Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-302/2023 06.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 4983,31 AVRO əsas, 2773,33 AVRO faiz borcu, 554,21 AVRO cərimə və kredit müqaviləsi üzrə xx.xx.2009-cu il tarixdən, xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1656,15 AVRO məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 9967 AVRO borcun və 139,50 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 oktyabr 2022-dək Cavabdeh1 banka 26 may 2008 il tarixli kredit müqaviləsi üzrə 4983,31 AVRO əsas borc, 2773,33 AVRO faiz borcu , 2216,82 AVRO cərimə və kredit müqaviləsi üzrə 22 may 2009-cu il tarixdən, 14 oktyabr 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1656,15AVRO məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 11629,61 AVRO borcu vardır. Cavabdeh1 26 may 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 2216,82 AVRO təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 554.205 AVRO məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nüamayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan kreditor “Nikoyl İKB” ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli RBB1335(z) saylı kredit müqaviləsindən görünür ki, həmin razılaşma illik 28 faiz dərəcəsi ilə 12 ay müddətinə 5000,0 AVRO məbləğində kredit verilməsi haqqında bağlanmışdır. Eyni zamanda, işə əlavə olunmuş xx.xx.2008-ci il tarixli zaminlik müqavilləsindən görünür ki, əsas borclu Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər Cavabdeh2nın zaminliyi ilə təmin edilmiş və o, bank qarşısında əsas borclu ilə birgə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh1 əsas borc üzrə 4983,31 AVRO, faiz borcu üzrə 2773,33 AVRO, cərimə borcu üzrə 2216, 82 AVRO, əldən çıxmış fayda (əsas borca hesablanmış 5 faiz) üzrə 1656,15 AVRO, cəmi 11629,61 AVRO borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən xx.xx.2008-ci il tarixli müqavilə üzrə yaranmış borcun ödənilməsi tələb olunmuş, eyni zamanda kredit tarixi bitdiyitarixdən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış faydanın ödənilməsinin tələb olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 9/2243 saylı ekspert rəyindən görünür ki, xx.xx.2008-ci il tarixli RBB1335(z) saylı kredit müqaviləsi üzrə müqavilə müddətinin bitmə tarixinə yəni xx.xx.2009-cu il tarixə əsas borc üzrə 4897,02 AVRO, faiz borcu üzrə 845,55 AVRO, qeyd edilən xx.xx.2022-ci il tarixə illik 5 faiz hesablamaqla 3279,64 AVRO məbləğində illik 5 faizlə hesablanmış əldən çıxmış fayda borcu vardır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 139,50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, «Nikoyl İKB» ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli RBB1335(z) saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 28 olmaqla 12 ay müddətinə, hissəhissə qaytarmaq şərti ilə 5000,0 AVRO məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2008-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə zamin X4 “borclu” Cavabdeh1 kreditor bank qarşısında öhdəliklərinin icra edilməsinə görə birgə məsuliyyət daşımaq öhdəliyini üzərinə götürmüşdür. İş üzrə cavabdeh kredit müqaviləsinə əsasən müəyyənləşdirilmiş qrafikə uyğun olaraq ödənişlər etməməklə kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit üzrə əsas borcu ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və əldən çıxmış faydanın ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi gecikdirlmiş vaxt üçün hesablanmış faiz borcu hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/2243 saylı rəyindən görünür ki, Cavabdeh1 müqavilə müddətinədək, yəni xx.xx.2009-cu il tarixinədək (müqavilənin bitmə müddəti) banka əsas borcu 4897,02 avro, faiz borcu 845,55 avro və xx.xx.2022-ci il tarixə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu isə (5% lə) 3279,64 avro təşkil edir. Göründüyü kimi iddiaçının iddia tələbində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu üzrə tələb etdiyi məbləğ ekspertin müəyyən etdiyi məbləğdən daha az məbləğ təşkil edir. Məhkəmə ekspertizanın qeyd olunan kredit müqaviləsi üzrə əsas borca və gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu hissəsində ekspert rəyi ilə razılaşmır. Beləki, məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən, hesab edir ki, iddiaçının iddia tələbi əsas borc və gecikdirlmiş faiz borcu hissəsində təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirlmiş vaxt üçün hesablanmış faiz borcu hissəsində təmin edilməli, Cavabdeh1 1656,15 avro məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən pulun tutulmasına münasibətdə iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, əsas və faiz borcuna görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/2243 saylı rəyindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-nə əsas borcu 4897,02 avro, xx.xx.2009-cu il tarixə (müqavilə müddətinin sonuna) faiz borcu 845,55 avro təşkil edir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi xx.xx.2023-cü il tarixli 9/2243 saylı rəyini əsas borc və faiz borcu hissəsində sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia qismən təmin edilərək, cavabdehdən kredit müqaviləsi üzrə 4897,02 avro əsas borc və xx.xx.2009-cu il tarixə yaranmış 845,55 avro faiz borcu cavabdehdən tutulmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi xx.xx.2023-cü il tarixli 9/2243 saylı rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə həmçinin iddianın dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən dəbbə pulu 554,21 AVRO məbləğində deyil, 150,0 avro məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin şərtləri Mülki Məcəllənin 477.0.4cü maddəsinin müddəaları nəzərə alınmaqla tətbiq edilməlidir. Qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli zaminlik müqaviləsinin müddəti xx.xx.2009-cu il tarixədək verilmiş və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı bank zaminə qarşı xx.xx.2010-cu il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı bank tərəfindən zaminə qarşı hər hansı iddia irəli sürülmədiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri baxımından zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir və iddia tələbi zaminə aid hissədə rədd edilməlidir. Məhkəmə həmçinin iddianın 139,50 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumundan 105,0 manat Cavabdeh1 tutulmalı, rüsumun 34,5 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin tələbdə qeyd edilən məbləğin həmçinin müştərək qaydada Cavabdeh2 tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Digər tərəfdən, iş materiallarında olan rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizanın dəyəri 100,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, aparılmış ekspertiza tədqiqatının dəyərindən 75,0 manat pul Cavabdeh1, 25,0 manat pul iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X1, KOD 210005 VÖEN ********** MüxbirhesabAZ 41 NABZ**********000003944 SWİFTBİKCTREAZ 22) hesabına keçirilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 4897,02 avro əsas, 845,55 avro faiz borcu, 150,0 avro cərimə, 1656,15 avro məbləğində müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanmış faiz borcu olmaqla ümumilikdə 7548,72 AVRO məbləğində pul vəsaiti ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan manatı ilə və ödənilmiş dövlət rüsumundan 105,0 manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən edilsin. Cavabdeh1 4897,02 avro əsas, 845,55 avro faiz borcu, 150,0 avro cərimə, məbləğində müqavilə müddəti bitdikdən sonra xx.xx.2022-ci il tarixədək 5%-lə hesablanmış 1656,15 avro faiz borcu olmaqla ümumilikdə 7548,72 avro (yeddi min beş yüz qırx səkkiz avro, yetmiş iki sent) məbləğində pul vəsaiti ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan manatı ilə tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh1 ödənilmiş dövlət rüsumundan 105,0 manat ilə tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddiaçı ASC tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 139,50 manat məbləğində dövlət rüsumunun 34,5 manat hissəsi özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 75,0 manat pul Cavabdeh1, 25,0 manat pul iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X1, KOD 210005 VÖEN ********** MüxbirhesabAZ 41 NABZ**********000003944 SWİFTBİKCTREAZ 22) hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-302/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-302/2023
06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver