alınması qət edilmişdir. Xəzər Rayon Məhkəməsinin artıq qanuni qüvvəsini almış qətnaməsinə əsasən məhkəmə ilkin iddia tələbinin 10313 ABŞ dollar məbləğinə illik faiz dərəcəsinin hesablanmasına qiymət verərək hesab edir ki, iddiacı İddiaçı xeyrinə 10313 (on min üc yüz on üc) ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh tutulması ilə bağlı qətnamə olmadığından iddia bu hissədə təmin edilə bilməz. O Vəliyevin xahişi ilə onun üçün götürdüyü krediti və həmin kreditə hesablanmış faizi 2012-ci ildə ödəmişdir. Cavabdeh hazırkı vaxtadək ona borcu qaytarmayıb və müxtəlif yollarla pulu qaytarmaqdan imtina edir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh borclu olduğu pul məbləğinin gecikdirilməsinə görə illik 5 % olmaqla 10 il müdət üçün 50%, yəni 5156 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəməyə təqdim edilmiş etiraza uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutları yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2358/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 10313 (on min üç yüz on üç) ABŞ dolları pul vəsaiti (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2358/2019-cu il tarixli qətnaməsi icraya yönəldilmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı iddia tələbi üzrə məhkəməyə ünvanlanmış olan etirazda qeyd edilmişdir ki, İddiaçı X5 tərəfindən pulun ödənilməsi ilə bağlı bugünə iki qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcüddur. Nəsimi rayon Məhkəməsinin 22000 manatın tutulmasına dair 2(006)-1815/2013 saylı 02 iyul 2013 il tarixli qətnaməsi, Xəzər rayon Məhkəməsinin 10313 ABŞ dolların və Nəsimi rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ilə tutulması qət edilmiş 22000 manatın geciktirilmiş vaxt üçün 6600 manatın tutulmasına dair 2 (003)-2358/2019 saylı xx.xx.2019 il tarixli qətnaməsi, hər iki qətnamə qanuni qüvvəsini almış və onlara uyqun olaraq verilmiş icra vərəqələri hazırda Nəsimi rayon İcra şöbəsinin icraatındadır o səbəbdən ki, görülmüş tədbirlər nəticəsində borclu X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ç.Mustafayev küçəsi, 72 saylı binanın zirzəmisində olan qeyri-yaşayış sahəsi aşkar olunmuşdur və hər iki tələbin həmin əmlaka yönəldilməsi üçün icra məmurun tərəfindən qanuni tədbirlər görülmüşdür. Lakin həmin sahənin satılması və bununla bağlı borcların ödənilməsi məhz İddiaçı etdiyi hərəkətlər nəticəsində təmin olunmur. İcra məmurunun qərarı ilə dəvət olunmuş qiymətləndirici tərəfindən həmin sahəyə 128000 manat qiymət qoyulmuşdur. Lakin iddiaçı sahəni özü üçün ən aşağı qiymətlə almaq məqsədi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(006)-128/2022 saylı qərardadı ilə yuxarıda qeyd olunan ekspert rəyi ləğv olunmuşdur və Bakı şəhəri, Nəsimi rayonu, Ç.Mustafayev küçəsi, 72 saylı binanın zirzəmisində olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin yenidən müəyyən edilməsi öhdəliyi Nəsimi rayon İcra şöbəsinə həvalə edilmişdir. Beləliklə məhz İddiaçı hərəkətləri nəticəsində hər iki icra vərəqəsi üzrə olan borclar indiyədək ödənilmir. Azərbaycan Respublikasını Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarı ilə müəyyən olunub ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Həmin qərarda xüsusi qeyd olunur ki, MM-in 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, ödənilməsini digər şəkildə gecikdirmə, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Bu baxımdan MM-in öhdəliklərin icra edilməməsinə görə məsuliyyət nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma və (qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. X1 hərəkət (hərəkətsizliyi) nəticəsində hər hansı yolla faydalanma faktı öz sübutunu tapmır. Göstərildiyi kimi iddiaçı X4 öz hərəkətləri ilə yuxarıda qeyd olunan icra vərəqələrin icrasına maneə yaradır. Beləliklə müəyyən olunur ki, borclu şəxs X5 borclu olduğu pul vəsaitlərinin qaytarmamağında təqsirli deyil. Əks halda icra məmurunun təşəbbüsü ilə onun inzibati və daha sonra cinayət məsuliyyətinə cəlb olunması üçün tədbir görülərdi. İcra məmuru tərəfindən borcluya məxsus hər hansı digər əmlakın aşkar olunmadığı, icra məmurunun borclu Namik Vəliyevin məsuliyyətə cəlb olunmaması, iddiaçının verdiyi əsassız ərizələrə görə icranın uzadılması onu göstərir ki, borclu X2 10313 ABŞ dolların bank uçot dərəcəsinə uyğun faizlərin tutulması qanusuzdur. Məhkəmədən iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahış edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.” Əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi ilk növbədə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2358/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 10313 (on min üç yüz on üç) ABŞ dolları pul vəsaiti (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Mülki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icra olunması üçün aidiyyəti üzrə icra şöbəsinə göndərilmişdir. Lakin qətnamə qanuni qüvvəsini almasına baxmayaraq keçən müddət ərzində qətnamə icra edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçı Cavabdeh 10313 ABŞ dollar məbləğindən bank uçot dərəcəsinə uyğun faizin onun xeyrinə tutulması barədə tələbi əsaslıdır. Lakin məhkəmə qeyd edir ki, qanunvericiliyin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 449-cu maddəsinin şərhinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Yəni hazırkı halda iddiaçının tələbi illik 5% ödənilməsi hissəsində əsaslı hesab edilə bilər. Eyni zamanda iddiaçı illik 5% olamqla 10 il müddət üçün 50% yəni 5156 ABŞ dolları pulun cavabdeh tutulmalı olduğunu iddia etsə də, məhkəmə hesab edir ki, qeyd edilən məbləğ borcun yarandığı dövrdən deyil, məhz borcun tutulması ilə bağlı məhkəmə qətnaməsinin qəbul edildiyi müddətdən, yəni 2019-cu ildən sonrakı dövr üzrə illik 5% hesablanmalıdır. Belə ki, mülki işin materiallarından göründüyü kimi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2358/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 10313 (on min üç yüz on üç) ABŞ dolları pul vəsaiti (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq İddiaçı ödənilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün müvafiq icra və probasiya şöbəsinə yönəldilmişdir. Lakin, bu günə kimi Cavabdeh iddiaçıya olan borcundan ödəniş etməmişdir. Belə olan halda ümumi məbləğin 10313 (on min üç yüz on üç) manatın 3 il müddətinə hər il üçün illik 5 faiz olmaqla yəni, illik 515,65 (beş yüz on beş manat 65 qəpik) manat, cəmi 1546,95 (min beş yüz qırx altı manat 95 qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi məqsədəmüvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10313 (on min üç yüz on üç) manatın 3 il müddətinə hər il üçün illik 5 faiz olmaqla yəni, illik 515,65 (beş yüz on beş manat 65 qəpik) manat, cəmi 1546,95 (min beş yüz qırx altı manat 95 qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10313 (on min üç yüz on üç) manatın 3 il müddətinə hər il üçün illik 5 faiz olmaqla yəni, illik 515,65 (beş yüz on beş manat 65 qəpik) manat, cəmi 1546,95 (min beş yüz qırx altı manat 95 qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2675/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2675/2022
24.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver