Məhkəmə qərarları › İş №2(003)-2765/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2765/2022

22.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2765/2022 22.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə övladları xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay 193 manat alimentin və ödədiyi 51 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək mövcüd olan aliment məbləği artırılaraq hər bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 193 manat olmaqla, cəmi 386 manat və və ödədiyi 51 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etməklə izahatında bildirdi ki, cavabdehlə aralarında olan nikah Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş və üç uşağının onun yanında saxlanılması və cavabdehdən hər uşağa görə 120 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda uşağının biri yetkinlik yaşına çatmış və o, hərbi xidmətdədir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı uşaqların artan tələbatlarının qarşısını alınmasında yetərli deyil və onun təkbaşına həmin təlabatları ödəməkdə imkanı çatmır. Ona görə də məcbur olmuş məhkəməyə müraciət etmişdir. Cavabdeh, yaşıllaşdırma idarəsində işləyir və gəlir əldə edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarınınəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışların surətlərindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X6 atası Cavabdeh, anaları isə X3r. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2595/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iş üzrə tərəflər arasında Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsində xx.xx.2003-cü il tarixdə 635 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahından doğulmuş xx.xx.2003-ci il təvəllüdlü X5, xx.xx.2005-cü il təvəllüdlü X9 və xx.xx.2012-cü il təvəllüdlü X6 ikah pozulduqdan sonra anaları-X2 yanında saxlanılmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh X2 xeyrinə hər ay hər uşağa120 manat sabit pul məbləğində aliment tutul qət edilmişdir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dairdir. Həmçinin müəyyən edilir ki, birgə nikahdan olan xx.xx.2003-ci il təvəllüdlü X5 artıq yetkinlik yaşına çatmışdır. Həmçinin iş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl Bakı 2 saylı Mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh ilkin mediasiyası sesiyasında iştirak etmədiyindən mediasiya prosesinin davam etdirilməsi mümkün olmamış və bu barədə müvafiq arayış verilmişdir. İş materiallarında olan həmin xx.xx.2022-ci il tarixli arayışdan və qəbzdən görünür ki, iddiaçı tərəfindən Bakı 2 saylı Mediasiya təşkilatının hesabına 51 manat ödənilmişdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş alimentin miqdarının uşaqların artan tələbatlarının ödənilməsində kifayət etməməsi səbəbi ilə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının dəyişdirilməsini tələb etməkdə haqlıdır. Belə ki, müəyyən edilmiş alimentin tutulma tarixindən istehlak qiymətləri və.s dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə həmçinin qeyd edir ki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu həddində tutulan aliment heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Eyni zamanda qeyd edilməlidir ki, uşağın valideynlərdən birinin himayəsinə olması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmişminimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Hətta aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması belə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə, tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Eyni zamanda cavabdeh ananın yanında saxlanılan uşaqların gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşaqlar böyüməkdə davam etməklə hər keçən müddətdə onların müvafiq olaraq tələbatlarının artmasını, həmçinin cavabdehin övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 180 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ədalətlədir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3582/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiaçı Eyvəzova (Daşdəmirova) Ramilə Hökümulla qızının xeyrinə tutulan alimentin miqdarı artırılaraq xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 yekinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 180 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Həmçinin məhkəmə iddia tələbinin cavabdehdən ödənilmiş 51 manat mediasiya xərcinin tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli və 51 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı 60 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 1440 manat (120x12=1440) müəyyən edilməklə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduğundan cavabdehdən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hesabına 34,4 manat məbləğində dövlət rüsumu alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2595/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılmalı, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 180 manat sabit pul məbləğində aliment tutulmalı, iddiaçı tərəfindən ödənilmiş 51 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, Cavabdeh 34,4 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinin hesabına ödənilməlidir. Qeydolunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2595/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh Eyvəzova (Daşdəmirova) Ramilə Hökümulla qızının xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 180 manat sabit pul məbləğində aliment tutulsun. İddiaçı tərəfindən ödənilmiş 51 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 34,4 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar