Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2689/2021 22.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (ticari və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 23420.19 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin cavabdehdən tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 16.03.2018-ci il tarixli əmək müqaviləsinə əsasən 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və tam maddi məsuliyyət haqqında müqavilə imzalamışdır. 04.09.2018-ci il tarixli 382-K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. 20.11.2019-cu il 513-K saylı əmrilə Cavabdeh əmək müqaviləsinə öz ərizəsi əsasında xitam verilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 04.04.2018-ci il tarixdə Oba Nardaran 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, 04.04.2018-ci il tarixli inventarizasiya nəticələrinə dair akta əsasən yekun ziyan məbləği 24796.39 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi borcdan 1135.20 manat güzəşt edilmiş və 241 manat ödəniş edilmiş, qalıq 23420.19 manat borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, indiyədək heç bir ödəniş həyata keçirilməmişdir. Qeyd olunanlara əsasən, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 23420.19 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin cavabdehdən tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək müqaviləsinin əsli ilə təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-də satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. Eyni zamanda, iş materiallarından görünür ki, tərəflər arasında tam maddi məsuliyyət haqqında 16.03.2018-ci il tarixli əmək müqaviləsinə əlavə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 04.09.2018-ci il tarixli 382-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh administrator vəzifəsinə keçirilmişdir. İş materiallarına əlavə edilmiş 20.11.2019-cu il tarixli 513-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh öz ərizəsinə əsasən, əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş təhvil-təslim nəticələrinə dair ilkin aktdan görünür ki, OBA Nardaran 1 mağazasında işləmiş maddi-məsul şəxs Cavabdeh iştirakı ilə onun öhdəsində olan mal-material qiymətlərinin siyahıya alınmış aktivlər üzrə üzləşdirilməsi aparılmış, itki və imhanın cəmi -25897.03 manat təşkil etmişdir. İş materiallarından görünür ki, Cavabdeh 02.03.2021-ci il tarixli xəbərdarlıq göndərilərək ona İddiaçı MMC-də işlədiyi dövrdə fəaliyyəti yoxlanılmış və əskikgəlmə aşkar edilmişdir. Faktiki qalıq borcu 23420.19 manat təşkil edir. 3 gün müddətində borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə hüquqi tədbirlər həyata keçiriləcəyinə dair xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən verilmiş 09 fevral 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 24796.39 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 24796.39 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 1135.20 manat güzəşt edilmiş, 241 manat ödəniş etmişdir. Faktiki qalıq borc 23420.19 manat təşkil edir. İddia tələbindən görünür ki, iddiaçı əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 23420.19 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İşin məhkəmə iclasında araşdırılan halları ilə müəyyən edilir ki, Cavabdeh İddiaçı MMC-yə 23420.19 manat maddi zərər vurmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən, işçi qanunazidd hərəkətləri ilə axlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt tötətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsindən görünür ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 23420.19 manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 23420.19 (iyirmi üç min dörd yüz iyirmi manat on doqquz qəpik) məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2689/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2689/2021
22.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver