Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3081/2021 16.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Bakı şəhəri 17 saylı Notariat ofisində 14 mart 2020-ci il tarixdə bağlanmış ‘‘avtomaşının ilkin alqı-satqı müqaviləsi"nin ləğv edilməsi, həmin müqaviləyə əsasən ona ödəməli olan 10 ay, aylıq 666 manat olmaqla, ümumilikdə 6600 manat aylıq ödəniş məbləğinin və 1998ci il buraxılışlı, **-FP-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C220 CDİ” minik markalı avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 3000 manat pulun, eləcə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında Bakı şəhəri 17 saylı Notariat ofisində 14 mart 2020-ci il tarixdə bağlanmış “avtomaşının ilkin alqı-satqı müqaviləsi”nə əsasən o, mülkiyyətində olan, 1998-ci il buraxılışlı, **-FP-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C220 CDİ” minik markalı avtomobili satış dəyəri 16000 manat müəyyən edilməklə, avtomobilin dəyərini 24 ay ərzində, hər ayın 20-si aylıq 666 manat olmaqla hissə-hissə ödəmək şərtilə Cavabdeh satmışdır. Cavabdeh müqavilə şərtlərini pozaraq, 14 mart 2020-ci il tarixdən 05 yanvar 2021-ci il tarixə kimi avtomobilimi istifadə etməsinə baxmayaraq, aylıq ödənişlər etməmiş, həmçinin avtomobilini yararsız vəziyyətdə salaraq ona 3000 manat maddi ziyan vurmuşdur. Avtomobilimin təmir xərçi ümumilikdə 3000 manatdan artıqdır. Müqavilə şərtlərini pozmasına görə müqavilənin ləğv edilməsi və sözügedən pul məbləğlərinin ona ödənilməsi barədə Cavabdeh dəfələrlə müraciət etməsinə baxmayaraq, müsbət nəticə əldə edə biməmişdir. Yazdığı pretenziya məktubuna da heç bir cavab verməmişdir. Bu səbəbdən də hesab etmişdir ki, aralarında yaranan mübahisə məhkəmə qaydasında həll edilməli, onunla Cavabdeh arasında 14 mart 2020-ci il tarixdə bağlanmış “avtomaşının ilkin alqı-satqı müqaviləsi” ləğv edilməli, 14 mart 2020-ci il tarixdən 05 yanvar 2021-ci il tarixə kimi 10 ay ərzində avtomobilimi istifadə etməsinə görə aylıq 666 manat olmaq şərtilə 6660 manat və avtomobilimi yararsız vəziyyətə salmaqla ona vurduğu maddi zərərə görə 3000 manat pul məbləği Cavabdeh alınaraq ona geri qaytarılmaladır. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin qeyd etdi ki, cavabdeh avtomobili ona pis vəziyyətdə qaytarmışdır. Belə ki, avtomobilin qabaq və arxa hissələri vurulmuşdur. Maşının ona qaytarılmasında sonra Elmar adlı şəxsə 20 gün müddətinə idarə edilməsi üçün vermişdir. Cavabdeh tərəfindən ona müqavilə bağlandıqdan sonra 300 manat və 150 manat pul verilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh iddia tələbini qismən etiraf edərək, izahatında bildirmişdir ki, iddiaçı ilə müqavilə bağlandıqda ilkin ödəniş olaraq razılaşdıqları 3000 manatdan ona 2800 manat pul vermiş, 200 manat borclu qalmışdır. Həmin pulu ödədikdən sonra maşının dəyərinin 16 000 manat olmasına dair razılıq əldə edilmişdir. Daha sonra 150 manat, 300 manat da vermişdir. 2020-ci ilin noyabr ayında maşını geri qaytarmışdır. Maşının vurulmasına gəldikdə isə bildirmişdir ki, dəmirçi işləri görülməklə 250 manat rəng işi qalmışdır. Həmçinin qeyd etdi ki, aylıq ödənişlər 2800 manat nəzərə alınmaqla çıxılmalıdır. Hesab etmişdir ki, iddiaçıya 250 manat borcu qalmışdır və o məbləği ödəməyə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında 14.03.2020ci il tarixdə avtomaşının ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 16 000 manat olan “Mercedes Benz C 220” minik markalı ** FP *** qeydiyyat nişanlı avtomobil Cavabdeh nisyə satılmış və cavabdeh 20 ay müddətində ödəniş cədvəli üzrə hər ay 666 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan aktdan görünür ki, “Mercedes Benz C 220” minik markalı ** FP *** qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 3210 manat dəyərində hesablanmışdır. İş materiallarında olan cavabdehə ünvanlanmış pretenziyadan görünür ki, borcun ödənilmədiyi təqdirdə müqavilənin ləğvi, borcun və vurulmuş ziyanın ödənilməsi barədə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış avtomaşının ilkin alqı-satqı müqaviləsinə əsasən avtomobil almış və alğı-satqı müqaviləsi üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin, borc iddiada göstərilən qədər tutulmamalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, 14.03.2020-ci il tarixdə bağlanılan müqaviləyə əsasən öhdəliklər üzrə cavabdeh tərəfindən cəmi 450 manat ödəniş edilmişdir, həmçinin ilkin ödənişin qalığı kimi onun 200 manat borcu qalmaqdadır. Həmçinin müəyyən olundu ki, avtomaşın iddiaçıya 2020-ci ilin noyabr ayında qaytarılmışdır. Bununla da müəyyən olunur ki, avtomobil cəmi 8 ay cavabdehin istifadəsində olmaqla cavabdehin borcu 6660 manat deyil, 5328 manat (8*666=5328), həmin məbləğdən cavabdeh tərəfindən edilmiş cəmi 450 manat ödəniş çıxılmaqla 4878 manat (5328-450=4878) təşkil edir. Məhkəmə həmçinin qeyd edir ki, ilkin ödəniş kimi cavabdeh tərəfindən ödənilməli olduğu 3000 manatdan onun 200 manat borcu qalmasını nəzərə alaraq, cavabdehin iddiaçıya müqavilə üzrə ödəyəcəyi məbləğ 5078 manat (4878+200=5078) müəyyən edilməlidir. İddia tələbinin vurulmuş ziyan olaraq 3000 manatın tutulması hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Zərərin əvəzinin ödənilməsi tələbinin delikt hüququndan irəli gələ bilməsi üçün mütləq cavabdehlərin hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətmələri tələb olunur. Məhkəmə araşdırılması zamanı iddiaçı avtomobilin ona qaytarılarkən yararsız vəziyyətdə olmasını qeyd etsə də, həmçinin izahatında sonradan həmin avtomobilin idarə edilməsi üçün başqa şəxsə verildiyini bildirmişdir. Bununla da, avtomobilin “yararsız vəziyyətdə” olmasına dair təqdim edilmiş qüsur aktında avtomobilə dəymiş ziyanla bağlı müəyyən olunmuş 3210 manatın məhz cavabdehin əməlləri nəticəsində zərər vurulması kimi qiymətləndirilə bilməz. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçının tələbi üzrə istinad etdiyi hallar sübuta yetirilmədiyindən iddiaçının ona dəymiş 3000 manat maddi ziyanın cavabdeh tərəfindən ödənilməli olduğuna dair iddia tələbinin qanuni əsasının (Mülki Məcəllənin 1096-cı maddəsinin) dispozisiya şərtləri mövcud olmadığından həmin əsasın hüquqi nəticəsi də, yəni tələb etmək hüququ da yaranmamışdır. Məhkəmə qeyd edilənləri və cavabdehin vurulmuş ziyana görə 250 manat borcu qəbul etməsini cavabdehin vurduğu ziyanı təsdiq edən sübut kimi qəbul etməklə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cavabadeh tərəf həmin hissədə iddia tələbini qəbul etməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Buna görə də məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməklə 250 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin qalan hissəsinə qiymət verərək hesab edir ki, qalan hissədə iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rüsumunun 20 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10 manat isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı müqavilənin vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14.03.2020-ci il tarixli avtomaşının alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh 5078 manat borc, 250 manat vurulmuş ziyan və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 10 (on) manatı İddiaçı aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14.03.2020-ci il tarixli avtomaşının alqısatqı müqaviləsi ləğv edilsin. Cavabdeh 5078 manat borc, 250 manat vurulmuş ziyan və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 5348 (beş min üç yüz qırx səkkiz) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 10 (on) manatı İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3081/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3081/2021
16.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver