Məhkəmə qərarları › İş №2(003)-291/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-291/2021

11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-291/2021 11.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3123 manat məbləğində dəymiş ziyan, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkilmiş 300 manat xərcin, həmçinin 30 manat dövlət rüsumu olmaqla cəmi 3453 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixli D/2284 saylı “Qaz paylacyıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********00010 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-4 markalı 1702AZ**********03 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndinin tələblərini pozaraq istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavadbehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Briliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2016-cı il tarixli akt üzrə itirilmiş qazın miqdarı 3235 m3 dəyəri 323.50 manat, xx.xx.2016-cı il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1544 m3 dəyəri 154.40 manat, xx.xx.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1612 m3 dəyəri 322.40 manat, xx.xx.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1232 m3 dəyəri 246.4 manat, xx.xx.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1659 m3 dəyəri 331.80 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 2913 m3 dəyəri 582.60 manat və xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3 dəyəri 115.20 manat barədə aktlar tərtbi edilmişdir. Sadalanan aktlardan və iddia ərizəsinə əlavə edilmiş abonentin saldosundan göründüyü kimi cavabdeh dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə İddiaçınə cəmi 3123 manat ziyan vurmuşdur. Yaranmış borcun könüllü ödənilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələb olunan borc məbləğinin cavabdeh tərəfindən müxtəlif vaxtlarda (illərdə) təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etməsi nəticəsində hesablanmış dəymiş zərərin məbləği olmaqla həmin pul cavabdehdən tərəfindən ödənilməli olduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki, cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etməsi halları iddia ərizəsinə əlavə edilmiş aktlar və həmin aktlara əlavə edilmiş şəkillər əsasında sübut olunur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək izahatında bildirdi ki, yalnız 2016-cı il tarixdə təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etmişdir. Həmin xətt iddiaçının əməkdaşları tərəfindən aşkar olunaraq kəsildikdən sonra təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etməmişdir. Ona görə də xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli aktlar əsasında yazılmış 323.50 manat və 154.40 manat borcun ondan tutulmasına etiraz etmir. Digər illərə dair tərtbi edilmiş aktlara etiraz edir və həmin aktlar razı deyil. Belə ki, 2017 və 2018-ci illərdə təbii qazdan istifadə edilməsi üçün qeyri-qanuni xətti olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Bakı X4 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli D/2284 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan abonentin saldosundan və “gasrep” abonentin hesabından çıxarışdan görünür ki, **********00010 sayla qeydiyyata alınmış abonent koduna 3123 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli itirilmiş qazın dəyərinin hesablanmasına dair qərardan görünür ki, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların təsdiq edilmiş surətlərinindən görünür ki, təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə halı aşkar olunduğuna görə dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarından və bbonent saldosundan görünür ki, yuxarıda qeyd olunan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar əsasında dəymiş ziyan 3235 m3 (323.50 manat), 1544 m3 (154.4 manat), 1612 m3 (322.4 manat), 1232 m3 (246.4 manat), 1185 m3 (237 manat), 1659 m3 (331.8 manat), 2913 m3 (582.6 manat), 576 m3 (115.2 manat) və iddia ərizəsinə əlavə edilməmiş akt əsasında 03.2018-ci il tarixdə 972 m3 (194.4 manat) həcmində itirilmiş qazın dəyəri hesablanmaqla cavabdehin abonent hesabına köçürülmüşdür. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehin ünvanına təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi səbəbindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmiş və həmin aktlar əsas gətirilməklə onun abonent hesabına köçürülmüş cəmi 3123 manat borcun cavabdehdən tutulması iddiaçı tərəfindən tələb olunur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edilənləri və cavabdeh tərəfindən göstərilən xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli aktları və onun tərəfindən qəbul edilmiş həmin aktları cavabdehin sayğacdan kənar təbii qazdan istifadəsini təsdiq edən sübut kimi qəbul etməklə məhkəmə hesab edir ki, həmin aktlar əsasında qazın itkisinə görə hesablanmış məbləğin (323.50 və 154.40 manat, cəmi 477.90 manatın) tutulması hissəsində iddia tələbi təmin edilməlidir. Belə ki, cavabadeh həmin hissədə iddia tələbini qəbul etməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmişdir. Buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Məhkəmə iddia tələbinin qalan hissədə təmin olunması məsələsinə qiymət verərək hesab edir ki, qalan hissədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında tirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməklə zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Bundan başqa məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı çəkilmiş 300 manat xərcin cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbinin təmin edilməsi mümkün deyil. Belə ki, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkilmiş xərc kimi cavabdehdən 300 manat məbləğində pul tələb olunsa da, həmin məbləğdə pulun iddiaçı tərəfindən hüququ yardıma görə ödənilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 15 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan 15 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belələliklə məhkəmə sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə təbii qazdan istifadəyə görə yaranmış 477.90 manat və ödənilmiş dövlət rüsumuna görə 15 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 477.90 manat və ödənilmiş dövlət rüsumuna görə 15 manat tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 15 (on beş) manatı İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar