Məhkəmə qərarları › İş №2(003)-2709/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2709/2025

04.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2709/2025 04.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən kredit orcuna görə ona ödənilməli olan 3211 (üç min iki yüz on bir) AZN məbləğində pul vəsaitinin, eləcə də tərəfindən ödənilmiş 53 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında illərdir dostluq münasibətləri olmuşdur. Cavabdeh iddiaçıya yaxını (nişanlısı) üçün telefon almaq istədiyini, lakin imkanının olmadığını bildirmiş və iddiaçıdan öz adına kreditlə onun üçün telefon sifariş etməyimi xahiş etmiş, həmçinin telefonun kredit ödənişini hər ay özünün edəcəyini bildirmişdir. İddiaçı da cavabdehə inanmış və kredit ödənişlərini vaxtlı vaxtında edər deyə razılaşmışdır. Bundan sonra iddiaçı öz adına kreditlə xx.xx.2025-ci ildə ümumi məbləği 3306.51 (üç min üç yüz altı manat, 0,51 qəpik) AZN təşkil edən İphone 16 Pro 256 GB markalı telefon almış və cavabdehə təqdim etmişdir. (Qəbzin surəti iddia ərizəsinə əlavə edilmişdir) Cavabdeh hər ay krediti ödəyəcəyini bildirsə də, mobil telefon alındığı vaxtdan etibarən sadəcə bir dəfə 95 AZN ödəniş edilmişdir. Həmin vaxtdan indiyədək idiaçıya heç bir ödəniş edilməmişdir. Lakin aylıq 183.70 AZN ödənilməli idi. Hazırda da 3211 (üç min iki yüz on bir) AZN borc qalmışdır. Belə ki, cavabdeh həmin mobil telefonun ödənişini vaxtlı-vaxtında etməmiş və bunun əticəsində iddiaçıya maddi ziyan vurmuşdur. Daha sonra iddiaçıya məlum olmuşdur ki, həmin mobil telefon satılmışdır. İddiaçı cavabdehlə əlaqə saxlayıb ödənişi tələb etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Cavabdeh mobil telefonun ödənişi tam şəkildə etsə, İddiaçı da adında olan krediti bağlamış olar. Həmin borca görə İddiaçı kredit götürmək imkanından məhrum olmuşdur və hazırda həmin ödənişi cavabdehdən alıb kredit borcunu bağlamağa zərurət vardır. Tərəflər arasında yazılı razılaşma olmasa da, şifahi razılaşmaya dair ödəniş çeki, habelə həmin çeklə yanaşı votsap yazışmaları, zənglər vardır. Xüsusilə qeyd olunmalıdır ki, iddiçıya ödənilməli olan məbləğ ödənilmir, həm də cavabdehin telefonu satdığı məlum olmuşdur. Bu da o deməkdir ki, tərəflər arasında olan razılaşma cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur.

Proses iştirakçılarının izahatı:

3. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. O, izahatında həmçinin, cavabdehin ondan nişanlısı üçün öz adına kreditlə telefon almasını xahiş etdiyini, cavabdehi uzun müddətdir tanıması səbəbilə cavbdehin xahiş etdiyi telefonu kreditlə alıb cavabdehə təhvil verdiyini, lakin bundan sonra cavabdehin söz verdiyi kimi telefonla bağlı ödənişləri hıyata keçirmədiyini, telefonla bağlı yalnız bir dəfə onun qardaşının 95 manatlıq ödəniş həyata keçirdiyini, telefonun ümumi qiymətinin 3306 manat olduğunu, hazırda ödənilməmiş məbləğ olaraq 3211 manatın qaldığını, bu barədə cavabdehin atasına xəbər verdiyini, bundan sonra Cavabdeh ona ödənişləri həyata keçirməyəcəyini dediyini, aralarındakı şifahi müqaviləyə aid yalnız yazışmaların olduğunu, başqa dəlillərinin mövcudolmadığını bidlirmişdir.

4. Məhkəmənin sonuncu baxış iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmənin sonuncu baxış iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

5. Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli M-16070 nömrəli məktubundan görünür ki, İddiaçı müraciəti ilə bağlı müvafiq araşdırmalar aparıldığı və qeyd olunan xüsusatlar mülki xarakterli olduğundan mövcud məsələ ilə bağlı məhkəməyə müraciət olunmalı olduğu qeyd olunmuşdur.

6. WhatsApp yazışmalarının surətlərindən görünür ki, iddiaçı ilə “eli TP” adlı istifadəçi arasında müəyyən ödənişin həyata keçirilməsi ilə bağlı yazışmalar mövcuddur.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra “MM”):

7. 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır.

8. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

9. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra “MPM”)

10. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

11. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

13. İşin mübahisələndirilən halları ondan ibraətdir ki, iddiaçı cavabdehlə arasında şifahi müqavilə bağlandığını qeyd edərək, müqaviləyə əsasən özünün cavabdeh üçün öz adına cavabdeh üçün kreditlə mobil telefon almalı olduğunu, cavabdehin isə bunun qarşılığında hər ay həmin möbil telefon üçün müəyyən edilmiş ödənişləri vaxtlı-vaxtında etməli olduğunu bidlirmişdir. İddiaçı cavabdehlə aralarında olan şifahi müqaviləyə uyğun olaraq mobil telefonu kreditlə alıb cavabdehə təhvil verdiyini, lakin cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək mobil telefon üçün ödənilməli olan aylıq kredit ödənişlərini həyata keçirmədiyini qeyd edir. Bu səbəblə iddiaçı Cavabdeh kredit borcuna görə ödənilməli olan 3211 manat məbləğində pul vəsaitinin və tərəfindən ödənilmiş 53 manat məbləğində pul vəsaitinin tutulmasını tələb edir.

14. Məhkəmə qeyd edir ki, əvvəla tərəflar arasında iddia ərizəsində qeyd olunan müqaviləninin mövcud olub-olmaması müəyyən edilməlidir. Çünki hazırkı mülki iş üzrə tərəflər arasında hüquqların və vəzifələrin əmələ gəlməsi əsası olaraq müqavilənin mövcud olması qeyd olunmuşdur. Belə ki, İddiaçı cavabdehlə arasında şifahi qaydada bağlanmış müqavilənin olmasını bildirərək, cavabdehin öz öhdəliklərini yerinə yetrimədiyini və bu səbəblə ona cavabdeh tərəfindən maddi zərər vurulduğunu qeyd edir. Lakin mülki iş üzrə iddiaçı tərəfindən cavabdehlə aralarında şifahi razılaşma yolu ilə müqavilə bağlandığını sübuta yetirən hər hansı sübut iş materiallarına əlavə olunmamışdır. İddiaçının iş materiallarına əlavə etdiyi xx.xx.2025-ci il tarixli M-16070 nömrəli məktub və WhatsApp yazışmaları tərəflər arasında müqavilə bağlandığını sübuta yetirən mötəbər sübut olaraq qiymətləndirilə bilməz. Çünki iş materiallarınd aolan məktub mülki işin hər hansısa faktiki halını sübuta yetirmir, habelə WhatsApp yazışmaları da iddiaçı ilə cavabdeh arasında şifahi şəkildə hər hansı məzmunlu müqavilə bağlanmasını sübuta yetirmir. İddiaçı izahatında cavabdehlə aralarında müqavilə olması ilə bağlı başqa hər hansı sübutunun olmamasını qeyd etmişdir. MPM-in tələbinə əsasən isə hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə İddiaçı cavabdehlə aralarında şifahi şəkildə müqavilə bağlanmasını sübuta yetirmədiyindən iddia tələbi təmin edilməməlidir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

16. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

17. Məhkəmə qeyd edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edilmədiyi üçün iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi İddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar