Məhkəmə qərarları › İş №2(003)-3066/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3066/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3066/2020 23.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi və vəkili X4, Cavabdeh2, İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 36500 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X2 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq edilmiş müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə görə həmin borcu xx xxxxxx 2018-ci il tarixədək qaytarmağı öhdələrinə götürmüşlər. Lakin müddət bitdikdən sonra cavabdehlərdən pulunu tələb etsə də, ona olan borclarını qaytarmamış, əvəzinə borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişlər. Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(011)-5085/2019 saylı qətnaməsi ilə iddia təmin olunmamış, həmin qətnamədən iddiaçı tərəfindən apelyasiya və kassasiya şikayətləri verilmiş, şikayətləri təmin edilməmişdir. Hazırda pulunu tələb etsə də, müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınırlar. Cavabdehlərin hərəkətlərini qanunsuz hesab etdiyindən məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, cavabdehlərdən 36500 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 iştirakı ilə İddiaçı pul borcu olmamasına baxmayaraq, iddiaçının onlara qarşı göstərdiyi təzyiqlərə və hədə-qorxulara məruz qaldıqlarına görə xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 6 saylı notarial kontorunda sonuncuya 36500 manat məbləğində borcun olması barədə “Borcun etirafı haqqında” formal müqavilə bağlamışlar. Müqavilə bağlamaqlarına əsas səbəb həyat yoldaşı Daşdəmir Məmmədovun heç bir günahı olmadığı halda cavabdehin səyi nəticəsində həbs edilməsi olmuşdur. Belə ki, Daşdəmir Məmmədov 25 ildən artıq qanun əsasında metal alqı-satqısı ilə məşğul olur, metalı Gürcüstan, Qazaxıstan və Rusiya Federasiyasından gətirirdi. İş prosesində Daşdəmir Vasif adlı tanışının vasitəsilə onunla tanış olub. Söhbət zamanı Qaşım Rzayev özü təklif edibki, o da bu işə qoşulmaq istəyir. Bu məsələdən bir müddət keçdikdən sonra Qasım Daşdəmiri xəbərdar etmədən Qazaxıstan Respublikasından işlənmiş metal məmulatları gətizdirib və onların satışına kömək etməyi Daşdəmirdən xahiş edib. Daşdəmir mallara baxarkən onların tam yararsız olmasını aşkar edib və bu barədə cavabdehə öz fikrini bildirib. Cavabdehin çox xahiş və təkidindən sonra Daşdəmir öz vəsaiti hesabına həmin zay malların bir hissəsini təmizlətməyə və yararlı hala salmağa razılıq verib. Bu proses həyata keçirilərkən tamahını cilovlaya bilməyən İddiaçı Qazaxıtan Respublikasından yenə də Bakıya işlənmiş metal məmulatları gətizdirib. Birinci partiyada gətirilən mallar kimi ikinci partiya gələn mallar da yararsız olub. Ancaq buna baxmayaraq Daşdəmir həmin malların da satışında Qasıma kömək edib, malları Qasımın iştirakı və razılığına əsasən dediyi qiymətə realizə edib. Satılan malların dəyəri 48 (qırx səkkiz min) manat pulu Qasım özü götürüb. Bu zaman Daşdəmir malları yararlı hala salmaq üçün fəhlələrə verdiyi və s. sərf etdiyi 32 (otuz iki) min manatı ödənməsini cavabdehdən xahiş edib. Qasım ona bildirib ki, pul yoxdur, malları gətirmək üçün digər şəxslərdən aldığı pulları da xərcləyib, pulun əvəzinə mal götür. Daşdəmir 32 min manat dəyərində metal məmulatlarını anbardan götürüb. Sonradan məlum olub ki, anbarda cəmi 50000 (əlli min) manatlıq mal qalıb, cavabdeh isə borclu olduğu şəxslərə bildirir ki, mallar anbardadır, satılanda onların pullarını qaytaracaq. Sonradan işin üstü açıldıqda, iddiaçı böhtan ataraq Daşdəmiri həbs etdirib. Yoldaşı həbsdə olarkən iddiaçı onları məcbur edib ki, borcun etirafı barədə notarial qaydada müqavilə imzalasınlar. O və həyat yoldaşının bacısının əri Cavabdeh2 həmin müqaviləni imzalamışlar. Sonradan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli Qərarı ilə X3 günahsız olduğuna görə həbsdən azad edilmişdir. O cümlədən Daşdəmirin cavabdehə borcu olması barədə iddia tələbi həmin qərarla ləğv edilib. Məhkəmə qərarına məhəl qoymayan İddiaçı 6 saylı Notariat Kontorunun müdiri ilə sövdələşərək “borcun etirafı haqqında” müqavilənin icra qeydinin aparılmasına nail olmuş və bu sənədə əsasən, onlar icra qeydinə əsasən İddiaçı müştərək olaraq olmayan borca görə 36500 manat ödəməlidir. İddiaçı onlara bildirmışdır ki, borc müqaviləsi digər adamlara borcu olduğuna görə, onlara göstərmək üçün lazımdır. Bu səbəbdən onlar inanaraq və etibar edərək, heç bir şeydən şübhələnmədən formal olaraq Bakı şəhəri 6 saylı notariat kontorunda xx xxxxxx 2017-ci il tarixdə “Borcun etirafı haqqında müqavilə” bağlamışlar. Hazırda mübahisələndirdikləri borc müqaviləsinin tam formal olması faktlarla da sübut olunur. Belə ki, borc müqaviləsi üzrə pul ödəməsi aparılmamış, notariusun depozit hesabına müqavilədə göstərilən pul vəsaiti keçirilməmiş və tərəflərindən mövcud olmayan həmin pul məbləği hesabdan çıxarılmamışdır. Bu da müqavilənin formal bağlanmasına bariz sübutdur. Digər tərəfdən imkanlarının son dərəcə ağır olmasını və heç bir yerdə işləmədikləri bildiyi halda iddiaçının onlara külli miqdarda borc pul verməsi absurddur. Qeyd etdiklərinə əsasən o, iddiaçı qismində məhkəməyə müraciət etmişdir. Hazırda bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna verdiyi əlavə kassasiya şikayəti icraatdadır. Qeyd edilənlərə əsasən tam əmindir ki, “Borcun etirafı haqqında” İddiaçılə arasında bağlanmış xx.xx.2017-ci il tarixli borc müqaviləsi Qasımın digər şəxslərə olan borcunu pərdələmək üçün ona təzyiqi nəticəsində bağlanmışdır. Bu isə qanunvericiliyin tələblərinə əsasən yalan əqd hesab edilir. Bu səbəbdən də onun sözügedən borcun etirafına dair müqaviləyə istinad etməsi yolverilməzdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X7 iddia tələbini qəbul etməmiş, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və digər Cavabdeh1 izahatındakı xüsusatları qeyd edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəməyə bildirmişdir ki, onun barəsində İddiaçı şikayəti əsasında cinayət işi açılmış və məhkəmənin hökmü çıxmışdır. Bakı Apellyasiya Məhkəməsində Qasım gələrək ondan şikayətçi olmadığını bildirmişdir. Qasımın şikayətini geri götürməyinin səbəbi yeznəsi Ziyad ilə 5000 manata razılaşması olmuşdur. Həyat yoldaşı və yeznəsi iddiaçı ilə yalandan müqavilə bağlamış, iddiaçı da şikayəti geri götürmüşdür. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2017ci il tarixli 1(101)-806/2017 saylı hökmündən görünür ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 07 il 07 ay müddətinə azadlıqdan məhrum edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixli borcun etirafı haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı 36500 manat borcu olduğunu etiraf etmiş, borcu xx.xx.2018-ci il tarixədək hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11962/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(011)-5085/2019 saylı qətnaməsinə əsasən, Cavabdeh1 cavabdehlər Bakı şəhəri 6 saylı Notariat kontoruna və İddiaçı qarşı xx xxxxxx 2017-ci il tarixli borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1381/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11962/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Məhkəmə iclasında cavabdeh tərəf iddia tələbinə etiraz edərək, mübahisə predmeti olan borcun etirafı müqaviləsinin iddiaçının təzyiqləri nəticəsində formal olaraq bağlandığını bildirərək, iddia tələbinə etiraz etmişlər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli borcun etirafı haqqında müqavilə məhkəmə tərəfindən mübahisələndirilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(011)-5085/2019 saylı qətnaməsi ilə həmin müqavilənin qanuni və əsaslı olduğu müəyyən edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış borcun etirafı haqqında müqaviləsinin qanuniliyi artıq müəyyən olunmuş və bu barədə cavabdehlərin etirazı əsassız hesab edilməlidir. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə İddiaçı olan borc 36500 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdehlər müqavilə üzrəöhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək 36500 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 36500 (otuz altı min beş yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar