Məhkəmə qərarları › İş №2(003)-2686/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2686/2022

20.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2686/2022 20.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu, iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhəkəməyə müraciət edərək, cavabdehdən 85707,05 manat məbləğində pulun Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsində Cavabdeh ünvanı 17 saylı Cəzaçəkmə Müəssisəsi kimi göstərilmiş, lakin onun rəsmi qeydə alındığı ünvan barədə məlumat iş materillarına əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Göründüyü kimi, iddia ərizəsində Cavabdeh poçt ünvanları göstərilməlidir. Bu, məsələ işdə iştirak edən şəxslərin məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilməsi, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməli olduğu hallarda isə həm də işin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. Beləliklə, Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvan göstərilməməklə yalnız sonuncunun 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkməsini əsas gətirməklə Xəzər Rayon Məhkəməsinə müraciət edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, hətta belə olmuş olsa belə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanuna əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında həyata keçirilə bilər. Qanunun mənasından göründüyü kimi, şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yəni müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması kimi qəbul edilə bilməz. Prosessual qanunvericilikdə isə iddianın cavabdehin rəsmi qeydə alındığı məhkəməyə verilməli olmasını göstərilmişdir. Bundan başqa, "Yaşayış yeri və olduğu yer haqqında" Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internatevləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göründüyü kimi, qanunvericilikdə cəzaçəkmə müəssisəsini şəxsin yaşayış yeri kimi nəzərdə tutmamışdır. Başqa sözlə, cəzaçəkmə müəssisələri "Yaşayış yeri və olduğu yer haqqında" Qanununda qeyd edilmiş yaşayış yerləri sırasına daxil deyildir. Buna görə də məhkəmə qeyd edir ki, cavabdehin cəzaçəkmə müəssisəsində cəza çəkməsi onun yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–in tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Cavabdeh qarşı cavabdehdən 85707,05 manat məbləğində pulun Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədələr geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar