Məhkəmə qərarları › İş №2(003)-2994/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2994/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2994/2023 15.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5800 manat məbləğində borcun və dövlət rüsumuna görə ödədiyi 78 manat olmaqla, cəmi 5878 (beş min səkkiz yüz yetmiş səkkiz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin əvvəllərində Qubadlı rayonundakı N saylı hərbi hissədə qulluq edən qohumu Hamiz ona zəng edib yaxın dostuna pul lazım olduğunu bildirib ondan ona borc pul verməyini xahiş etdi. O, Hamizə heyvanlarını satdığını və təxminən 2 aya yenidən heyvan alacağını bildirmişdir. Hamiz dostunun həmin vaxta kimi pulu qaytaracağını bildirmişdir. Qohumu Hamizin xahişi ilə razılaşandan təxminən bir-iki gün sonra Hamiz və sonradan tanıdığı cavabdeh Rəhimov X1, onun yaşadığı evə gəlmişlər. Hamiz Cavabdeh ona təqdim edib tanış edəndən sonra onun probləmlərinin olduğunu və həmin problemləri həll etmək üçün ona borc pul verməyini xahiş etdi. O, qohumu Hamizlə telefonla danışdığı kimi heyvanlarını satdığını və evində cəmi 5800 manat pulunun olduğunu bildirmiş və Hamizin iştirakı ilə 5800 manat məbləğində pulu Cavabdeh vermişdir. Cavabdeh pulu ondan alandan sonra problemlərini həll edib iki ay müddətinə ondan aldığı borc pulu qaytaracağına söz verdi və bu barədə onunla sadə formada Borc müqaviləsi bağlayaraq iki ay müddətində borc aldığı 5800 manat məbləğində pulu qaytaracağına söz vermişdir. Cavabdeh ondan borc aldığı pulu qaytaracağı müddət tamam olandan sonra onun pulu qaytarmadığını görüb ondan borc aldığı pulu qaytarmasını tələb etmişdir. Lakin Aqil hər dəfə müxtəlif bəhanələr gətirərək borc aldığı pulu qaytarmaqdan yayınmışdır. Son vaxtlar isə Cavabdeh və qohumu Hamiz onun telefon zənglərinə də cavab vermir. Bundan sonra o, 2023-cü ilin iyul ayında Cavabdeh qeydiyyatda olduğu ünvana ona borclu olduğu 5800 manatı qaytarması barədə xəbərdarlıq məktubu göndərmiş, əks təqdirdə isə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Cavabdeh xəbərdarlıq məktubunu alandan sonra borclu olduğu 5800 manat məbləğində pulu 10 günə qaytaracağını bildirmişdir. Lakin, bu dəfə də Cavabdeh ondan borc aldığı 5800 manat məbləğində pulu qaytaracağına dair ikinci dəfə verdiyi sözə də əməl etməyib pulu bu günə kimi qaytarmamışdır. Hazırda Cavabdeh ona 5800 manat borcu var. İddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, onun iştirak olmadan iclasın keçirilərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Sadə yazılı formada bağlanmış və cavabdeh tərəfindən imza edilmiş borc müqaviləsindən görünür ki, Borcverən İddiaçı borcalan Cavabdeh 5800 manat məbləğində borc verməyi, borcalan Cavabdeh isə şərtləşdirilən müddətdə borcu qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh 5800 manat pulu qəbul edərək 2 ay müddətində qaytaracağına dair öhdəlik götürmüşdür. - İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, borcverən borcalana borcunu tam şəkildə qaytarmasını, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarından görünür ki, yazılı müqavilələrin bağlanma üsullarından biri tərəflərin onu imzalamasıdır. Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı 5800 manat borc almış, lakin müqavilə ilə müəyyən edilmiş müddətdə borcunu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh borca görə 5800 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh 5800 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 78 manat alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 5800 (beş min səkkiz yüz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 78 (yetmiş səkkiz) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar