Məhkəmə qərarları › İş №2(003)-2899/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2899/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2899/2021 07.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04.01.2021-ci il tarixli 001950 saylı müqavilə üzrə 240 manat, 04.01.2021-ci il tarixli 001951 saylı müqavilə üzrə 50 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Tab MM-dən 001950 saylı müqaviləyə əsasən 04.01.2021-ci il tarixdə 250 manat dəyərində “89.45” növlü mal almışdır. Bu müqavilə üzrə ilkin olaraq 10 manat ödəniş etmişdir. Həmin tarixdə 001951 saylı müqavilə bağlayaraq 60 manat dəyərində “115” növlü mal almışdır. Bu müqavilə üzrə də ilkin olaraq 10 manat ödəniş etmişdir. Lakin, sonradan hər iki müqavilə üzrə ödəniş etməyərək, 240 manat və 50 manat borcu qalmaqdadır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş eti və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan 04.01.2021-ci il tarixli 001950 saylı alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh ilə İddiaçı MMC arasında dəyəri 250 manat olan “89.45” növlü mala görə 9 ay ödəniş cədvəli üzrə 6 ay ərzində hər ay 25 manat, qalan 3 ay ərzində hər ay 30 manat olmaqla cəmi 240 manat ödəməyi öhdəsinə götürməsi haqqında bağlanmışdır. İşdə olan 04.01.2021-ci il tarixli 001951 saylı alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh ilə İddiaçı MMC arasında dəyəri 50 manat olan “115” növlü mala görə 5 ay ödəniş cədvəli üzrə hər ay 10 manat olmaqla cəmi 50 manat ödəməyi öhdəsinə götürməsi haqqında bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 04.01.2021-ci il tarixli 001950 saylı alqı-satqı müqaviləsi üzrə 240 manat, 04.01.2021-ci il tarixli 001951 saylı alqı-satqı müqaviləsi üzrə isə 50 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alqı-satqı müqaviləsi üzrə cəmi 290 manat borc ödənilməmiş qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin 30 manat dövlət rüsumunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddianın qiyməti 500 manatdan az olduğundan cavabdehdən 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməli, qalan 10 manat iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh alqısatqı müqaviləsi üzrə ödənilməmiş cəmi 290 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 290 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat, cəmi 310 (üç yüz on) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar