Məhkəmə qərarları › İş №2(003)-2750/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2750/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2750/2023 28.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kredit borcun tutulması tələbinə dair ddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 20 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 5568,26 manat əsas, 486,54 manat faiz borcu, 151,46 manat cərimə olmaqla, ümumilikdə 6206,26 manat borcun və 82,06 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 sentyabr 2022-ci il tarixli “Fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər” müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən fiziki şəxslərə bank hesabları, bank əmanəti, ödəniş kartları, kredit və digər bank xidmətlərinin göstərilməsi üzrə münasibətlərin tənzimlənməsi, tərəflərin hüquq və vəzifələrinin müəyyənləşdirilməsi razılaşdırılmışdır. Cavabdeh “Yelo” mobil tətbiqi üzərindən 5950 manat məbləğində online kredit müraciəti etmiş və cavabdehə kredit alanın şəxsiyyətinin müəyyənləşdirilməsi, eyni zamanda kreditin məbləği, illik faiz dərəcəsi və müddəti ilə bağlı SMS-lər göndərilmiş və cavabdeh tərəfindən təsdiq edilmiş, eyni zamanda cavabdeh video görüntü çəkməklə 5950 manat məbləğində kredit müraciətini təsdiq etmişdir. Bütün lazımi prosedurlar keçildikdən sonra cavabdehin məlumatlarını təqdim etdiyi plastik kartına xx.xx.2022-ci il tarixdə 36 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə 5950 manat məbləğində kredit yüklənmiş və cavabdeh həmin məbləğdən istifadə etmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü il iyul ayının 25-dək Cavabdeh banka 20 sentyabr 2022-ci il tarixli online kredit müqaviləsi üzrə 5568.26 AZN əsas borc, 486.54 AZN faiz borcu, 302.92 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 6357.72 AZN borcu vardır. Cavabdeh 20 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 302.92 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50% miqdarında olmaqla, yəni 151.46 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə verdiyi izahatında iddia tələbini müdafiə edər təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC-nə "xxxx" MMC tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, +**********22 mobil nömrəyə göndərilən SMS-in mətnlərində xx.xx.2022-ci il tarixdə “ Kredit sorgun tesdiqlendi Senin üçün teklifimiz var. Teklife baxmaq üçün keç yelobank.page.link/loan” və “Gozleyirik sifarisi tamamla Kredit sorgun tamamlanmayib. Sifarisi tamamlamaq ucun davam et. yelobank.page.link/loan” göndərilmiş. Eyni nömrəyə xx.xx.2022-ci il tarixdə göndərilmiş sms mətnində isə “6663- Sizin OTP kodunuz Tesdiqlendi: Mebleg 5950 AZN muddət 36 ay illik 17% aylıq odenis 212,13 AZN komisiya 1%. Tesdiq ucun OTP daxil et.” Qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli №İS-10 saylı təhvil təslim aktından və ona əlavə edilmiş sistemdən əldə olunmuş qeyd olunan müştəri üzrə sistem loqlarının əməliyyat siyahısından görünür ki, FİN:xxxxxxx olan vətəndaş Cavabdeh istifadəçi qismində kredit əldə etmək üçün müvafiq müraciətlər etmiş və “Mən Cavabdeh Yelo Bankdan 36 aylıq 5950 manat məbləğində kredit müraciətimi təsdiq edirəm” əməliyyatla müraciətini təsdiq etmişdir. Həmçinin müraciətin video görüntüsü iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş, gecikdirilmiş borcun 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək xərclərin tam ödənilməsi məqsədi ilə qanunun tələblərinə uyğun tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 25 iyun 2023–cü il tarixə banka 5568,26 manat əsas, 486,54 manat faiz, 302,92 manat cərimə olmaqla, ümumilikdə cəmi 6357,72 manat borcu vardır. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 82,06 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı ASC-i arasında bağlanmış 20 sentyabr 2022-ci il tarixli “Fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər” müqaviləsinə əsasən Cavabdeh mobil tətbiq üzərindən online müraciət edərək ona 5950,0 manat kredit verilməsini xahiş etmiş və bank tərəfindən onun müraciəti təsdiq edilmişdir. Bundan sonra Cavabdeh plastik kartına xx.xx.2022-ci il tarixdə 36 ay müddətinə illik 17 faiz hesablanmaqla 5950 manat kredit köçürülmüşdür.. İddiaçı qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilən Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 82,06 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 5568,26 manat məbləğində əsas borc, 486,54 manat məbləğində faiz borcu, 151,46 manat cərimə olmaqla, ümumilikdə 6206,26 manat pul vəsaiti (altı min iki yüz altı manat, iyirmi altı qəpik) və 82,06 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar