Məhkəmə qərarları › İş №2(003)-2984/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2984/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2984/2021 08.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Sahil fililalı ilə Cavabdeh arasında bağlanmış 30 iyun 2020-cu tarixli, NSNPU-6824 saylı kredit müqaviləsinə əsasən illik 29 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 10600,0 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1., 2.3., 2.A bəndləri). 30 iyun 2020-cu tarixli, NSNPU-6824 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehə öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 30 iyun 2020-cu il tarixli, NSNPU- 6824 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 30-dan gec olmayaraq hər ay 1028,16 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 30 iyun 2020-cu il tarixli, NSNPU- 6824 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 3506,9 manat, faiz borcuna görə 248,24 manat, dəbbə borcuna görə 2120,0 manat, cəmi 5875,24 manat təşkil edir. Qeyd olunanlara əsasən, Cavabdeh 30 iyun 2020-cu tarixli, NSNPU-6824 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3506,9 manat, faiz borcuna görə 248,24 manat, dəbbə borcuna görə 2120,0 manat, cəmi 5875,24 manat pulun və 30,0 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi 04.08.2021-ci il tarixli iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə gedişatı zamanı Cavabdeh ödəniş etmiş, eyni zamanda faiz və cərimə borcu artmışdır. 02.08.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh 30.06.2020-ci il tarixli SHNPU-6824 saylı kredit müqaviləsi üzrə əsas borcu 3006,9 manat, 464,71 manat faiz borcu, 2120,0 manat cərimə olmaqla, cəmi 5591,61 manat borcu vardır. Qeyd olunanlara əsasən, Cavabdeh 30 iyun 2020-cu tarixli, NSNPU-6824 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3006,9 manat, faiz borcuna görə 464,71 manat, dəbbə borcuna görə 2120,0 manat, cəmi 5591,61 manat pulun və 30,0 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi 24.08.2021-ci il tarixli iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə gedişatı zamanı Cavabdeh ödəniş etmiş, eyni zamanda faiz borcu artmışdır. 24.08.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh 30.06.2020-ci il tarixli SHNPU-6824 saylı kredit müqaviləsi üzrə əsas borcu 2506,9 manat, 555,99 manat faiz borcu, 2120,0 manat cərimə olmaqla, cəmi 5182,89 manat borcu vardır. Qeyd olunanlara əsasən, Cavabdeh 30 iyun 2020-cu tarixli, NSNPU-6824 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2506,9 manat, faiz borcuna görə 555,99 manat, dəbbə borcuna görə 2120,0 manat, cəmi 5182,89 manat pulun və 30,0 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında iddia tələbini qismən qəbul etdiyini bildirmiş, cərimə məbləği ilə razı olmadığını qeyd etmişdir və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Beləki, iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 iyun 2020-cu tarixli, NSNPU-6824 saylı kredit müqaviləsinə əsasən illik 29 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 10600,0 manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 30.06.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh banka 30 iyun 2020-ci il tarixli müqaviləyə əsasən 30 iyul 2020-ci il tarixindən 30 iyun 2021-ci il tarixinədək hər ay 1028,18 manat ( sonuncu ay 1028,22 manat) ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 24.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 30 iyun 2020-ci il tarixli müqaviləyə əsasən 2506,9 manat əsas, 555,99 manat faiz borcu və 2120,0 manat cərimə borcu var. İş materiallarına əlavə edilmiş 30.06.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh **********0944-292115 saylı hesabdan nəğd şəkildə 10600,0 manatı götürmüdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 10-02/826 saylı 28.04.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış 30 iyun 2020-ci il tarixli kredit sazişinə əsasən bank cavabdehə illik 29 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 10600,0 manat məbləğində kredit vermişdir. Cavabdeh həmin kredit məbləği üzrə ödənişi tam olaraq həyata keçirmədiyi üçün 24.08.2021-ci il tarixə cavabdehin ödənilməmiş borcu qalmışdır. Hazırda iddiaçı bu borcun cavabdeh tərəfindən ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmədiklərindən iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385-ci maddəsinə əsasən, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Kreditor müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun qaytarılmasını, həmçinin borc üzrə razılaşdırılmış faizin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən hesablanmış 2120 manat cərimə cavabdehin hazırda ödənilməmiş əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan cərimənin 100,0 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 30,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2506,9 manat əsas, 555,99 manat faiz borcu, 100,0 manat cərimə (dəbbə) və 30,0 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3192,89 (üç min yüz doxsan iki manat, səksən doqquz qəpik) manat pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar