Məhkəmə qərarları › İş №2(003)-2867/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2867/2021

26.07.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2867/2021 26.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8 Kərim qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı istifadə hüququnun saxlanılması tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qeydiyyatda olduğu Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 4, 130 saylı mənzildən istifadə etməyinə yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı iddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, onun və övladları 29 yanvar 2012-ci il təvəllüdlü X3 və 08 yanvar 2014-cü il təvəllüdlü X1 qeydiyyatda olduqları və yaşadıqları ünvan 1 ünvanında yerləşən mənzildən müvəqqəti 3 il müddətində istifadə hüququnun saxlanılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin oğlu X4 ilə aralarında 31.03.2011-ci il tarixdə nikah bağlamışlar. Cavabdehin oğlu ilə birgə nikahlarından 2 övladları var. Bunlar 29 yanvar 2012-ci il tarixli X3 və 08 yanvar 2014-cü il tarixli X2r. Cavabdehin oğlu ilə bir müddət bir yerdə yaşasalar da, bu mümkünsüz hala gəlmişdir. Məhkəmə qətnaməsi ilə aralarındakı nikaha xitam verilmişdir. Nikaha xitam verildikdən sonra cavabdehə məxsus və onun qeydiyyatda olduğu Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 4, 130 saylı mənzildən istifadə hüququna cavabdeh maneələr yaratmış, oradan çıxmağı üçün hədə-qorxu gəlmişdir. Hazırda övladları ilə birlikdə qeyd edilən ünvanda birlikdə yaşayırlar. Həmin mənzildə müvəqqəti istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıldığı təqdirdə, həm övladlarının saxlanılması cəhətdən, həm onların gələcək inkişafı və maddi durumun yaşxılaşdırılması üçün, həm də dağılmış ailənin bərpa edilməsi üçün böyük dəstək olacaqdır. Hal-hazırda heç bir yerdə işləmir və adında hər hansı daşınmaz əmlak yoxdur. Cavabdeh evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət edib, evdən çıxarılarsa, çöldə qalacaq. Qeyd olunanlara əsasən, onun və övladları 29 yanvar 2012-ci il təvəllüdlü X3 və 08 yanvar 2014-cü il təvəllüdlü X1 qeydiyyatda olduqları və yaşadıqları ünvan 1 ünvanında yerləşən mənzildən müvəqqəti 3 il müddətində istifadə hüququnun saxlanılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehin nümayəndəsi X8 Kərim qızı məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, o, cavabdehin qızıdır. Ev cavabdehin mülkiyyətidir. Cavabdeh iddiaçının həmin evdən istifadə hüququnun saxlanılmasına razı deyil. İddiaçı qardaşı ilə boşanıb, hər gün səhər saat 6-da bəzənib harasa gedir, gecə gəlir, qardaşı da bunları görüb dözməyib bir xəta edəcək. İddiaçının qalmağa anasının evi də var, boşanırsa çıxsın anasının evinə getsin, yoxsa bir evdə qalmaqları bir problem çıxaracaq. Atası xəstə adamdır, sakit yaşamaq istəyir. Evin mülkiyyətçisi atasıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbacan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 08.06.2021-ci il tarixli ******* saylı arayışından görünür ki, hazırkı iş üzrə tərəflər İddiaçı, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, İddiaçı cavabdehin keçmiş gəlini olmaqla, oğlu X4 ilə mübahisəli evdən istifadə hüququ əldə etmişdir. Hazırda iddiaçı özünün və uşaqlarının mübahisəli mənzildən istifadə hüquqlarının saxlanılmasını məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında olan münasibət 2011-ci ildən sonra yarandığı üçün mübahisənin həllinə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq olunmaqla, mübahisə həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, cavabdehin oğlu ilə iddiaçı arasında nikah münasibətlərinə xitam verilmiş və uşaqlar da anasının himayəsinə verildiyi üçün məhkəmə hesab edir ki, iddiaçının və uşaqlarının mübahisəli evə dair istifadə hüququ itirilmiş hesab edilməlidir. Odur ki, istifadə hüququnun saxlanılması barədə iddiası əsassızdır. Bundan əlavə, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsində istifadə hüququnun müvəqqəti saxlanılması halı nəzərdə tutulsa da, iş üzrə iddiaçının həqiqətən də başqa yerdə yaşamaq imkanının olmaması işin halları ilə təsdiq edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə hesab edir ki, cavabdeh yaşayış sahəsinin mülkiyyətçisi olmaqla, iddiaçı ondan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs deyildir və ona görə də, iddiaçı cavabdeh olan mülkiyyətçinin ailə üzvü və digər qohumu hesab edilmədiyindən, onun həmin evə istifadə hüququ itirilmiş saxlanıla bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu”- nun 2-ci maddəsinin İİİ bəndinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsindən görünür ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3 maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddiaçı Cavabdeh qarşı istifadə hüququnun saxlanılmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar