Məhkəmə qərarları › İş №2(003)-3043/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3043/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3043/2024 25.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrimə 62050.0 manat (altmış iki min əlli) əsas borcun, 3867.5 manat (62050.00x5%:365günx455gün) faiz məbləğinin və ödənilmiş 297.75 manat dövlət rüsumunun, ümumilikdə 65917.5 manat (altmış beş min doqquz yüz on yeddi manat əlli qəpik) məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun mərhum X3 ilə dostluq münasibətləri olmuşdur. O, ondan borc pul verilməsini xahiş etmiş və o da onunla 14 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, 51 saylı notariat ofisində borc müqaviləsi bağlamaqla ona 65000.00 manat (altmış beş min) məbləğində pul vermişdir. Borc müqaviləsinə əsasən o, həmin borcu 15 aprel 2023-cü il tarixədək qaytarmasını öz öhdəsinə götürmüşdür. Lakin borc müqaviləsinin bağlanmasından hazırki dövrədək ona cəmi 2950.00 manat (iki min döqquz yüz əlli) manat qaytarılmışdır. Mərhum ilə borcun qaytarılması ilə bağlı çoxlu danışıqları olmuş və hər dəfə də bildirmişdir ki, borcu yaxın vaxtlarda qaytaracaq. Belə ki, ona bildirirdi ki, "xxxx" MMC-də (VÖEN **********) paya malikdir və cəmiyyətin böyük ərazisi vardır. Həmin ərazi Bakı bulvarının böyüdülməsi layihəsi çərçivəsində dövlət tərəfindən alınacaqdır, onun payına 650000.0-700000.00 manat düşür. Eyni zamanda hazırda oranın satılması ilə müxtəlif şəxslər ilə danışıqlar aparırır. Bundan başqa Hövsan qəsəbəsində 5.0 (beş) ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır, hazırda icarədədir, 2024-cü ilin yayında icarə müddəti bitir və onu da satışa çıxaracaqdır. 2024-cü ilin əvvəllərindən onun səhhəti pisləşdi. Demək olar ki, hər iki-üç gündən bir onunla telefon ilə əlaqə saxlayır, halı ilə maraqlanırdı. Axırıncı dəfə onunla fevral ayının iyirmisi əlaqə saxlamış, artıq güclə danışırdı, borcla əlaqədar danışmaq yersiz idi. Sonra onun öz nömrəsinə (**********) zəng etdi və həyat yoldaşı Yeganə xanım cavab verərək bildirdi ki, Hüseyn 24 fevralda rəhmətə getmişdir. Yeganə xanım telefon danışığı zamanı bildirdi ki, onun Hüseynin ona olan borcdan xəbəri var, narahat olmasın. Onun oğlu Aydın ilə ********** nömrəli telefon vasitəsi ilə 06 aprel tarixində telefon danışığı olmuş və ona həmin nömrənin vatsapına borc müqaviləsinin surətini göndərmişdir. Aydın bildirdi ki, onun bu müqavilədən xəbəri yoxdur. O ona bildirdi ki, onun anası Yeganə xanım hər şeydən xəbərdardır. Eyni zamanda o, onun vərəsəsi kimi kimin olacağını soruşanda o, ona "sizin nəyinizə lazımdır ki, sizin borcu 3-4 ay ərzində həmin ərazini satıb qaytaracağıq" deyə bildirmişdir. Bu danışıqdan iki ay keçdikdən sonra o, ********** saylı telefon nömrəsinə zəng etdi, lakin cavab verən olmadı. Bir neçə gündən sonra həmin nömrədən onun telefon nömrəsinə Yeganə xanım zəng etdi. Bildirdi ki, hələ heç bir yenilik yoxdur. O, ondan Hövsan qəsəbəsində olan torpaq sahəsinin satılıb-satılmayacağını soruşanda, o bildirdi ki, həmin torpaq sahəsi artıq satılıb, amma nə vaxt satılması haqqında məlumat vermədi. O, ona Aydın ilə danışmaq istədiyini bildirdi (X7 Əmirliklərində yaşadığından və telefon nömrəsini vermədiyindən onunla birbaşa əlaqə saxlamaq mümkün olmayıb), lakin o bunu Aydına çatdıracağını bildirdi. Xeyli vaxt keçsə də Aydın onunla əlaqə saxlamadı. Bu hadisələrdən sonra onda onların səmimiyyətlərinə şübhələr yaranmağa başladı. Ədliyyə Nazirliyinin "Elektron hökumət" portalından Bakı şəhəri 17 saylı notariat ofisində vərəsəlik açıldığını öyrəndi. Həmin notariat ofisindən vəkil sorğusuna cavab alındıqdan sonra məlum oldu ki, X2 adına xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılmış və vərəsələri isə Cavabdeh1 və Cavabdeh2dur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, hazırkı tələb üzrə iddia müddəti ötürüldüyünə görə iddia ərizəsi təmin edilməməlidir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia icraata qəbul edilməməli idi, çünki məhkəmədən əvvəl pretenziya qaydasına əməl olunmadan iddia qaldırılmışdır. Məhkəmənin gedişatında belə bir məktubun göndərilməsi qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasına səbəb olur. Buna görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanmalıdır. Daha sonra həmin müqavilə etibarsızdır. İddia ərizəsindən də məlum olur ki, iddiaçı tərəf mərhumun xəstə olmasını və satmaq üzrə olduğu əmlaklardan xəbərdar olmuşdur. X4 2014-cü ildən xəstə olmuş, ağır əməliyyatlar keçirmiş, 10 il müddətinə ağır müalicələr almışdır. 2023-cü ilin yanvar ayında onun səhhəti umumiyyətlə ağır olmuş, demək olar ki yataq rejimində olmuşdur. Mərhumun vəfatından sonra onun xəstəliyinə aid sənədləri ailəsi məhv etsə də, bununla bağlı müvafiq xəstəxanalara soğular verilib, məlumatlar əldə etmək olar. Tərəflər İddiaçı daha əvvəldən tanıdıqları üçün bəzən mərhumu evə və ya həkimə apararkən onun kömək etmək niyətinə razı olmuşlar. Hazırda cavabdehlər düşünür ki, məhz bu anlarda onun xəstəliyinin ağır olmasından və ona olan etibardan istifadə edərək, həmin müqavilə tərtib edilmişdir. Çünki mərhum X4 o dövrlərdə xəstəliyinin ağırlaşdığına görə ona heç bir iş görmək üçün pul lazım olmamışdır. Son olaraq da iddia ərizəsinin iddia müddətinin keçməsi ilə rədd edilməsini xahiş edir. Belə ki, tərəflər arasında 14 yanvar 2023-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə son ödəniş tarixi xx.xx.2023-cü il tarix müəyyən edilmişdir. İddia ərizəsinin məzmununda da aydın olur ki, iddiaçı mütəmadi şəkildə borcu ilə maraqlanmış, mərhumun rəhmətə getməsini bilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur: Kredit münasibətlərindən yaranan mübahisələrə dair iddia müddətinin tətbiqi ilə bağlı məsələyə gəldikdə isə Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Bu mənada, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 37-ci fəsli yeni redaksiyada verilmişdir. Həmin qanuna əsasən: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 745.4-cü maddəsinə əsasən Borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir. Nəticə olaraq hazırda qüvvədə olan Məcəllə üzrə hazırda mübahisə olan kredit müqaviləsi üzrə iddia müddəti 1 il təşkil edir. Buna görə də hazırkı iddianın iddia müddəti keçmişdir. Bu əsasla iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Borcverən İddiaçı ilə borcalan X3 arasında imzalanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borcverən borcalana 65000 manat məbləğində borc verməyi, borcalan isə krediti xx.xx.2023-cü il tarixinədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi faizsiz bağlanmışdır. - Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 396702 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür. - “Muğanbank” Azadlıq Filialının verdiyi xx.xx.2023-cü il tarixli xəzinə mədaxil orderindən görünür ki, 65000 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən xəzinəyə təhvil verilmişdir. - Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2024-cü il tarixli 12-5/2-5953/2024 saylı məktubla daxil olmuş xx.xx.2023-cü il tarixli 682699 saylı çekin surətindən görünür ki, 65000 manat məbləğində pul vəsaiti X3 tərəfindən şəxsən imza edilməklə alınmışdır. - İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış pretenziya məktubundan görünür ki, Yeganə X1 vərəsəsi olmasına görə ona olan borcu ödəməsi tələb edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mərhum X3 İddiaçı 65000 manat məbləğində borc pul almış, lakin həmin məbləği şərtləşdirilmiş vaxtda qaytarmamışdır. Daha sonra X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Mərhumun vərəsəsi kimi Cavabdeh1 və Cavabdeh2 tanınmışdır. Məhkəmə Cavabdeh1 vəkilinin etirazda qeyd etdiyi müqavilənin etibarsız hesab edilməsi ilə bağlı qeyd edir ki, müqavilənin imzalandığı xx.xx.2023-cü il tarixdə mərhumla notariusda kredit müqaviləsi imzalanmışdır. Ağır xəstəliyi olan bir şəxsin şəxsən notariusa getməsi və müqaviləyə imza atması mümkün ola bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanun tələbindən göründüyü kimi əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun. İddiaçı ilə mərhum X3 arasında imzalanmış xx.xx.2023-cü il tarixli müqavilədə Mülki Məcəllədə müqavilənin etibarlı olması ilə bağlı hər hansı şərt pozulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarında qeyd edilir ki, muəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona gorə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Cavabdeh1 vəkilinin etirazında qeyd etdiyi iddia müddəti ilə bağlı məsələyə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). İddia müddətinin tətbiqi ilə bağlı məhkəmə hesab edir ki, hazırki mülki işdə iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdür. Belə ki, kredit müqaviləsi imzalanan zaman borc müqaviləsi ilə bağlı Mülki Məcəlləyə edilmiş dəyişikliklərlə bağlı qanun qüvvəyə minməmişdir. Bu səbəbdən hazırkı iddia tələbinə əvvəlki qaydada iddia müddəti tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2023-cü il tarixli 822-VİQD saylı Qanununda onun dərc edildiyi vaxtdan 06 (altı) ay sonra qüvvəyə minəcəyi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mərhum X2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 62050 manat əsas borc, illik beş faiz hesablanmaqla 3867,5 manat borcu ödənilməmiş qalmış, iddiaçı mərhumun miras əmlakı qəbul edən vərəsələri Cavabdeh1 və Cavabdeh2 öhdəliyin icrası ilə bağlı müraciət etsə də, cavabdehlər bu tələbi icra etməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə tam ödəməyə borclu olduqlarından iddia ərizəsi əsaslıdır, ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 62050 manat, illik beş faiz hesablanmasına görə 3867,5 manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 297,75 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 62050 manat məbləğində əsas borc, 3867,5 manat məbləğində illik beş faiz borcu olmaqla 65917,5 manat və ödənilmiş dövlət rüsumuna görə 297,75 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar