Məhkəmə qərarları › İş №2(003)-2949/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2949/2025

04.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2949/2025 04.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh qismində Cavabdeh adlı şəxsə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayoin Məhkəməsinə müraciət edərək, cavabdehdən vurulmuş ziyana görə 7920 manat məbləğində pul vəsaitinin və ödənilmiş 99 manat 20 qəpik məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində idiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Göründüyü kimi, qanunverici, iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünü onun Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməsi ilə şərtləndirmişdir. Həmin Məcəllədə iddia ərizəsində göstərilməli olan hallar sırasında cavabdehin soyadı, adı, atasının adı ilə yanaşı onun şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatların (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi), yaşayış yeri və ya olduğu yerin (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) mütləq göstərilməli olduğu təsbit olunmuşdur. Bu isə həm məhkəmə aidiyyətinin düzgün müəyyən edilməsinə, həm də ağlabatan müddətdə işin ədalətli həllinə xidmət edir. İddia ərizəsindən görünür ki, iddiaçı qanunvericiliyin tələbinə əməl etməyərək, iddia ərizəsində cavabdeh qismində qeyd etdiyi şəxsin (Cavabdeh) şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları qeyd etməmişdir. Eyni zamanda elektron məhkəmə portalı vasitəsi ilə də qeyd olunan şəxsin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar müəyyən edilməmişdir. Bu hal isə iddia ərizəsinin məzmun tələblərinə riayət olunmadığına dəlalət etməklə yanaşı, məhkəməni cavabdehin işdə iştirakının təmin edilməsi üçün zəruri olan tədbirləri görmək imkanından məhrum edir. MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, iddia ərizəsi geri qaytarıldığından, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, **********59 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 99.2 AZN (doxsan doqquz manat 20 iyirmi qəpik) dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, **********59 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 99.2 AZN (doxsan doqquz manat 20 iyirmi qəpik) dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə elektron qaydada) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar