Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-277/2023 11.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil İsgəndər oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan aldığı 3500,0 manat pulun və ödənilmiş 55,0 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tanışlığı əsasında Cavabdeh dəfələrlə borca pul vermişdir. Cavabdeh hər dəfə verdiyi pulu geri qaytarmış və beləliklə də onun etibarını qazanmışdır. Lakin 2020-ci ilin qış aylarında cavabdeh yenidən ona müraciət edərək ona 3500 manat pul lazım olduğunu bildirmişdir. O, cavabdehə onda olan məbləğin az olduğunu, lakin qalan məbləği bankdan və digər yaxın tanışı olan şəxsdən götürüb verəcəyini bildirmişdir. Beləliklə o, cavabdehə 3500 manat pulu hissə-hissə vermişdir. Cavabdeh ona verilmiş məbləği tez bir vaxtda qaytaracağını vəd versə də, həmin məbləği ödəməkdən boyun qaçırdi. O da cavabdehin dələduzluq əməli ilə bağlı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü bölməsinə müraciət etmişdir. Xətai RPİ-nin 34-cü PŞ-də cavabdeh izahatında ona 3500 manat verdiyini etiraf etmişdir və bildirmişdir ki, guya həmin puldan 3200 manatını ona qaytarmış və 300 manat borcu qalmışdır. Lakin cavabdeh 3200 manat pulu ona qaytardığını sübuta yetirə bilməmişdir, çünki cavabdeh ona olan borcundan heç bir manat da qaytarmamışdır. Cavabdehin qeyd edilən məbləği ona geri ödəməsi üçün kifayət qədər imkanı şəraiti var. Belə ki, cavabdeh Dövlət Neft Şirkətində işləyir, kifayət qədər yaxşı əmək haqqı alır və 420 manata Bakıda kirayədə yaşayır. Göründüyü kimi Cavabdeh onun etibarından sui-istifadə edərək, onu aldadaraq 3500 manat pul məbləğini ələ keçirmişdir. Bütün bu hadisələrdən sonra səhhəti pozularaq mənəvi əsəb və sarsıntı keçirmişdir. Özünü dərmanlarla güclə ayaqda saxlamağa çalışır. Bu səbəbdən də həmin pulun cavabdehdən alınıb ona verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh ona olan 3500,0 manat borcundan cəmi 50,0 manat ödəniş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil İsgəndər oğlu iddia tələbini müdafiə edərək, iddiaçının izahatındakı xüsusatları qeyd etdi, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştitak edən Cavabdeh məhkəməyə verdiyi izahatında bildirdi ki, o, həqiqətən Ağbəniz İsgəndərovadan hissə-hissə ümumuilikdə 3500,0 manat borc almışdır. Lakin, o həmin borcundan hissə-hissə olmaqla iddiaçıya 3250,0 manat qaytarmışdır. Sonuncu dəfə o iddiaçıya 50,0 manat vermişdir. Onun hal-hazırda iddiaçıya 250,0 manat borcu vardır. İddianın qismən təmin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ tərəfindən tərtib olunmuş raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə X1 ərizə yazaraq bildirmişdir ki, Cavabdeh təxminən 2-3 il olar ki, hissə-hissə 3500 manat borca pul vermiş, lakin Cavabdeh indiyə qədər borcunu qaytarmayıb. Cavabdeh 34-cü PŞ-yə dəvət olundu, izahatı alınaraq bildirmişdir ki, Aybəniz İsgəndərovadan borca 3500,0 manat alsa da, 3200 manatını qaytarmış, 300 manat borcu qalmışdır. Həmin borcu da qısa bir müddətdə qaytaracaq. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı Ağbəniz İsgəndərovadan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, iddiaçıdan pul vəsaitini almasına dair hüquqlarından istifadə etmiş, pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Göründüyü kimi iddiaçı cavabdehə 3500,0 manat pul vermişdir. Eyni zamanda iddiaçı həmin məbləğin 50,0 manatının cavabdeh tərəfindən ona qaytarıldığını son nəticədə cavabdehin ona 3450,0 manat borcu qaldığını iddia edir. Cavabdeh də iddiaçıdan 3500,0 manat borc aldığını etiraf edir. Cavabdeh, həmin puldan 3250,0 manatını iddiaçıya qaytardığını, iddiaçıya 250,0 manat borcu qaldığını bildir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh 3500,0 manat borc pulun verilməsi və həmin məbləğdən 50,0 manat pul vəsaitinin iddiaçıya qaytarılması işin mübahisəsiz halıdır. Məhkəmə ilk növbədə, iddiaçı tərəfindən cavabdehə 3500,0 pulun verilməsi və həmin puldan 50,0 manatını iddiaçıya qaytarılması işin mübahisəsiz halı olduğundan bu hissə ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki, qeyd edildiyi kimi, bu xüsusat həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Odur ki, iddiaçının 3500,0 manat məbləğində pul vəsaitini cavabdehə verməsi üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Həmçinin, iddiaçı öz izahatında həmin pul məbləğinin 50,0 manatının ona qaytarıldığını bildirdi. Belə olan halda, cavabdeh 3500,0 manat məbləğində pul vəsaitini aldığını etiraf etdiyindən, iddiaçı həmin pul vəsaitinin 50,0 manat məbləğini qaytardığını bildirdiyindən, iddiaçı tələbinin, yəni cavabdehin ona 3450,0 manat borcu olmasını sübut etmək yükündən azad olmuş, həmin məbləğin iddiaçıya qaytarılmasını sübuta yetirmək vəzifəsi isə cavabdehə keçmişdir. Odur ki, məhkəmə alınan ouldan 3200,0 manat məbləğində pul vəsaitinin qaytarılması halının cavabdeh tərəfindən mübahisələndirildiyini nəzərə alaraq, qeyd edilən hallara mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bununla yanaşı, cavabdeh tərəfindən 3500,0 manat məbləğində pul vəsaitinin ona verməsinin etiraf edilməsindən savayı həmin məbləğin 3200,0 manat məbləğində olan hissəsini iddiaçıya qaytarmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir. Göstərilənlər isə ona dəlalət edir ki, iddiaçı iddia etdiyi 3500,0 manat məbləğində pul vəsaitini cavabdehə verdiyini sübuta yetirmiş, cavabdeh isə həmin məbləğin 3250,0 manatının iddiaçıya qaytarması bildirsə də həmin 3200,0 manat məbləğində olan hissəsini sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıdan 3500,0 manat məbləğində pul vəsaiti almış və həmin məbləği iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin məbləğdən 50,0 manatını iddiaçıya qaytarmışdır. Buna baxmayaraq cavabdeh öhdəliyini pozaraq iddiaçıdan aldığı 3500,0 manat məbləğində pul vəsaitindən 3450,0 manatını ona qaytarmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsiyazılıformadabağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2020-ci ildə iddiaçı tərəfindən cavabdehə borca 3500,0 manat pul verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında 2020-ci il tarixdə şifahi qaydada bağlanmış 3500,0 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqaviləəsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında 3500,0 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh tərəfin özünün yazılı və şifahi izahatları həmin məbləğlərin sonuncuya verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğinin qaytarılmamış olan 3450,0 manat məbləğini ona qaytarmalıdır. Məhkəmə iddia tələbinin ödənilmiş 55,0 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh verilmiş borca görə 3450,0 manat və iş üzrə iddiaçı tərəfindən ödənilmiş 55,0 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh verilmiş borca görə 3450,0 (üç min dörd yüz əlli) manat və iş üzrə iddiaçı tərəfindən ödənilmiş 55,0 (əlli beş) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-277/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-277/2023
11.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver