Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2869/2023 29.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-1624/2016 saylı qətnaməsi ilə cavabdehlə arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4 onun yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 117 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Daha sonra Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)- 1015/2018 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin məbləği artırılaraq 154 manat məbləğində müəyyən edilmişdir. Hazırda onun maddi vəziyyəti ağırdır. Uşağın təlabatını hazırki dövrdə təmin edə bilmir. Uşaq məktəblidir. Uşağın tələbatı artır. Buna görə də maddi cəhətdən onun tələbatlarını ödəyə bilmir. İşə baxılması zamanı iddiaçı, iddia tələbini dəqiqləşdirərək məhkəmədən, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-1015/2018 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı artırılaraq birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 220 manat miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. İzahatında həmçinin bildirdi ki, uşağın tələbatları artmışdır. İşləyir, ayda 600-700 manat qazanc əldə edir. Uşağın bütün tələbatlarını ödəməkdə çətinlik çəkir, cavabdeh isə alimentdən başqa heç bir köməklik etmir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin etiraf etməyərək onun təmin edilməməsini məhkəmədən xahiş etdi və izahatında bildirdi ki, hazırda ikinci dəfə ailə qurmuş və bu nikahdan bir uşağı var. Bağban işləyir və ayda 600-700 manat qazancı olur. Uşağı isə həftədə bir dəfə onun yanında olur və bu zaman uşağa lazım olan əşyaları, geymini alır. İmkanı pis olduğundan alimenti tam ödəyə bilmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı tarixli, 2(003)-1624/2016 saylı qətnaməsindən görünür ki, X5 ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X4 anası, X2 yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2016cı il tarixdən başlayaraq Cavabdeh hər ay 117 manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət edilmişdir. - Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci tarixli, 2(003)-1015/2018 saylı qətnaməsindən görünür ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı tarixli, 2(003)-1624/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh iddiaçı X2 xeyrinə, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - AZ-İİ seriyalı 607462 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası isə X3r. - ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 14 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, alimentin miqdarının artırılması barədə mübahisə üzrə Cavabdeh mediasiya prosesində iştirak etməməsi səbəbindən ilkin mediasiya sessiyasının keçirilməsi mümkün olmamışdır. Beləliklə, iddiadan və iş materiallarının görünür ki, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin, bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək həyat standartları və istehlak qiymətləri və s. dəyişmişdir. Həmçinin, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin, bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Həmçinin qeyd edilməlidir ki, cavabdeh də bir valideyn kimi uşağının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında vəzifəlidir. Cavabdehin ikinci dəfə nikaha daxil olması və həmin nikahdan himayəsində bir uşağının olması, həmçinin az miqdarda qazancının olması səbəbindən tələb edilən miqdarda alimenti ödəmək üçün kifayət qədər imkanının olmaması dəlillərinə münasibətdə isə nəzərə almaq lazımdır ki, bu hallar onu birinci nikahından olan övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bundan əlavə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-1015/2018, xx.xx.2018-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları, uşağın tərbiyəsində və saxlanmasında himayəsində olan ananın (iddiaçının) üzərinə daha çox yükün düşməsi nəzərə alınmaqla iddia tələbi əsaslı hesab edilməli və cavabdehdən tutulan alimentin miqdarı artırılaraq tələb olunan miqdarda, yəni 220 manat məbləğində müəyyən edilməlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-1015/2018 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə iddia qiyməti 1.000 manatadək olduqda, 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, dövlət rüsumunun tutulması məsələsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan maddələri nəzərə alınmaqla, iş üzrə dövlət rüsumu cavabdehdən tutulmalıdır. Həmçinin tutulmalı olan dövlət rüsumunun məbləğinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı 66 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 792 (66x12) manat müəyyən edilməklə iddianın qiyməti 1000 manatadək olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-1015/2018 saylı qətnaməsi əsasında Cavabdeh iddiaçı Rəhimova (Nəcəfova) Aidə Rafik qızının xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-2869/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2869/2023
29.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver