Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2959/2024 27.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 və vəkili X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2018-cı il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün onlar yetkinlik yaşma çatana qədər xx.xx.2022-ci il tarixindən tutulan alimentin məbləği artırılaraq hər ay hər usaq üçün 235 manat olmaqla, ümumilikdə, 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğinin və 60 (altmiş) manat mediasiya prosedurunun aparılmasına görə iddiaçı tərəfindən ödənilmiş İMS xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 09 aprel 2018-ci il tarixdə cavabdehlə ailə həyatı qurmuş və nikahları “ASAN Xidmət” X6 1070 nömrə ilə qeydə alınmışdır. Cavabdehlə birgə nikahından iki övladı-xx.xx.2018-cı il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X8 anadan olmuşdur. Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-151/2020 nömrəli qətnaməsi ilə nikahı pozulmuşdur. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-1946/2022 nömrəli qətnaməsi ilə xx.xx.2018cı il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 70 manat olmaqla cəmin 140 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri tam ödəməmişdir. Məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği hazırki həyat tələbatlarına görə uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlarını tək böyüdür. Cavabdeh uşaqlarla maraqlanmır, onların qayğısına qalmır. Buna görə maddi problemlərlə üzləşir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də görə “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda qeyd etmək istəyir ki, Mediasiya Şurasına müraciət olunmuş, lakin cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin müdafiə edərək, izahatında göstərdi ki, cavabdehin rəsmiyyətdə əmək haqqısı 700 manat göstərilsə də, o həmin məbləği formal xarakter olaraq qeyd etdirmiş, çox yüksək məbləğdə əmək haqqı alır. Hazırda müəyyən olunmuş alimentlə uşağın maddi ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Əvvəllər sosial yardım alsa da, sonradan sosial yardımı kəsilmişdir. 3 aydır müraciət etsə də, aiddiyyəti qurum tərəfindən baxış keçirilməmişdir. Bu səbəbdən də, alimentin məbləğinin artırılmasını tələb edir. Əlavə olaraq bildirdi ki, cavabdeh ondan əvvəl ailə olmuşdur və həmin ailəsindən doğulan uşağa görə aliment verir. Həmin uşaqda hazırda sağlamlıq imkanları məhdud uşaqdır. Lakin hazırda onlar barışmış və bir yerdə yaşayırlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, oğlu digər ailəsində anadan olan uşaq üçün aliment ödəyir. Həmin uşaq xəstədir. Oğlu 700 manat əmək haqqı alır. Hazırda alimentin hər uşağa görə 100 manat artırılmasına etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili X11iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, cavabdehin digər ailəsində anadan olan uşaq üçün aliment ödəməsini, 700 manat əmək haqqı almasını nəzərə alaraq, alimentin hər uşağa görə 100 manat artırılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(003)-1946/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması, Cavabdeh 43,16 (qırx üç manat 16 qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, qətnamə dərhal icra olunması qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası isə İddiaçı xx.xx.2018-cı il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X8 anadan olmuşdur. İşə əlavə edilmiş AZ-İ seriyalı, 343659 nömrəli, xx.xx.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 ilə olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə, 69 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2018-cı il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X8 adlı övladları doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-1946/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının xx.xx.2022ci il tarixdən hesablanması, Cavabdeh 43,16 (qırx üç manat 16 qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, qətnamə dərhal icra olunması qət edilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edildi ki, cavabdehin əvvəlki ailəsindən uşağı olması və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment ödəməsi işin mübahisəsiz halıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qanunverici, uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qanunvericiliyin bu müddəasından görünür ki, alimentin müəyyən olunmuş miqdarının dəyişilməsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə əlaqələndirilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, nəzərə alınmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideyinin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmin qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235,0 manat məbləğində müəyyən edilmişdir. Mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü nəzərə alındıqda iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə iddiaçının alimentin artırılması tələbinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır: 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir; 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. İddia tələbinin tam təmin edilməsi aşağıdakılara görə məqsədəuyğun deyil. Əvvəla, cavabdeh iddiaçının ərizədə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğinin hər uşağa görə 235,0 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinin tələblərinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşağın saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Məhkəmə uşağın mənafeyini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, digər tərəfdən cavabdehin digər ailəsindən doğulan uşaq üçün aliment verməsini, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-1946/2022 saylı qətnaməsi ilə tutulmuş aliment məbləği dəyişdirilməli, xx.xx.2018-cı il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçıya verilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edən zaman 60 manat mediasiya xərci ödəmişdir. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilərək cavabdehdən 60 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-1946/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2018-cı il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 150 manat, iki uşağa görə 300 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 60 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2959/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2959/2024
27.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver