Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2820/2022 03.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu, iddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: iddiaçılar İddiaçı1 və X2 Cavabdeh qarşı pul barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 7300 ABŞ dolları məbləğində pulun alınması, ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər gemikdirilmiş gün üçün faizlərin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia ərizəsini nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia ərizəsində, cavabdehin adı, soyad, ata adı göstərilsədə, yaşadığı ünvan Bakı şəhəri Xəzər rayonu binə qəsəbəsi Atçılıq yeni yaşayış massivi kimi qeyd edilsə də, Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinin tələblərinə əməl edilməməklə cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, həmçinin onun qeydiyyat ünvanı barədə məlumat müəyyən olunmuş qaydada göstərilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin qeydiyyat və yaşayış yeri barədə ünvanının göstərilməsi məsələsi, məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilməsi, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməli olduğu hallarda isə həm də işin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd olunanlardan başqa iddia tələbinin bir hissəsi “ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər gemikdirilmiş gün üçün faizlərin ödənilməsi” tələbi olması nəzərə alaraq məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbi dəqiq göstərməməklə Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, yuxarıda göstərilən əsaslarla iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İş materiallarında olan ********* nömrəli qəbzdən görünür ki, İddiaçı1 tərəfindən 146 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olununlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından İddiaçı1 tərəfindən Xəzər Rayon Məhkəməsinə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 146 manat məbləğində pul tam şəkildə ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: iddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəməyə müraciət edilməsi üçün İddiaçı1 (İddiaçı1) tərəfindən dövlət rüsumuna görə ödənilmiş 146 manat (936203851 nömrəli mədaxil qəbzi) ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2820/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2820/2022
03.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver