Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3008/2020 30.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı kredit öhdəliyinin icra edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 260000 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X3 Bakı şəhəri 23 saylı notariat kontorunda xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi bağlayaraq, Cavabdeh ilə 3 ay müddətinə qaytarmaq şərtilə 260000 manat məbləğində borc pul vermişdir. Müqavilənin şərtlərinə görə cavabdeh borcu xx xxxxxx 2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həyat yoldaşı 2017-ci ilin yanvar ayında ağır xəstəlik ucbatından yorğan döşəyə düşmüşdür və bu səbəbdən 2018-ci ilin oktyabr ayının 29-da rəhmətə getmişdir. Elə bu səbəbdən kredit müqaviləsinə əsasən verdiyi pulu geri ala bilməmişdir. Həyat yoldaşı rəhmətə getdikdən sonra uzun müddət əmlakını, əmanətlərini tapa bilməmişdir. Bununla əlaqədar vəkil vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat nə Notariat Baş İdarəsinə rəsmi qaydada müraciət etdikdən sonra yuxarıda qeyd olunan kredit müqaviləsini əldə etmişdir. Qeyd olunanlara əsasən, cavabdehdən 260000 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, bildirmişdir ki, İddiaçı yoldaşının hansı orqanlarda hansı müqavilələrinin olubolmaması barədə məlumatlı olmamış, yalnız sorğu ilə müraciət edib cavab alandan sonra bilmişdir ki, belə bir kredit müqaviləsi mövcuddur. Ona görə hesab edir ki, hazırkı işdə iddia müddəti buraxılmamışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının mərhum həyat yoldaşı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2017-ci il tarixədək ödənilməsi şərtilə 260 000 manat məbləğində borc verilmişdir. Borcun ödəniş vaxtının çatdığı xx.xx.2017-ci il tarixdən 3 il müddətində cavabdeh tərəfindən borc məbləği tələb edilmədiyinə görə iddia müddəti tətbiq edilməklə iddia təmin edilməməlidir. Qanunvericiliyə müvafiq olaraq, müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəməyə gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən X3 tərəfindən Cavabdeh 260 000 manat məbləğində kredit verilmişdir. Qeyd edilən müqavilənin 2-ci bəndindən görünür ki, borc alan krediti xx.xx.2017-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüş, lakin qeyd olunan tarixdə cavabdeh borcunu qaytarmamış, bununla da kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxxx 2018ci il tarixli şəhadətnamədən görünür ki, X2 vərəsəsi İddiaçıdır. İddiaçı məhkəməyə müraciət edərək, qanun üzrə vərəsəsi olduğu X3 tərəfindən borc verilmiş 260000 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə hesab edir ki, iddiaçının hazırda qaldırdığı iddiası, yəni yoldaşı tərəfindən kredit verilmiş borcun geri qaytarılması haqqında tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun İddiaçı olan borcu 260000 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X4 iddia tələbinə etiraz edərək, müqavilə tələbləri üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin keçdiyini bildirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. İş materiallarından görünür ki, Bakı şəhəri 19 saylı Vəkil Bürosu tərəfindən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə xx.xx.2020-ci il tarixdə sorğu göndəilərək, mərhum X2 2014-cü ildən 2018-ci il tarixədək notarial qaydada təsdiqlənmiş, bağlanmış və s. müqavilələrinin olub-olmaması barədə ətraflı məlumat verilməsi xahiş olunmuşdur. Həmin sorğuya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixli cavab göndərilərək, müvafiq olaraq Bakı şəhəri 6 23 və 52 saylı notariat ofislərinə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bundan əlavə məhkəmə iclasında cavabdeh tərəf 260.000 manat borcun olduğunu etiraf etmiş, lakin müddətin keçməsi səbəbindən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Məhkəmə iddiaçının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli cavab məktubu vasitəsilə cavabdehin borcu olması barədə xəbər tutduğunu nəzərə alaraq, hesab edir ki, hazırkı iş üzrə iddia müddətinin keçməsi üzrlü hesab edilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xeyrinə Cavabdeh 260000 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı xeyrinə Cavabdeh 260000 (iki yüz altmış min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3008/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3008/2020
30.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver