Məhkəmə qərarları › İş №2(003)-2982/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2982/2021

25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2982/2021 25.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, İddiaçı QSC–nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 24.06.2019-cu il tarixli, 021R********** saylı kredit razılaşması üzrə 1230.53 manat məbləğində kredit borcu, 182.28 manat məbləğində faiz borcu və 323.62 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1736 (min yeddi yüz otuz altı) manat 43 (qırx üç) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 26.07.2013-cü il tarixli 21L000002718 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 24.06.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə 2800 (iki min səkkiz yüz) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 30.04.2020-ci il tarixli 021R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 götürdüyü kredit borcundan 1569,47 manat ödəmiş, onun 1230,53 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 24.05.2021-ci il tarixə 263 gün üçün hesablanmış faiz borcu 182,28 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödənilməlidir. 24.05.2021-ci il tarixə 263 gün üçün hesablanmış cərimə 323,62 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Gülnar İsmayılova iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında oiştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaəsn işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 26.07.2013-cü il tarixli 21L000002718 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh1 ilə İddiaçı QSC-nin Babək filialı arasında 120 ay müddətinə 30 000 ABŞ dolları məbləğində kreditin xəttinin açılması haqqında bağlanmışdır. İş materiallarında olan 24.06.2019-cu il tarixli № 021R********** nömrəli kredit razılaşmasından görünür ki, həmin razılaşmaya əsasən bank 2800 manat məbləğində olan krediti aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla 18 ay müddətinə kredit alana verməsi haqqında bağlanmışdır. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı QSC-nin Mərdəkan filialı arasında bağlanmış 24.08.2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, o, 26.07.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan Cavabdeh3 ilə İddiaçı QSC-nin Mərdəkan filialı arasında bağlanmış 24.08.2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, o, 26.07.2013-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 01.03.2021-ci il tarixə 930,53 manat əsas borcu, 107,63 manat faiz borcu, 216,99 manat cərimə borcu mövcuddur. İş materiallarında olan cavabdehlərə ünvanlanmış bildirişlərdən görünür ki, bank onlara olan borcun qaytarılması barədə xəbərdarlıq etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Eyni zamanda zaminlik müqaviləsinə əsasən zaminlər də, qeyd edilən müqavilə üzrə borcalan tərəfindən öhdəliklərin icrasının pozulacağı təqdirdə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımaqları öhdəsinə götürmüşdürlər. Həmçinin, hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə qeyd edir ki, kredit razılaşması üzrə müqavilə müddəti 18 ay müəyyən edildiyindən, müqavilə müddəti bitdiyi tarixə hesablanmış və maliyyə arayışında əks olunmuş borc məbləği cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385, 425, 427, 439, 442, 448, 462, 739, 470 və 472-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, əsas borca görə 930,53 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 24.06.2019-cu il tarixli müqavilə üzrə 930,53 manat məbləğində əsas borca münasibətdə 216,99 manat dəbbə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan həmin dəbbələr azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 iddiaçının xeyrinə 24.06.2019-cu il tarixli müqavilə üzrə 22 manat məbləğində dəbbə pulu tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 930,53 manat əsas, 107,63 manat faiz və 22 manat cərimə borcu tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 24.06.2019-cu il tarixli, 021R********** saylı kredit razılaşması üzrə müştərək qaydada 930,53 manat əsas, 107,63 manat faiz və 22 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1060,16 (bir min altımış manat 16 qəpik) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar