Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2847/2025 01.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı "xxxx" Kommersiya Bankı ASC borclu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1500 manat məbləğində əsas, 177,47 manat məbləğində faiz borcu, 20 manat cərimə borcu olmaqla, cəmi 1697,47 manat məbləğində pul vəsaitinin və 37,38 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı "xxxx" KB ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60 faiz ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmiş, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 11 iyun 2025-ci il tarixinə "xxxx" KB ASC-yə 1500 manat məbləğində əsas, 177,47 manat məbləğində faiz borcu, 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1697,47 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
3. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş verilmiş, lakin onun tərəfindən qanunla müəyyən edilən müddətdə iddia tələbinə dair hər hansı münasibət bildirilməmiş və məhkəməyə iddiaya qarşı heç bir etiraz təqdim edilməmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:
4. "xxxx" KB ASC və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-cü il tarixli “Ərizəanket və imza nümunəsi”nin: 1-ci bəndində qeyd edilir ki, bu ərizəni imzalamaqla mən Cavabdeh təsdiq edirəm ki, "xxxx" Kommersiya Bankı ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2022-ci il tarixli ümumi ofertası ilə tanış oldum və onun bütün şərtləri ilə razıyam. Bütün öhdəliklərimi vaxtlı-vaxtında, düzgün, qeyd-şərtsiz yerinə yetirəcəyəm; 3-cü bəndində qeyd edilir ki, nağd kredit və ya kredit xətti üzrə şərtləri ümumi offertada qeyd edildiyi kimi qəbul edirəm.
5. "xxxx" KB ASC-nin xx.xx.2025-ci il tarixli LB0009702-1 saylı məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli ərizə və xx.xx.2022-ci il tarixli Ümumi Oferta müqaviləsinə əsasən Cavabdeh AGİD**********7 nömrəli kredit xətti açılmışdır. Kredit şərtləri: kredit limitinin məbləği - 1000; kreditin başlama tarixi - xx.xx.2023; kreditin bitmə tarixi - xx.xx.2025; kreditin müddəti - 35 ay; faiz dərəcəsi - 27,6% illik (2,3% aylıq); gecikməyə görə faiz dərəcəsi – ödənilməmiş minimal ödənişin 0.5%-i; gecikməyə görə cərimə - birinci ay 5 manat, növbəti aylar 10 manat.
6. 11 iyun 2025-ci il tarixli, UB-BANK/PİKMD/1288130 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 11 iyun 2025-ci il tarixə banka 1500 manat məbləğində əsas borc, 177,47 manat məbləğində faiz borcu, 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1697,47 manat məbləğində borcu yaranmışdır.
7. xx.xx.2025-ci il tarixli Bildirişdən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh xəbərdarlıq göndərilərək, cavabdeh borc barədə xəbərdar edilmiş və bütün borcun 3 iş günü ərzində tam ödənilməsi və kredit müqaviləsinin ləğv olunması tələb edilmiş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
8. 11 iyun 2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" KB ASC tərəfindən hazırkı tələb üzrə məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 37,38 AZN məbləğində dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
9. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
10. 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.
11. 417.1-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.
12. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
13. 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.
14. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
15. 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
16. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
17. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
18. 24. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
19. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
21. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilən sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında kredit xətti müqaviləsi bağlanmış, iddiaçı (bank) tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh tərəfindən əsas borc və ona hesablanmış faizlər razılaşmaya uyğun olaraq müəyyən edilmiş müddət ərzində ödənilməmiş və nəticədə cavabdeh müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu (pretenziya) göndərilərək bütün borcun tam qaytarılması tələb edilməklə sözügedən müqavilədən imtina (ləğv) edilmişdir.
22. Məhkəmə qanunvericiliyin tələblərinin hazırki işin faktiki hallarına tətbiqi baxımından hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıdığından, müqavilə üzrə yaranmış borcunu razılaşdırılmış qaydada iddiaçıya ödəmədiyi üçün cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı (bank) müqavilədən imtina etməklə yaranmış əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia tələbi bu hissədə əsaslı olduğundan tam təmin edilməli, 1500 manat məbləğində əsas borc, 177,47 manat məbləğində faiz borcu, 20 manat cərimə borcu olmaqla, cəmi 1697,47 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Məhkəmə iddianın ödənilmiş 37,38 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğdə dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənilmişdir və iddia tələbi tam təmin edildiyi üçün iddiaçı həmin məbləği də tam tələb etməkdə haqlıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manat məbləğindən 10.000 manat məbləğinədək olduqda 30 manat məbləğində + 1.000 manat məbləğindən yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də tam təmin edilməli, 37,38 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
25. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edilməli, 1500 AZN (bir min beş yüz manat) məbləğində əsas, 177,47 AZN (bir yüz yetmiş yeddi manat qırx yeddi qəpik) məbləğində faiz borcu, 20 AZN (iyirmi manat) cərimə borcu olmaqla, cəmi 1697,47 AZN (bir min altı yüz doxsan yeddi manat qırx yeddi qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 37,38 AZN (otuz yeddi manat otuz səkkiz qəpik) dövlət rüsumunun məbləği Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia təmin edilsin. Cavabdeh 1500 AZN (bir min beş yüz manat) məbləğində əsas, 177,47 AZN (bir yüz yetmiş yeddi manat qırx yeddi qəpik) məbləğində faiz, 20 AZN (iyirmi manat) cərimə borcu olmaqla, cəmi 1697,47 AZN (bir min altı yüz doxsan yeddi manat qırx yeddi qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 37,38 AZN (otuz yeddi manat otuz səkkiz qəpik) dövlət rüsumunun məbləği tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov