Məhkəmə qərarları › İş №2(003)-2844/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2844/2022

06.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2844/2022 06.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Abbasova Sevinc Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh X4 iştirakı ilə İddiaçı cavabdeh X7 qarşı alimentin və əlavə xərcin artırılması barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3524/2019 saylı 25 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin və müalicə xərcinin miqdarının artırılaraq, 31 mart 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat aliment və müalicə xərcləri üçün 200 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, Xəzər rayon məhkəməsinin 2(003)-4756/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X9, xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X6 onun yanında saxlanması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat alimentin cavabdehdən onun xeyrinə ödənilməsi qət edilmişdir. Xəzər rayon Məhkəməsinin 2(003)-3524/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 140 manat, cəmi 420 manat alimentin və xx.xx.2006-cı il təvəllüdlü X5 müalicə xərcləri üçün 100 manat pul vəsaitinin cavabdehdən ona ödənilməsi qət edilmişdir. Xəzər rayon Məhkəməsinin 2(003)-307/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X6 ondan alınaraq cavabdehin himayəsinə verilməsi qət edilmişdir. Uşaqlar artıq elə bir yaş dövrünə çatmışdır ki, onlara adi məişət ehtiyaclarının ödənilməsinə ayda ən azı 250-300 manat pul lazımdır. Məhkəmə tərəfindən uşaqların saxlanılması üçün təyin edilmiş aliment uşaqların ehtiyaclarını ödəmir. Həyat səviyyəsinin dəyişməsi ilə əlaqədar qiymətlər də artdığı üçün qətnamə üzrə müəyyən edilmiş aliment uşaqların saxlanılması üçün kifayət etmir. Ona görə də, həmin aliment məbləğinin artırılması zərurəti yaranmışdır. Həmçinin, xx.xx.2006cı il təvəllüdlü X5 müalicə xərcləri də artdığı üçün müalicə xərci üçün müəyyən edilmiş məbləğin də artırılması zəruridir. Məhkəmə iclasında cavabdeh X11 iddia tələbini qismən qəbul etmiş və izahatını onunla əsaslandırmışdır ki, iddiaçı ilə birgə nikahından xx.xx.2004-cü il təvəllüdlü X9, xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X12 doğulmuşdur. Məmməd onun himayəsindədir, Günel isə yetkinlik yaşına çatmışdır. Tələb olunan alimenti ödəməyə maddi imkanı yoxdur. Uşağın müalicəsi üçün müəyyən olunan məbləğin 50 manat artırılmasına isə razıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə iclasında araşdırılan halları ilə müəyyən olunmuşdur ki, X11 ilə İddiaçı birgə nikahından 29 iyun 2004-cü il təvəllüdlü X9, 31 mart 2006-cı il təvəllüdlü X10 və 15 aprel 2008-ci il təvəllüdlü X12 doğulmuşdur. İşdə surəti olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3524/2019 saylı 25 oktyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli 2(003)-4756/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, X3 29 iyun 2004-cü il təvəllüdlü X9, 31 mart 2006cı il təvəllüdlü X10 və 15 aprel 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində alimentin, həmçinin 31 mart 2006-cı il təvəllüdlü X5 müalicə xərcləri üçün hər ay 100 manat vəsaitin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, 31 mart 2006-cı il təvəllüdlü X8 “epilepsiya, tonik-klonik qıcolma tutmaları” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-307/2020 saylı 07 yanvar 2020-ci il tarixli qətnaməsindən görünür ki, 15 aprel 2008-ci il təvəllüdlü X6 cavabdeh X2 alınaraq iddiaçı Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. Həmçinin, işdən müəyyən olunur ki, 29 iyun 2004-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatmışdır. İşdən görünür ki, iddiaçı məhkəmə qətnaməsi ilə onun himayəsində olan yetkinlik yaşına çatmayan övladı 31 mart 2006-cı il təvəllüdlü X1 üçün təyin edilmiş alimentin, həmçinin uşağın müalicəsi üçün müəyyən edilmiş vəsaitin kifayət etmədiyini əsas gətirərək, həmin pul məbləğinin artırılmasını xahiş edir. Məhkəmə, aliment məbləğinin artırılması tələbinə dair qeyd edir ki, iddiaçı, qətnamə qanuni qüvvəyə mindikdən hal-hazıradək olan müddət ərzində özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdehin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin bu müddəasından görünür ki, alimentin müəyyən olunmuş miqdarının dəyişilməsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə əlaqələndirilmişdir. İddiaçı tərəf aliment məbləğinin artırılmasına dair iddiasını hər ay hər uşağa görə ödənilən aliment məbləğinin uşağın saxlanmasına kifayət etməməsi ilə yanaşı həmçinin Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu ilə 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçının ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə bağlı hal müəyyən edilməmişdir. Lakin, əksinə tərəflərin nikahlarının pozulmasından keçən müddət ərzində cavabdehin yeni nikaha daxil olması, həmin nikahdan bir uşağının olması, hal-hazırda arvadının ikinci uşağa hamilə olması və kirayədə yaşaması cavabdehin maddi vəziyyətində dəyişiklik kimi qəbul edilməlidir. Ölkə üzrə uşaqlar üçün 2022-ci ildə yaşayış minimumunun hər ay 193 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə və ya daha çox müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsi belə qərara gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətə layiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Göründüyü kimi, bu qərarında Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin “Yaşayış minimumu haqda” qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Həmçinin, qeyd edilən qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Həmin qərarda qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Qeyd olunan qərara əsasən Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin “Yaşayış minimumu haqda” qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, hətta alimentin “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş 193 manat həddində tutulması halında da, cavabdehin alimenti iddia edilən məbləğdə ödəməsi üçün zəruri qazanca malik olması halı sübut edilmir. Eyni zamanda uşaqların cavabdehlə yanaşı iddiaçıdan maddi təminat almaq hüququ vardır. Məhkəmə qətnaməsi icra olunması üçün çıxarılır. Qətnamə digər tərəfə sitəm verilməsi üçün deyil, ədalətli balansı bərpa etmək üçündür. Məhkəmə qətnamə çıxararkən tərəflərin əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, uşağın mənafeyini, eləcə də yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq hesab edir ki, hazırda uşağın saxlanması üçün müəyyən edilmiş alimentin məbləği ədalətlidir və alimentin artırılması üçün əsaslar müəyyən edilməmişdir. Bununla yanaşı, iddiaçı 31 mart 2006-cı il təvəllüdlü X5 müalicə xərcləri üçün məhkəmə qətnaməsi ilə təyin olunmuş 100 manat vəsaitin artırılaraq, 200 manat məbləğində müəyyən olunmasını xahiş etmiş, cavabdeh onun bu tələbini qismən qəbul edərək 150 manat müalicə xərcinin ondan iddiaçının xeyrinə tutulmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1. və 81.2. maddələrinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə, işin tədqiq olunan hallarını, qanunvericiliyin yuxarıda qeyd olunan normalarını, həmçinin cavabdehin izahatını nəzərə alaraq hesab edir ki, iddia tələbi əlavə xərcin artırılmasına dair hissədə qismən təmin edilərək, 31 mart 2006-cı il təvəllüdlü X5 müalicə xərcləri üçün hər ay 150 manat vəsait Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3524/2019 saylı 25 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3524/2019 saylı 25 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş əlavə xərcin məbləği dəyişdirilərək, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, X3 31 mart 2006-cı il təvəllüdlü X5 müalicə xərcləri üçün hər ay 150 (bir yüz əlli) manat vəsait İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsindən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Xəzər Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Qaralov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar