Məhkəmə qərarları › İş №2(003)-2773/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2773/2021

17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2773/2021 17.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlu, iddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, müəyyən e t d i: İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdrilmiş icraat qaydasında “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı BOKT "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış 02 avqust 2019-cu il tarixli 394-RKM-0124-19 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə 329,09 manat cavabdehə istehlak məqsədləri üçün kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.2 bəndinə əsasən müqavilə üzrə aylıq kredit ödənişləri razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmadıqda, Kreditorun müqaviləni vaxtından əvvəl ləğv etmık vı qalıq kredit borcunun vaxtınnan əvvəl ödənilməsini Borclanandan tələb etmək hüququ vardır. Lakin cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 01 iyun 2021ci il tarixinə BOKT "xxxx" QSC–yə 02 avqust 2019-cu il tarixli 394-RKM-0124-19 saylı kredit müqaviləsinə əsasən 329,09 manat əsas borc, 1,70 manat faiz borcu, 0,0 manat cərimə olmaqla, cəmi 330,79 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, cavabdehə 21 oktyabr 2020-ci il tarixli 12190/20 saylı və 02 noyabr 2020-ci il tarixli 12474/20 saylı xəbərdarlıq məktubları göndərilmiş lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor BOKT "xxxx" QSC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Cavabdeh iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə 329,09 manat əsas borc, 1,70 manat faiz olmaqla, ümumilikdə 330,79 manat borcu və ödənilmiş 20,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərf məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 02 avqust 2019-cu il tarixli 394-RKM-0124-19 saylı kredit müqaviləsinə əsasən borclu 60 ay müddətinə illik 1% ödəmək şərtilə 329,09 manat məbləğində krediti ödəməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 02 avqust 2019-cu il tarixli, 394-RKM-0124-19 saylı kredit müqaviləsinə əsasən 02 sentyabr 2019-cu il tarixdən 02 avqust 2024-cü il tarixədək ilk 12 ay güzəştli olmaq şərti ilə BOKT "xxxx" QSC-yə hər ay 7,0 manat (sonuncu ay 6,85 manat) ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 01 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 02 avqust 2019-cu il tarixli, 394-RKM-0124-19 saylı kredit müqaviləsinə əsasən 329,09 manat əsas borc, 1,70 manat faiz borcu yaranmışdır. İş materiallarında olan BOKT "xxxx" QSC tərəfindən Cavabdeh ünvanlanmış 12190/20 saylı və 12474/20 bildirişdən görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə 5 iş günü müddətində borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 20,0 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh ilə BOKT "xxxx" QSC arasında bağlanmış müqaviləyə əsasən cavabdeh illik 1 faiz olmaq şərti ilə 60 ay müddətinə 329,09 manat məbləğində krediti ödəməsini öhdəsinə götürmüşdür. İş üzrə iddiaçı BOKT "xxxx" QSC qeyd olunan müqavilələrə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 428.4-cü maddəsinin tələbindən görünür ki, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verilə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan az olduqda 20,0 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 20,0 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə Cavabdeh 02 avqust 2019-cu il tarixli, 394-RKM-0124-19 saylı kredit müqaviləsinə əsasən 329,09 manat əsas borc, 1,70 manat faiz borcu, ödənilmiş 20,0 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 351,19 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə Cavabdeh 02 avqust 2019-cu il tarixli, 394- RKM-0124-19 saylı kredit müqaviləsinə əsasən 329,09 manat əsas borc, 1,70 manat faiz borcu, , ödənilmiş 20,0 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 351,19 (üç yüz əlli bir manat, on doqquz qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar