Məhkəmə qərarları › İş №2(003)-2780/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2780/2021

07.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2780/2021 07.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı Qasımova (Yunusova) Xalidə Sayad qızının və onun nümayəndəsi və vəkili X1, Cavabdeh və onun vəkili X11 oğlunun iştirakı ilə İddiaçı Qasımova (Yunusova) Xalidə Sayad qızının Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı evə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qasımova (Yunusova) Xalidə Sayad qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə edilmiş, Qala qəsəbəsi, yeni yaşayış massivində 200 kv.m. torpaq sahəsinin və həmin torpaq sahəsindəki tikilinin 1\2 hissəsi üzərində onun, digər 1\2 hissəsi üzərində cavabdehin istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivində yerləşən mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qasımova (Yunusova) Xalidə Sayad qızı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını Ucar rayonu İHB-nin Bərgüşad kəndi üzrə nümayəndəliyində qeydiyyatdan keçirməklə 28 noyabr 1996-cı il tarixdə ailə qurmuşlar. Cavabdehlə birgə nikahdan olan qızları Nərminə 27 sentyabr 1997-ci il tarixdə, Sevda 10 avqust 2000-ci il tarixdə, oğlu Yusif isə 06 iyul 2009-cu il tarixdə dünyaya gəlmişlər. Cavabdeh ilə ailə qurduqdan sonra ailə münasibətləri normal olmuş, lakin sonradan pisləşməyə başlamışdır. Cavabdehin içkiyə aludə olması, ailənin qayğılarına biganə yanaşması, ona və övladlarına fiziki və mənəvi təzyiqlər göstərməsi ailədən tədricən uzaqlaşmasına gətirib çıxarmışdır. Cavabdeh dəfələrilə evə içkili vəziyyətdə gələrək, səs-küy salaraq onu döymüşür. Uşaqlar onu qorumağa çalışdıqda onlara da fiziki güc göstərməkdən çəkinməmişdir. Artıq bir müddətdir ki, ayrı yaşayırlar. Cavabdehə qarşı nikahın pozulması tələbinə dair Bakı şəhəri, Nizami rayon məhkəməsində iddia qaldırmışdır. Cavabdeh ilə birgə nikah dövründə Qala qəsəbəsi, yeni yaşayış massivində 200 kv.m. torpaq sahəsi əldə etmişlər. Həmin torpaq sahəsi üzərində ev tikmişlər. Ev tam tikilib başa çatdırılmasa da, ikimərtəbəlidir. Həmin evin tikilməsində valideynlərinin də zəhməti çox olmuşdur. Qanunvericiliyin tələbinə əsasən həmin torpaq sahəsində tikilmiş ev üzərində istifadə hüququ vardır. Bakı şəhəri, Xəzər rayonu, Qala Bələdiyyəsinə verilmiş sorğunun cavabından məlum olur ki, Cavabdeh Qala qəsəbəsi, yeni yaşayış massivində 200 kv.m. torpaq sahəsinə görə Qala Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və həmin torpaq sahəsi üzərində tikili mövcuddur. Qeyd olunanlara əsasən, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivində yerləşən mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, o, mübahisəli torpaq sahəsini bibisi oğlu Abduldan 2008-ci ildə barter yolu ilə almışdır. Belə ki, 2 sota yaxın torpaq sahəsinin əvəzində Abdulla həmin vaxt 8500 manat dəyərində olan qazel markalı avtomobil vermişdir. Aralarındakı razılaşmaya əsasən satıcı torpağı sənədləşdirməli idi. Lakin torpağı satan şəxs vədinə əməl etmədiyi üçün aralarındakı razılaşma pozulmuş və torpağı qaytarmışdır. Torpaq üzərində tikilini 2010-cu ildə tikməyə başlamışdır. Bələdiyyədə torpaq vergisinin ödəyicisi kimi uçota durması da məhz bu torpaq sahəsinə gələcəkdə sənəd əldə etmək məqsədi ilə olmuşdur. Pulunu Abdul ona hissə-hissə qaytarmışdır. Hissə-hissə qaytarıldığı üçün dəqiq nə vaxt hansı məbləğdə qaytarılmasını xatırlamır. Lakin 2015-ci ildə 3000 manat, sonuncu dəfə isə Abdul 2019-cu ilin aprelində ona 1000 manat məbləğ qaytarmışdır. Həmin tikilini torpaq sahəsi ilə birlikdə Abdul ilə öz aralarında 15000 manat dəyərində qiymətləndirmişlər. Bundan sonra həmin məbləği Abdul ona qaytarmışdır. Abdul ilə onun qohumluq əlaqəsi və etibarlı münasibətləri olduğuna görə açarları dəyişməmişlər. İddiaçı tərəfin təqdim etdiyi xərclərlə bağlı qeydlər onun öz bacısının evinin tikilməsinə çəkilən xərclərlə bağlıdır. Mübahisəli evə aidiyyəti yoxdur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına iştirak edən cavabdehin vəkili X7 iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayonu Qala Bələdiyyəsinin 28.01.2020-ci il tarixli məktubundan görünür ki, Qala bələdiyyəsi üzrə vətəndaşlara torpaq sahəsinin ayrılmasına dair qeydiyyat kitabında Cavabdeh hər hansı bir məqsədlə, hər hansı bir ölçüdə torpaq sahəsinin ayrılmasına dair qeydiyyat yoxdur. Lakin vətəndaş Cavabdeh Qala qəsəbəsi, Yeni yaşayış massivi ünvanında 200 kv.m. torpaq sahəsinə görə Qala bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və həmin torpaq sahəsi üzərində tikili mövcuddur. İş materiallarına əlavə edilmiş 10 saylı Mənzil-Kommunal istismar Sahəsinin 27.02.2020-ci il tarixli arayışından görünür ki, Qasımova (Yunusova) Xalidə Sayad qızı B.Nuriyev küçəsi, ev 7, mənzil 16 ünvanında yaşayır. 17.09.2021-ci il tarixdə mübahisəli ünvana yerli baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iddiaçının köçürülməsini xahiş etdiyi ev ikimərtəbəli tikilidir. Tikilinin içərisində heç bir təmir işləri aparılmamışdır. Sadəcə qapısı vardır. Birinci mərtəbənin döşəməsi daşdır, lakin ikinci mərtəbənin ümumiyyətlə döşəməsi yoxdur. Tikilidə nə işıq, nə su xətti, nə qaz xətti çəkilməmişdir. Tikili yaşayış üçün yararsız vəziyyətdədir. Məhkəmə qeyd edir ki, mənzilə köçürmənin məqsədi şəxsi yaşayış yeri ilə təmin etməkdən ibarətdir. İş üzrə müəyyən olunur ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda da orada yaşayır. Məhkəmə tərəfindən mübahisəli ünvana yerli baxış zamanı müəyyən olunmuşdur ki, həmin tikili ümumiyyətlə yaşayış üçün yararsız vəziyyətdədir. Belə ki, tikilidə yaşayış üçün heç bir şərait yoxdur. 2-ci mərtəbəsinin döşəməsi belə yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, həmin tikiliyə köçürülmək hazırkı vəziyyətdə mümkünsüzdür. Bundan əlavə, iş materiallarında olan Qala Bələdiyyəsinin 09.08.2021-ci il tarixli arayışından görünür ki, X3 qəsəbəsi, Yeni yaşayış massivində 272 kv.m. əmlaka və 1000 kv.m. torpaq sahəsinə görə Qala bələdiyyəsi üzrə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və həmin ünvanda qeydiyyatsız yaşayır. X2 iş üzrə üçüncü şəxs kimi cəlb edilsə də, məhkəməyə gəlməmiş və izahat verməmişdir. İddiaçı həmin tikilinin birgə nikah dövründə ailəsi tərəfindən tikildiyini və tikilinin hazırda onlara məxsus olduğunu iddia etsə də, buna dair məhkəməyə hər hansı əsaslı sübutu təqdim etməmişdir. Həmçinin, işin hallarından görünür ki, həmin tikili müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmiş, hər hansı bir hüquqmüəyyənedici sənədi olmadığından özbaşına tikili sayılır. Odur ki, tikiliyə istifadə hüququnun tanınması hissəsi də təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Beləliklə, qanunvericiliyin tələblərinə və işin hallarına əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Qasımova (Yunusova) Xalidə Sayad qızının evə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: ddiaçı Qasımova (Yunusova) Xalidə Sayad qızının Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı evə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar