Məhkəmə qərarları › İş №2(003)-3012/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3012/2021

30.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3012/2021 30.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-586/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını dəyişdirərək, cavabdehdən onun xeyrinə 19 avqust 2011-ci il təvəllüdlü X3, 19 fevral 2013-cü il təvəllüdlü X4 və 24 dekabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə 15 may 2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından üç uşaqları: 19 avqust 2011-ci il təvəllüdlü X3, 19 fevral 2013-cü il təvəllüdlü X4 və 24 dekabr 2018-ci il təvəllüdlü X5 doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-586/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsinə ilə cavabdehlə aralarında olan nikah qeydiyyatı pozulmuş, uşaqları yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər uşaq üçün 100 manat aliment tutulub ona ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı uşağın saxlanılmasına yetmir. Uşağın geyim, yemək və digər xərclərinə 800 manat xərci çıxır. Cavabdeh onlara heç bir köməklik göstərmir. Qeyd olunanlara əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-586/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını dəyişdirərək, cavabdehdən onun xeyrinə 19 avqust 2011-ci il təvəllüdlü X3, 19 fevral 2013-cü il təvəllüdlü X4 və 24 dekabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə 15 may 2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından üç uşaqları: 19 avqust 2011-ci il təvəllüdlü X3, 19 fevral 2013-cü il təvəllüdlü X4 və 24 dekabr 2018-ci il təvəllüdlü X5 doğulmuşdur. Uşaqların saxlanması üçün ondan hər uşağa 100 manat tutulur. O, əlavə olaraq uşaqlarının digər xərclərində də iştirak edir. Artırılmış alimenti ödəməyə imkanı yoxdur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, İddiaçı ilə Cavabdeh 15 may 2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan üç uşaqları – 19 avqust 2011-ci il təvəllüdlü X3, 19 fevral 2013-cü il təvəllüdlü X4 və 24 dekabr 2018-ci il təvəllüdlü X5 doğulmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-586/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasındakı nikahın pozulması, birgə nikahdan olan uşaqların anasının yanında qalması, 19 avqust 2011-ci il təvəllüdlü X3, 19 fevral 2013-cü il təvəllüdlü X4 və 24 dekabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-586/2021 saylı, 23 fevral 2021-ci il tarixli məhkəmə əmrinə əsasən iddiaçıya ödəməli olduğu vəsait yetkinlik yaşına çatmayan uşaqların, 19 avqust 2011-ci il təvəllüdlü X3, 19 fevral 2013-cü il təvəllüdlü X4 və 24 dekabr 2018-ci il təvəllüdlü X1 üçün onun minimum xərclərini ödəmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 586/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq cavabdehdən uşaqların saxlanması üçün ayda hər uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində alimentin tutulması məhkəmədən xahiş olunmuş, lakin iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada öz iddia tələbini əsaslandıran, yəni cavabdehin tələb edilən məbləğdə alimenti ödəmək imkanının olmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını, maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 19 avqust 2011-ci il təvəllüdlü X3, 19 fevral 2013-cü il təvəllüdlü X4 və 24 dekabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-586/2021 saylı, 23 fevral 2021-ci il tarixli məhkəmə əmri ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatadan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-586/2021 saylı, 23 fevral 2021-ci il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə 19 avqust 2011ci il təvəllüdlü X3, 19 fevral 2013-cü il təvəllüdlü X4 və 24 dekabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 120 manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar